“Aztelekom” “AzEuroTel”u məhkəməyə verib
20 fevral 2009 14:00 (UTC +04:00)

“Aztelekom” “AzEuroTel”u məhkəməyə verib

“Əgər “Aztelekom” rabitə xidmətlərinin göstərilməsini dayandırsa, “AZEuroTel» bununla bağlı əlavə tədbirlər görməyi nəzərdə tutur”.

Bunu APA-ya açıqlamasında “AzEuroTel” Azərbaycan-Britaniya Birgə Müəssisəsinin texniki məsələlər üzrə baş direktor müavini Rizvan Səfərov bildirib. R.Səfərovun sözlərinə görə, məhkəmə qərar verənə qədər “Aztelekom” tərəfindən 497, 492, 437 indeksli telefon stansiyalarına rabitə xidmətlərinin göstərilməsinin dayandırılması düzgün deyil. Şirkət rəsmi hesab edir ki, rabitə xidmətlərinin göstərilməsi dayandırılacağı təqdirdə “AZEuroTel”in bununla bağlı görəcəyi əlavə tədbirlərin nədən ibarət olacağı hələ müəyyənləşdirilməsə də, bu halda şirkət “Aztelekom” İstehsalat Birliyini məhkəməyə verə bilər.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi “AzEuroTel”ə göstərilən bəzi xidmətlərin dayandırılacağını bildirib.

“Aztelekom”dan qeyd ediblər ki, tərəflər arasında mövcud arabağlantı müqaviləsinə əsasən, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, göstərilən rabitə xidmətlərinin dəyəri “AzEuroTel” tərəfindən ödənilmir. “AzEuroTel” fevralın 24-ü saat 12:00-dək ödəniş aparmasa, 492, 497, 437 indeksli telefon stansiyalarının istifadəçilərinə göstərilən rabitə xidmətləri dayandırılacaq və bu ATS-lərin abunəçiləri yalnız öz aralarında bir-biriləri ilə danışa biləcəklər. «Aztelekom»dan buna görə məsuliyyəti «AzEuroTel»in daşıdığını vurğulayır.

R.Səfərov «AzEuroTel» tərəfindən «Aztelekom»a borcların səbəbsiz yaranmadığını söyləyib. Onun sözlərinə görə, «Aztelekom» müqavilənin öhdəliklərini yerinə yetirmədiyi, kanallara məhdudiyyət qoyduğu üçün borclar vaxtında ödənilməyib.

«Aztelekom» İB-nin texniki direktoru Zahir Vəliyev isə «AzEuroTel»in bu iddialarını düzgün saymır. O, APA-ya açıqlamasında bildirib ki, həm indiyə qədər, həm də hazırda da «Aztelekom» tərəfindən «AzEuroTel»ə çox normal trafik ötürülür. Z.Vəliyevin sözlərinə görə, kanallara məhdudiyyət qoyulsaydı, «AzEuroTel» adıçəkilən ATS-lərdə rabitə xidmətləri göstərə bilməzdi.

İB-nin şəhərlərarası və beynəlxalq rabitə şöbəsinin müdiri Həzrətqulu Məmmədov da APA-ya bildirib ki, «Aztelekom» respublika daxilində bütün operatorlara xidmət göstərir və onların heç birinə belə məhdudiyyət qoymayıb: «Bu məsələ kiminsə şəxsi kaprizindən yaranmayıb. Toplanılan borclar geri alınmalıdır. Yeganə tələb də budur ki, «Aztelekom»un göstərdiyi xidmətlərin haqları vaxtında ödənilsin. Bu borclar vaxtında ödənilməyəndə «Aztelekom»un da həll etmək istədiyi məsələlər uzanır».

Qeyd edək ki, APA-nın əldə etdiyi məlumata görə, artıq «Aztelekom» İB «AzEuroTel»in bu quruma olan külli miqdarda borcunun ödənilməsi iddiası ilə Bakı şəhər 1 saylı İqtisad Məhkəməsinə müraciət edib. Martın 4-də bu iddia üzrə məhkəmə baxışı keçiriləcək.
Məlumat üçün bildirək ki, artıq dünən «Aztelekom» «AzEuroTel»ə borclarının ödənilməsi üçün növbəti dəfə xəbərdarlıq edib. Əgər şirkət «Aztelekom»a olan borcunu ödəməsə, fevralın 24-ü saat 12:00-dan «AzEuroTel»in operatoru olduğu 492,497, 437 indeksli ATS-lərdə rabitə xidmətlərinin göstərilməsi dayandırılacaq.
# 1918

Oxşar yazılar