Qazax və Ağstafa rayonları birləşdiriləcək
09 mart 2010 12:00 (UTC +04:00)

Qazax və Ağstafa rayonları birləşdiriləcək

20-dən çox rayon və şəhər mərkəzlərinin yeni baş planı hazırlanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi layihə institutlarına 20-dən çox rayon və şəhər mərkəzinin yeni baş planını hazırlamaq üçün sifariş verib. Artıq bu sifarişlərin bir hissəsi yerinə yetirilib və sənədlər komitəyə təqdim olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Lent.az-a bildiriblər ki, rayonların baş lanının hazırlanması bir neçə layihə qurumları arasında bölüşdürülüb. Bunların arasında Xırdalan, Sumqayıt və Gəncə şəhərləri də var. Rayonlardan 5-nin (Qəbələ, Oğuz, İmişli, Ağstafa və Qazax) baş planını "Azərinşaatlayihə" Dövlət baş Layihə Konstruktor-Texnoloji İnstitutu hazırlayır. Sifariş verilən layihələrin hamısında həm əhalinin artım səviyyəsi, həm də rayon mərkəzlərinin, yerli infrastrukturların sürətli inkişafı əksini tapıb.

"Azərinşaatlayihə" Dövlət baş Layihə Konstruktor-Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev Lent.az-a açıqlamasında onlara sifariş edilən 5 rayonun hər birinin baş planı üzərində işlərin yekunlaşdığını deyib. Onun sözlərinə görə, artıq xəritələşdirmə işləri də başa çatdırılıb. Layihələrin tam dəqiqliklə hazırlanması üçün peyk vasitəsi ilə kosmosdan çəkilən şəkillərdən də istifadə olunub.

Yusif Nağıyev deyib ki, Ağstafanın baş planına əsasən, şəhərin qərb hissəsi ilə yanaşı şərq hissəsi daha sürətlə inkişaf etdiriləcək. İlkin mərhələdə şəhərdə fəaliyyət göstərən, lakin istismar müddəti bitmiş müəssisələr kənara köçürüləcək. Sənaye müəssisələri üçün xüsusi ərazilər də ayrılıb. Əhalinin artım tempini nəzərə alaraq yeni yaşayış və turizm mərkəzləri də tikiləcək.

Qazax rayonuna gəlincə, burada həyata keçirilən ən böyük işlərdən biri Qazax-Gürcüstan magistral yolunun şəhərdən kənara çıxarılmasını nəzərdə tutur. Qazax şəhəri ərazisində iri zavodların tikintisi planlaşdırılıb. Layihəyə uyğun olaraq, yaxın gələcəkdə Ağstafa və Qazax rayonları birləşdiriləcək. Hər iki rayonda əhalinin artım səviyyəsi və şəhər iqtisadiyyatının sürətli inkişafı birləşməni reallaşdıracaq əsas amil hesab olunur. Qəbələ, Oğuz, İmişli şəhərlərinin baş planında isə əsasən turizm mərkəzlərinin inkişaf etdirilməsi nəzərdə tutulub.

Yusif Nağıyev bildirib ki, layihələrdə yeni tikililərlə yanaşı, sənaye zonası, dəmir və avtomobil yolları tam əhatə olunub. Onun sözlərinə görə, bu ildən reallaşdırılacaq baş planın layihələri müvafiq dövlət qurumları ilə razılaşdırılıb: “Bütün təşkilatların razılığını almışıq və onlar layihələrə öz rəylərini veriblər. Yalnız 2 dövlət qurumundan – Səhiyyə Nazirliyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəy alınmayıb. Onlardan isə bu gün və sabah razılıq alınmalıdır və bundan sonra layihələrin reallaşması üçün biz bütün sənədləri təhvil verəcəyik”.

İnstitutun direktoru qeyd edib ki, yeni baş planın icrasının 2035-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200

Oxşar yazılar