Bələdiyyə institutu: nələri etmişik, nələri etməliyik?
25 dekabr 2009 11:40 (UTC +04:00)

Bələdiyyə institutu: nələri etmişik, nələri etməliyik?

İctimaiyyətin nümayəndələri yerli özünü idarəetmə orqanlarının fəaliyyətindən narazıdır

Bu gün Bakıda “Azərbaycanda bələdiyyələrin 10 illik fəaliyyətinə baxış: nələri etmişik, nələri etməliyik?” mövzusunda dəyirmi masa keçirilib. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) “Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil etdiyi tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, siyasi partiya və QHT təmsilçiləri, tanınmış ictimai xadimlər və ekspertlər iştirak edib.

Lent.az-ın məlumatına görə, tədbirdə İTYİB-in sədri Azər Mehtiyev layihə çərçivəsində üç il ərzində yerli özünü idarənin problemlərinə dair 10-dan çox debat təşkil etdiklərini bildirib. O qeyd edib ki, bu debatların məqsədi Azərbaycanda yerli özünüidarəetmə sahəsində mövcud problemlərin aşkarlanması, müxtəlif fikirlərin, rəylərin və baxışların səslənməsi və müzakirələr vasitəsilə onlara ictimai diqqətin artırılmasıdır.

Birliyin eksperti Samir Əliyev isə Azərbaycanda yerli özünü idarənin 10 illik fəaliyyətini qiymətləndirmək üçün 25 respondent arasında apardıqları ekspert sorğusunun nəticələrini iştirakçıların diqqətinə çatdırıb. Onun sözlərinə görə, respondentlər 4 qrupu əhatə edib. Respondentlərin 24 faizini millət vəkilləri, 16 faizini QHT nümayəndələri və müstəqil ekspertlər, 40 faizini bələdiyyə üzvləri, 20 faizini KİV nümayəndələri təşkil edib. Dövlət qurumlarının nümayəndələrindən münasibət öyrənmək mümkün olmadığından onların rəyləri sorğuda yer almayıb.

Samir Əliyev deyib ki, rəyi soruşulanların yalnız 4 faizi bələdiyyələrin fəaliyyətindən tam, 44 faizi qismən razı qaldığını, 52 faizi isə ümumiyyətlə, razı qalmadığını qeyd edib. Sorğunun nəticələrinə görə, jurnalistlər, QHT təmsilçiləri və müstəqil ekspertlər birmənalı olaraq bələdiyyələrin fəaliyyətinin onları qane etmədiyini bildiriblər. Millət vəkillərinin yarısı bu fikri dəstəkləyib. Bələdiyyə üzvlərinin isə cəmi 10 faizi vətəndaş cəmiyyəti üzvlərinin və millət vəkillərinin fikirlərini bölüşüb. Sorğuda iştirak edən millət vəkillərinin 50 faizi, bələdiyyə üzvlərinin 80 faizi yerli özünüidarə orqanlarının fəaliyyətindən qismən razı qaldıqlarını bildiriblər. Bələdiyyələrin cəmisi 10 faizi yerli özünü idarənin fəaliyyətindən tam razı qaldığını göstərib.

Sorğuda respondentlərin böyük hissəsi – 80 faizi yerli özünü idarəetmə orqanlarının icra hakimiyyəti orqanlarından asılılığının aradan qaldırılmasının vacibliyini bildirib. Rəyi soruşulanların 76 faizi maliyyə imkanlarının artırılmasını dəstəkləyib. Sorğu iştirakçılarının 72 faizi ixtisaslı kadr hazırlığı problemlərinin, bir o qədər hissəsi də səlahiyyətlərinin azlığı problemlərinin həllini önə çəkib. Respondentlərin 32 faizi vergi dərəcələrinin artırılmasını təklif edib.

“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov isə bildirib ki, Azərbaycanda bələdiyyə institutunun 10 yaşı olmasına baxmayaraq, onların hələ də real səlahiyyətləri yoxdur. O, yerli özünüidarə sisteminin inkişafını əngəlləyən əsas səbəblər kimi bələdiyyələrin səlahiyyətlərinin məhdudluğunu, onların tam və müstəsna səlahiyyətlərə malik olmamasını, yerli idarəetmədə paralelliyin mövcud olmasını, bələdiyyələrin maliyyə və kadr potensialının zəif olmasını, bələdiyyə assosiasiyalarının fəaliyyətinin zəifliyini, Bakı və Gəncə kimi böyük şəhərlərə yerli özünüidarə hüququnun verilməməsini qeyd edib.

Abil Bayramov bələdiyyələrin birləşdirilməsi yolu ilə onların böyüdülməsi istiqamətində atılmış addımı müsbət addım kimi qiymətləndirib. Amma onun fikrincə, bu addım öz-özlüyündə problemləri həll etmək gücündə deyil.

Müsavat partiyasının təmsilçisi Arif Hacıyev isə bildirib ki, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının effektiv fəaliyyəti üçün statusu və səlahiyyətləri dəqiq müəyyənləşdirməyib. Onun fikrincə, ölkədə yerli özünüidarənin formalaşması prosesində də problemlər mövcuddur. “Bilmək olmur bu formalaşma prosesi necə gedir? Davam edir, yoxsa əks proses gedir?” deyən siyasətçi bələdiyyələrin institut kimi formalaşması üçün islahatları aparmağa qadir və arzu edən hakimiyyətin mövcud olmadığını qeyd edib.

Daha sonra AVCİYA-nın eksperti Vüqar Tofiqli, ADP-nin təmsilçisi Taliyət Əliyev, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Eldar İsmayılov və “ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova bələdiyyələrin 10 illik fəaliyyətindən narazılıqlarını ifadə ediblər. Sonuncu daha bədin proqnozla çıxış edib: “Bələdiyyələr bu 10 ildə necə fəaliyyət göstəriblərsə, növbəti 5 ildə də o cür işləyəcəklər. Növbəti 5 ildə hər hansı irəliləyiş gözləməyə dəyməz”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793

Oxşar yazılar