“AzEuroTel” Birgə Müəssisəsi: “Şirkətimiz fəaliyyətini davam etdirir”
24 fevral 2009 10:30 (UTC +04:00)

“AzEuroTel” Birgə Müəssisəsi: “Şirkətimiz fəaliyyətini davam etdirir”

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları (RİTN) Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi (İB) 1 saylı Yerli İqtisad Məhkəməsinin 2009-cu il 20 fevral tarixli qətnaməsinə riayət etmir.

“AzEuroTel” Birgə Müəssisəsinin iddiası əsasında keçirilən məhkəmə iclasının sonunda qəbul olunan qətnaməyə əsasən, «Aztelekom» İB şirkətin idarəetməsində olan 492/497/437 indeksli ATS-lərin istifadəçilərinə göstərilən rabitə xidmətlərini dayandırmamalı, şəhərlərarası və mobil operatorlarla arabağlantı zamanı maneələri aradan qaldırmalı, arabağlantıları tələb olunan həcmdə təmin etməlidir. Bu barədə “APA-ECONOMICS”ə “AzEuroTel” BM-dən məlumat verilib.

Fevralın 23-dən etibarən “Aztelekom” İB ilk öncə təyin etdiyi vaxtı qabaqlayaraq 492/497/437 indeksli ATS-lərin abunəçilərinə Azərbaycanın rayonlarına və mobil rabitə abunəçilərinə çıxış xidmətlərinin göstərilməsini təmin edən kanalları məhdudlaşdırıb.

Bununla bağlı “AzEuroTel” rəsmi şəkildə bildirib ki, ATS 492/497/437 abunəçilərinə Azərbaycanın şəhər və rayonlarına, habelə mobil rabitə abunəçilərinə çıxış xidmətlərinin göstərilməməsinə görə bütün məsuliyyət “Aztelekom”un üzərinə düşür. Bununla yanaşı qeyd olunur ki, “Aztelekom” İB-nin “Azeurotel”ə göstərdiyi rabitə xidmətlərini tam dayandırmağa nə səlahiyyəti, nə də texniki imkanları var. “Aztelekom”un yalnız beynəlxalq, şəhərlərarası və mobil rabitəyə çıxış kanallarını bağlamağa texniki imkanı və səlahiyyəti var, bu da yalnız məhkəmə qərarı əsasında həyata keçirilə bilər”, - deyə birgə müəssisədən bildirilib.

Xatırladaq ki, 2007-2009-cu illər üzrə “Aztelekom” İB-yə 1 mln. manatdan artıq olan borcunu ödəmədiyi üçün 1 saylı Yerli İqtisad Məhkəməsinin dünən verdiyi qərarı ilə həmçinin “AzEuroTel”in bank hesablarına həbs qoyulub. Bununla yanaşı, “AzEuroTel”in qanunsuz beynəlxalq trafik gətirməsi də qadağa edilib.

Bu məsələyə aydınlıq gətirən “AzEuroTel” təmsilçiləri qeyd ediblər ki, şirkət 1997-ci ildə fəaliyyətə başladığı dövrdən indiyədək Rusiyanın “Rostelekom”, Böyük Britaniyanın “British Telecom” və ABŞ-ın “MCI WorldCom” operatorları ilə bağladığı müqavilələr əsasında beynəlxalq giriş-çıxış rabitəsi xidmətləri göstərir.

Beləliklə, Azərbaycanın beynəlxalq rabitə bazarının 3%-i «AzEuroTel» şirkətinin payına düşür və hazırda şirkət bütün dünyada, hətta “Aztelekom” İB-nin özünün təcrübəsindən istifadə edərək beynəlxalq rabitə xidmətlərini İP protokolu vasitəsi ilə göstərir. Qeyd edək ki, hazırda Azərbaycanın beynəlxalq rabitə xidmətlərinin 98%-i İP protokolu əsasında göstərilir, bu da beynəlxalq rabitə xidmətlərini daha aşağı məsrəflərlə abunəçilərə təqdim etmək imkanı yaradır.
”Aztelekom”un səbəb kimi göstərdiyi “AzEuroTel”in qanunsuz beynəlxalq trafik gətirməsi məsələsi ilə bağlı isə xatırlatmaq istərdik ki, Rabitə Nazirliyinin 1996-cı ildə ayırdığı lisenziyaya uyğun olaraq, şirkətimizin yerli telefon şəbəkəsinin yaradılması və istismar edilməsi, peyk rabitəsinin ayrılmış beynəlxalq və şəhərlərarası kanallarının təşkili, telematik rabitə və məlumatların ötürülməsi şəbəkələrinin yaradılması, video-konfrans rabitəsi xidmətlərinin göstərilməsi, danışıq məntəqələrinin təşkili, yeni yerli, şəhərlərarası, beynəlxalq taksofonların quraşdırılması və istismar edilməsinə qanuni icazəsi var. Bu lisenziyanın imkanlarını nəzərə alaraq, şirkətin tətbiq etdiyi WiMAX, Triple Play, IP-telefoniya və digər telematik rabitə və məlumatların ötürülməsi şəbəkələrinin yaradılmasına ixtiyarı var. Şirkətimizin bağlanması ilə bağlı gəzən söz-söhbətlər isə şayiədir və “AzEuroTel” fəaliyyətini davam etdirir. Hazırda məsələ ilə bağlı məsləhətləşmələr aparırıq”, - deyə “AzEuroTel”dən bildirilib.

Bu məsələyə münasibət bildirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmiləri qeyd ediblər ki, bu, iki müstəqil təsərrüfat subyekti arasında baş verən bir mübahisədir: “Onlar bunu məhkəmə qərarları əsasında həll etməlidir, nazirlik bu prosesdə iştirak etmir”.

Xatırladaq ki, “AzEuroTel” BM 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi (50%) və Böyük Britaniyanın “LUKoil Europe Ltd.” (50%) şirkəti tərəfindən təsisi olunub. “AzEuroTel” şirkəti Britaniyanın “GRT Ltd.” şirkətinin “System X” texnologiyası əsasında qurulan müasir rəqəmli 492/497/437 ATS-lərin operatorudur.

“Aztelekom” İstehsalat Birliyindən isə APA-ya bildiriblər ki, bu qurum tərəfindən “AzEuroTel” Birgə Müəssisəsinə şəhərarası və mobil şəbəkə istiqamətlərinə danışıqların aparılması üçün kifayət qədər kanal ayrılıb. Amma “AzEuroTel” həmin kanallardan beynəlxalq trafik ötürməyə cəhd göstərir. Bu da nəticədə onun şəbəkəsində problemlər yaradır. “Aztelekom”dan o da bildirilib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “AzEuroTel”ə beynəlxalq rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1733

Oxşar yazılar