Topaz Premyer Liqasının sonuncu turunda “Bakı” üzərində 3:0 hesablı qələbə sayəsində çempionatın bürünc medallarına sahib çıxan “Qəbələ” klubunun prezidenti Tale Heydərov mükafatlandırma mərasimindən sonra apasport.az saytına müsahibəsində komandanın başa çatan mövsümdəki çıxışını dəyərləndirib.
- Komandanız ötən il olduğu kimi, mövsümü yenə üçüncü pillədə başa vurdu. Çempionatın yekunu ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...
- Komanda tələb olunan minimum vəzifənin öhdəsindən gəldi və mövsümü üçüncü pillədə başa vurdu. Təbii ki, bu, sevindirici haldı. Növbəti mövsümdə hədəf çempion olmaqdı, qızıl medallar uğrunda mübarizə aparacağıq. Məşqçi və futbolçu heyəti ilə buna nail olacağımıza ümid edirəm.
- Baş məşqçi Roman Qriqorçukun fəaliyyətinin sizi qane etdiyini söyləmək olarmı?
- Bəli, qane edir. İlk oyunlarda müəyyən çətinliklər oldu, uğursuzluq yaşadıq. Ancaq sonradan komandamız məğlubiyyətsiz oyunlar seriyası yaxaladı və bunu davam etdirdi. Oyun üslubundan razıyam. Çünki komanda mən istəyən üslubda çıxış edir. Bunu davam etdirməsini istərdim.
- Qarşıda Avropa Liqasının oyunları var. Bu dəfə uğurlu çıxış etmək üçün heyəti gücləndirməyi düşünürsünüzmü?
- Bir neçə futbolçunu komandaya dəvət etmək istiqamətində işlər görülür. Təbii ki, yollarımızı ayırdığımız futbolçular da olacaq. Yeni heyətlə bir neçə mərhələ keçmək istəyirik.
- Əsas stadionun inşası ilə bağlı hansı planlarınız var? Yoxsa bununla kifayətlənəcəksiniz?
- Tələbat olduğu yerdə böyük stadionlar tikilir. Hazırkı stadionumuz bizi qane edir. Azarkeşlərimiz üçün kifayət qədər yerimiz var. Ehtiyac olacağı halda, stadionu böyütmək haqda qərar verəcəyik.