Bakıdan Gürcüstana 45 vaqon yük göndərildi
05 may 2010 16:45 (UTC +04:00)

Bakıdan Gürcüstana 45 vaqon yük göndərildi

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin tikintisində istifadə olunacaq yük Keşlədən yola düşüb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Dəmiryolsçervis” MMC-nin işçi qatarı Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının tikintisində iştirak etmək üçün Gürcüstana yola düşməyə hazırlaşır. Bu gün saat 21.00-da Keşlədən yola salınan qatar Marabda, oradan isə Çxardzma stansiyasına gedəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, yolasalma mərasiminə dəmiryolçular və ictimaiyyət nümayəndələri iştirak edir. Onun sözlərinə görə, Gürcüstana yola heyət əsasən, yol təmirçilərindən, yol ustalarından və maşinistlərdən ibarət olmaqla 60 nəfər təşkil edir. Gürcüstana yola salınan heyətin işinə ümumi rəhbərliyi “Dəmiryolçervis” MMC-nin baş direktoru Əliəşrəf Lütvəlibəyov həyata keçirəcək.

Nadir Əzməmmədov bildirib ki, Gürcüstana göndərilən işçi qatar 45 vaqondan ibarətdir. Qatarın tərkibində təmir-bərpa briqadalarının müvəqqəti məskunlaşması üçün 2 fəhlə vaqonu, su çəni olan bir platforma, bir vaqon alət, 12 vaqon (4580 ədəd) ağac şpal, 14 vaqon (355 ədəd olmaqla 4425 kilometr) R-65 tipli rels, manevr işləri aparmaq üçün 3 ədəd teplovoz, T-130 markalı 2 ədəd buldozer, KDE-161 markalı 2 ədəd dəmir yolu kranı, 4 ton kastil (şpal mıxı), 12 ton calaq boltu, 20 ton D-65 tipli altlıq, DZ-98-B markalı 1 ədəd avtoqreyder və digər yük vaqonları var.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanın xüsusi önəm verdiyi beynəlxalq layihələrdən sayılır. Layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eləcə də həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurması üçün böyük imkanlar vəd edir.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı" layihəsi barədə danışıqlara 1993-cü ilin iyulunda Ankarada keçirilən Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanıb. 2002-ci ilin iyulunda Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə protokol imzalanıb. Həmin protokol layihə üzrə hazırlıq işlərinin görülməsini nəzərdə tuturdu.

Nəhayət, 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan hissəsinin açılışında mühüm bir sənəd də imzalanıb. Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzaladılar. Layihə ilə bağlı danışıqların məntiqi zirvəsi 2007-ci ilin fevralında prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin layihəsinin başlanması ilə bağlı sazişi imzalanması oldu. Elə həmin gün (7 fevral 2007-ci il) Gürcüstan Parlamentinin binasında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədləri imzalanıb. 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda stansiyasında layihənin Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də Türkiyənin Qars şəhərində tikintinin Türkiyə hissəsinin təməlqoyma mərasimi keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının uzunluğu 98 kilometrdir. Bunun 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisində tikiləcək və Azərbaycan sərhədinədək mövcud olan 160 kilometrlik xətt yenidən qurulacaq. Dəmir yolu layihəsinin Gürcüstan hissəsinin tikintisini “Azərinşaatservis” şirkəti həyata keçirir. “Dəmiryolservis” MMC isə bu layihədə podratçı təşkilat kimi iştirak edir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777

Oxşar yazılar