Sərdar Cəlaloğlu: “Bekhem biznesmendir” - MÜSAHİBƏ
10 iyun 2013 18:50 (UTC +04:00)

Sərdar Cəlaloğlu: “Bekhem biznesmendir” - MÜSAHİBƏ

 “Məşhur fanatlar”ın budəfəki qonağı kimi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu seçdik. Sərdar bəy hər zaman bu və ya digər hadisəyə fərqli yanaşması ilə seçilən insanlardandır. Elə “Məşhur fanatlar” barədə söhbət açmışdım ki...dərhal da reaksiya gəldi. Və beləcə müsahibə almaqdan daha çox, Sərdar bəylə diskussiyaya girməli olduq:

 

- Uşaqlıqda çox zəif idim. Ona görə də idmana meylli olmamışam. Həm də bacarığım olmayıb. Uşaqlar futbol, voleybol oynayanda, mən oxumağa daha çox meylli idim. Həm də vaxtım olmurdu. Amma sonralar səhhətimlə bağlı üzgüçülüyə meyl etdim. İndi də yalnız üzgüçülüklə məşğulam. Hər gün üzürəm.

 

 

“Peşəkar idmanın əleyhinəyəm”

 

 

 

- Bəs sizə idman yarışlarını izləmək nə dərəcədə maraqlı gəlib?

 

- Hansısa idman yarışını izləməyə getmirəm. Amma televiziya vasitəsilə maraqlı futbol, güləş, qaydasız döyüş, sumo görüşlərinə ardıcıl yox, epizodik baxıram. İdmanı, idman dünyasını izləyən deyiləm. Çünki xalqı siyasi həyatdan uzaqlaşdıran vasitələrdən biri də idman azarkeşliyidir. Hətta bu gün idman yarışları artıq üsyan və inqilab müstəvisinə keçib. Bəzən elə olur ki, 10-15 insan ölür, dağıntılar baş verir. Əslində idman - destruktivliyin mərkəzləşdiyi bir sahədir. Mən idmanın ictimaiyyətin diqqət mərkəzinə bu dərəcədə gətirilməsinin qəti əleyhinəyəm. Amma fiziki sağlamlığın ictimaiyyətə geniş çatdırılmasının tərəfdarıyam. Bizə peşəkar idmandan daha çox kütləvi, qeyri-peşəkar idman lazımdır. Mən peşəkar idmanın əleyhinəyəm, amma qeyri-peşəkar, kütləvi idmanın tərəfdarıyam.

 

- Demək, stadionlara və ya digər arenalara getmirsiniz...

 

- Xeyr, getmirəm.

 

- O zaman sizi fanat da saymaq olmaz...

 

- Qətiyyən! Ümumiyyətlə, fanat nə deməkdir? Fanatlığın özü şəxsiyyətin komplekslərindən biridir. Artistə, idmançıya vurulmaq, həyatını ona qurban vermək... Fanat bunlara deyirlər də... Özünə hörmət edən adam fanat rolunda çıxış etməməlidir. Fanat sözü fanatizmin kökündə durur. Fanatizm isə həmişə pik mənada işlənən, xurafatlıqla, ehkamlıqla bağlı məsələdir. Bu baxımdan, mən fanatlığı düzgün hesab etmirəm.

 

- “Məşhur fanat” layihəsinin qonağı idmana marağı olan tanınmış şəxslərdən seçilir. Biz də sizi idmana böyük marağı olan siyasətçi kimi tanıyırdıq...

 

- Axı məşhur şəxsiyyət necə fanat ola bilər? Şəxsiyyətin məşhurluğu onun özünün fanatlarının olması ilə bağlıdır. Əgər bunun özü fanatdırsa, məşhur şəxsiyyət ola bilməz axı... Artistin, idmançının, komandanın fanatları ola bilər. Yəni, insanlar maraqlarına görə o məşhurların ətrafında birləşirlər. Amma birləşdirici adamın özü də fanatdırsa, demək, məşhur deyil.

 

 

 

- Fikirləriniz maraqlı olduğu qədər də mübahisəlidir. Hətta məşhur idmançının digər növə azarkeşlik etdiyinə dair nümunələr var...

 

- Bu, ola bilməz. Kimi misal çəkə bilərsiniz? Elə bir futbolçu və ya boksçunu deyə bilərsinizmi ki, məşhur voleybolçu və ya basketbolçuya azarkeşlik etsin? O adamın özü idman sahəsində məşhur olmaq istəyirsə və ya fanatlara malikdirsə, heç vaxt başqasına fanat ola bilməz. Fanatın fanatı... Belə şey olar?

 

Anqoladan, İspaniyadan futbolçu gətirib, komandanın adını “Xəzər” qoyursansa...”

 

 

- Devid Bekhemi tanıyırsınız?

 

- Bəli.

 

- Bekhem bu yaxınlarda ABŞ Milli Basketbol Assosiasiyasında keçirilən oyuna özünü çatdırmaq üçün hava limanından arenaya yol polislərinin müşayiəti altında yollanıb...

 

- Maraqlansanız, görərsiniz ki, o, fanat kimi yox, həmin basketbolçularla, həmin komanda ilə hansısa  başqa bir əlaqələri səbəbindən özünü arenaya tez çatdırıb. Bilirsiniz ki, o, məşhur biznesmendir. Vəsaitinin bir hissəsini biznesə yönəldib. Müəyyən əlaqələri var. Özünün şəxsi maraqları ilə bağlı ola bilər. Amma bu, onun fanatlığından irəli gəlmir. Bütün dünya ona sitayiş elədiyi vaxtda özünün başqasına azarkeşlik etməsi gülünc bir şeydir. Mən belə başa düşürəm ki, bu adam futbol sahəsində bu qədər yüksəklərə qalxıbsa, başqa bir məşhura azarkeşlik edə bilməz. Ola bilsin, dostudur və ya hansısa maraqlar baxımından bir komandanı dəstəkləyir. Məşhur insanların yarışlara getməsi, müəyyən komandaları dəstəkləməsi, əslində, o adamın imicini artırmaq, gücləndirmək üçün də bir vasitədir. Amma onun özü fanat ola bilməz.

 

- Azərbaycanın futbol komandalarının oyunları ilə maraqlanırsınız?

 

- O səviyyədə yox. Əvvəla, klub futbolu idman yox, bir biznesdir. Məsələn, bir futbolçunu Anqoladan, digərini İspaniyadan gətirərək, komandanın adını “Xəzər” qoyursansa, bunlar bəzi insanların idman formasında biznesidir. Amma milli komanda olsa, məni maraqlandırar ki, azərbaycanlının nə dərəcədə futbol istedadı var. Yoxsa klubla niyə mən maraqlanmalıyam. Türkiyə, Azərbaycan yığmaları oynayanda baxıram,. Amma klubların mübarizəsini izləmirəm.

 

-  Partiya liderləri olan həmkarlarınız arasında stadionlara gedərək, oyunlara azarkeşlik edənlər yetərincədir...

 

- Son zamanlar idman biznes çərçivəsindən çıxaraq siyasi alətə çevrilməkdədir. Bir tərəfdən, idman siyasi idarəetmədə bir vasitədir, digər tərəfdən, bəziləri özlərinə divident toplamaq üçün müəyyən fanatlara qoşulurlar. Əslində milli komanda, klublara azarkeşliyin arxasında siyasi niyyətlər var. Digər tərəfdən, bu, o demək deyil ki, biri digərinin həyat tərzini təkrarlamalıdır. Mən də rəqs sərgiləri, ədəbiyyat, tarix, elmlə bağlı tədbirlərin heç birini buraxmaram. İdmana azarkeşlik başqa heç nəyə baxmadığım anlamına gəlməməlidir. Mənim də öz maraq dairəm var. Amma peşəkar idmanda biz sadəcə, robotları görürük. Ona görə də az şey qazanırıq. Məsələn, Türkiyədə “Survivor” yarışlarını xeyli insan izləyir. Bu cür yarışlarda insanın özünü necə ifadə etməsi, şəxsi gücünü necə eşiyə çıxarması məlum olur. Amma klassik idman yarışlarında dediyimiz keyfiyyətlərin heç biri inkişaf etmir. Bu da tamaşaçıya az şey verir. Ona görə də belə yarışlarda uduzan komandanın azarkeşlərində ya kütləvi depressiya, ya da aqressivlik olur. Aqressiya isə insanları vəhşiləşdirir. Başqa sözlə, peşəkar idman insanları vəhşiləşdirir.

 

- Bu yaxınlarda “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilmiş Azərbaycan Kubokunun final matçından sonra baş verənlərdən xəbəriniz oldu?

 

- Bəli. Belə faktlar göstərir ki, idman insanlarda destruktivliyi artırır. Destruktivlik bizim vəhşi təbiətimizdən gələn “keyfiyyətdir”. Yəni, səni insanlıqdan çıxarıb öz təbii vəziyyətinə qaytarır. Belə bir şeyin nəyi yaxşı ola bilər? Getdikcə bu təhlükə artır. Dünyada idman yarışları, ictimai, siyasi etirazlarda meydana çıxan destruktivlər sıx, intensiv və ardıcıl baş verir. Bu isə idmanın belə formada inkişafının gələcəkdə idmanın ciddi ictimai-siyasi faktora çevriləcəyini göstərir. Bunları düzgün dəyərləndirməyimiz lazımdır.

 

- Axı insanlar öz aralarında hansısa yarış keçirməlidirlər...

 

- Qoy, bilik yarışı keçirsinlər də... Mən idman yarışının yox, fanatizmin əleyhinəyəm. Bəzi insanlar var ki, yarışlar vaxtı özlərini unudur, şəxsiyyətini təhvil verirlər. Bilmirlər ki, nəyin üstündə adam öldürürlər. Məsələn, bu yaxınlarda Türkiyədə “Qalatasaray” azarkeşləri “Fənərbağça” tərəfdarını dayanacaqda qatar gözlədiyi vaxt bıçaqlayaraq öldürmüşdülər. Məgər idman buna xidmət etməlidir? Biz fanat yox, azad insan yetişdirməliyik. Biz hər bir insana öz kimliyini qabartmağa çalışmalıyıq ki, insanın sosial rolu meydana çıxsın. Kütlə psixologiyası insanları kütləyə çevirdiyi kimi, idman da ən müxtəlif sosial dəyər daşıyıcılarını ən aşağı səviyyədə birləşdirərək, destruktiv kütləyə çevirir.

 

 

“Olimpiada mədəni yarışdır”

 

 

- Elə isə niyə partiyanızın ofisində “Futbol+” qəzetinin nəşri əleyhinə çıxmırsınız?

 

- Mən idmanın təbliği, idmanla məşğuliyyətin əleyhinə deyiləm. Bir var 12 nəfər idmanla məşğuldur, onları 100 min insan izləyir. Bir də var 100 min nəfər idmanla məşğuldur, onlara 12 nəfər tamaşa edir. Mən deyirəm ki, idmanla hər bir adam məşğul olmalıdır. Mən deyirəm ki, klublar, qumar, siyasi oyunlar üçün idman bir vasitədir. Əslində isə idman məqsəd olmalıdır. Yəni, insan idmanla məşğul olduqda özünün fiziki sağlamlığını qorumalıdır. İdman fiziki sağlamlıq funksiyasından keçib pul gətirmək, komanda düzəltmək və ya siyasi məqsədlərə xidmət edirsə, bu, artıq idman deyil.

 

- Sizcə, bu qəzet nədən yazmalıdır?

 

- Elə bu problemlərdən. Heç bir şey 100 faiz xeyrli deyil. Nə də 100 faiz ziyanlı sayılmır. İdman da tam Xeyir və tam Şər sayıla bilməz. Bu cür qəzetlərin məqsədi idmanın ziyanlı və xeyirli tərəflərini göstərməkdən ibarətdir. Atom bombasının da xeyirli və ziyanlı tərəfləri mövcuddur. 2 ildən çoxdur ki, idmana gedirəm. Hər gün dayanmadan 2 km-dək üzürəm. İdmana gedəndən sonra özümü həddən artıq sağlam hiss edirəm, enerjimi bərpa etmişəm, yorğunluğum qalxıb, düşüncəm çox itiləşib. Yəni, mən idmanın mənə bu qədər yaxşı təsirini görə-görə istərdim ki, bütün xalq idmanla məşğul olsun. Xalqın kütləvi ətalətdə olması, ədalətsizliklə mübarizə aparmamasının səbəblərindən biri də onların böyük hissəsinin idmanla məşğul olmaması ilə əlaqədardır. Əgər onlar idmanla məşğul olarlarsa, fəallıqları daha da artar. Çünki idman insanı fəallaşdırır. Amma bunu o dərəcədə fəallaşdırmaq olmaz ki, destruktivliyə çıxsın. Adicə futbol oyunu vaxtı meydanda bir-birini öldürürlər. Burada məqsəd idman deyil, pul qazanmaqdır. Milli komanda oynayırsa, siyasi məqsəd güdülür. Prezidentlər niyə hər gün gedib idmana baxmır, yalnız milli komandalar birinci yeri tutanda izləyirlər? Çünki ölkənin bayrağı yüksəlir. Kimin bayrağı daha yüksəyə qalxacaq... Bu, məsələnin siyasi tərəfidir və biz də alqışlayırıq. Amma bütünlüklə əhalini fanata çevirmək çox təhlükəli, arzuolunmazdır.

 

- Bəs olimpiadaları izləyirsiniz?

 

- Olimpiada məhz mən dediyim idmandır, peşəkar idman deyil. Daha çox mədəni, mənəvi bir yarışdır. Olimpiada bəşər mədəniyyəti, bəşər tarixinin bir nailiyyətidir. Olimpiya Oyunları ilə digər oyunlar çox fərqlənirlər. Olimpiadalarda təşkilatçılıq, idman növlərinin seçilməsi, qaydalar özlərinin aliliyi, yüksək səviyyəsi ilə fərqlənir. Ona görə də mən olimpiadaları həmişə izləyirəm.

 

- Demək, 2016-cı ildə futbol üzrə Avropa çempionatını yox, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını izləyəcəksiniz...

 

- Bəli, olimpiadanı izləyəcəyəm. Hətta imkan olsa, canlı izləməyə də gedərəm. Olimpiya fəlsəfəsi də, qaydaları da çox müsbətdir. Sonradan peşəkar idman olimpiadadan ayrılıb, getdikcə çox ziyanlı və təhlükəli sosial faktora çevrilməyə başlayıb. Bəzən futbol yarışlarında insanlara siyasi hadisələrdən, çaxnaşmalardan daha çox maddi və fiziki ziyan dəyir. Onlarla insan ölür, yaralananlar olur, vandalizm olur. Mən idmanın bu istiqamətdə inkişafının mənfi tərəflərini çatdırmaq istəyirəm. Yəni, idman yalnız bizim düşündüyümüz kimi gözəllik deyil. Həm də çirkinlikdir. İdmanda çirkinliklər olmamalıdır. Bunun üçün olimpiya ruhu hakim olmalıdır. Olimpiadada məqsəd yarışdır. Amma peşəkar idmanda məqsəd başqadır. Yarış başqa şeydir, düşmənçiliklə rəqabət başqa. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545
avatar

Oxşar yazılar