“Bir pəncərə”nin tətbiqi bəhrəsini verir
05 fevral 2010 11:00 (UTC +04:00)

“Bir pəncərə”nin tətbiqi bəhrəsini verir

Yeni qaydaların tətbiqindən sonra biznes qurumlarının qeydiyyatı 30 faiz artıb

Azərbaycanda “bir pəncərə” sisteminin tətbiqindən yeni biznes qurumlarının qeydiyyatı 30 faiz artıb. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və müxtəlif orqanların nümayəndələrindən ibarət yaradılmış işçi qrupu apardığı araşdırmalardan sonra bu nəticəyə gəlib.

Korporasiyanın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a bildiriblər ki, araşdırmanın əsas məqsədi yeni qaydaların tətbiqi ilə bağlı hər hansı regional fərqləri və Azərbaycanda şirkəti qeydiyyatdan keçirmək üçün mövcud olan digər maneələri aşkarlayaraq, yeni sistemin effektini qiymətləndirməkdir. 2009-cu ilin avqust-oktyabr aylarında aparılmış araşdırmada 2008-ci ilin yanvar ayında etibarən qeydiyyatdan keçmiş kiçik və orta müəssisələrdən nümunə kimi istifadə edilib.

Araşdırma islahatlar nəticəsində hüquqi şəxslərin şirkəti qeydiyyatdan keçirmək üçün iki dəfə az xərc çəkdiklərini və bunun üçün tələb olunan günlərin sayının dördə düşdüyünü göstərir. Belə ki, fərdi şəxslərin qeydiyyatla bağlı xərcləri orta hesabla 270 manatdan 20 manata düşüb. Qeydiyyat üçün tələb olunan günlərin sayı 3 dəfə azalıb. Yeni sistem qüvvəyə mindiyi gündən 2009-cu ilin iyul ayınadək bütün sahibkarlar (hüquqi və fiziki şəxslər) üzrə qənaətlər orta hesabla 19 milyon manat təşkil edib. İşçi qrupu və IFC-nin ekspertləri birgə olaraq yeni sistemi qeydiyyat üzrə ən qabaqcıl təcrübələrə uyğunlaşdırmaq məqsədilə onun daha da təkmilləşdirilməsinə dair Vergilər Nazirliyinə öz tövsiyələrini veriblər.

Vergilər Nazirliyinin departament müdiri Rauf Namazov araşdırmaların nəticələrin əsaslanaraq deyib ki, “bir pəncərə” sistemi tətbiq ediləndən biznes qeydiyyatı prosesi mühüm dərəcədə sadələşib: “IFC-nin bu sahədə köməyi çox lazımlıdır və ölkədə biznes qeydiyyatı prosesinin daha da təkmilləşdirilməsi istiqamətində əməkdaşlığımızı davam etdirmək bizim üçün çox xoşdur.”

Xatırladaq ki, qeydiyyatı sisteminin araşdırılması Dünya Bankı Qrupunun İnvestisiya Mühitinin Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsinin təşəbbüsüdür və onun BP və onun partnyorları tərəfindən dəstəklənən imkanların artırılması komponentidir. Bu komponentin məqsədi IFC-nin tədqiqatların aparılması metodologiyasının investisiya mühitinə ötürülməsidir. Müxtəlif təşkilatların nümayəndələrindən təşkil olunan işçi qrupu və IFC tərəfindən hazırlanmış bu araşdırmada əsas diqqət 1 yanvar 2008-ci il tarixindən qüvvədə olan “bir pəncərə” sisteminin tətbiqinə və təsirinə verilib.

2009-cu ilin avqust ayından Dünya Bankı qrupunun üzvü olan İFC, İsveçrə Hökuməti və tərəfdaşları adından BP şirkəti ilə birgə Azərbaycanda İnvestisiya Mühitinin Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsinə başlayıb. Beş illik proqram Azərbaycan hökumətinin sahibkarlar üçün biznes mühitinin yaxşılaşdırılması vasitəsilə davamlı və hərtərəfli iqtisadi artımı təmin etmək səylərinə dəstək məqsədi güdür. Layihənin əsas məqsədlərinə sahibkarlıq fəaliyyətinə dair tənzimləyici maneələrin azaldılması, kiçik və orta sahibkarlıq sektorunda sorğu keçirməklə biznes mühitin monitorinqi, məlumatlandırma və təbliğat işlərinin aparılması vasitəsi ilə sahibkarların hüquqi biliklərinin artırılması da daxildir.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar