İpoteka Fondu 3 milyon manatlıq istiqrazını hərraca çıxarır
08 yanvar 2010 15:15 (UTC +04:00)

İpoteka Fondu 3 milyon manatlıq istiqrazını hərraca çıxarır

Yanvarın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. Hərraca 3 milyon manat həcmində istiqraz çıxarılacaq.

Fondun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, istiqrazlar cari qiymətlə (100,2417) satışa çıxarılacaq. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

İstiqrazların ödənmə tarixi 10 may 2016-cı ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirakçı təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti ötən il mayın 29-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 milyon manatdır. Bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə gəlirlilik 3 faiz təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Azərbaycan İpoteka Fondunda bildirirlər ki, bu istiqrazların yerləşdirilməsinə ötən il iyunun 16-dan başlanıb. İndiyədək hərraca 49 milyon manat həcmində istiqraz yerləşdirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar