Çirkli pulları Maliyyə Monitorinqi Xidməti yuyacaq
25 fevral 2009 11:30 (UTC +04:00)

Çirkli pulları Maliyyə Monitorinqi Xidməti yuyacaq

Vahid Əhmədov: “İndi Milli Bankın bu işin öhdəsindən gələ biləcəyini güman edirəm”

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqi pulların terrorizmdə istifadə olunmasının qarşısını ala bilər. Ancaq hər şey qanunun necə işləməsindən asılı olacaq.

Bu barədə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov Lent.az-a açıqlamasında məlumat verib. Onun sözlərinə görə, ölkədə çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi Milli Bankın nəzdində Maliyyə Monitorinqi Xidmətinin yaradılması da müsbət haldır.

“Bu iş əvvəllər də Millik Bank tərəfindən müəyyən səviyyədə həyata keçirilirdi. Həmçinin, valyutanın xaricə çıxarılması, onun üzərində nəzarət Milli Banka həvalə olunmuşdu. Ancaq iş elə gətirdi ki, əlavə qanuna ehtiyac yarandı. İndi Milli Bankın bu işin öhdəsindən gələ biləcəyini güman edirəm” - deyə, iqtisadçı millət vəkili bildirib.

Vahid Əhmədov onu da əlavə edib ki, dünyada terrorizmlə əlaqədar çoxlu çirkli pul yuyulur. O cümlədən Qarabağ ərazisində terrorizmlə məşğul olan insanlar və onları maliyyələşdirən qüvvələr var: “Ona görə də belə bir qanunun qəbulu vacib idi. Maliyyə Monitorinqi Xidmətinin prezidentin birbaşa nəzarəti altında olması isə bu işin effektliyini bir qədər də artıracaq”.

Xatırladaq ki, fevralın 24-də prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqinə dair fərman imzalayıb. Qanunun əsas məqsədi terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması nəzarət sistemini təkmilləşdirilməkdir.

Yeri gəlmişkən, belə bir qanun Amerikada 1981-ci ildə qəbul olunub. Məhz bundan sonra ABŞ iqtisadiyyatında sürətli inkişaf dövrü başlayıb. Bir neçə ildən sonra isə Avropanın bir sıra ölkələrində də çirkli pulların yuyulmasına dair müvafiq qanunlar qəbul edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626

Oxşar yazılar