Azərbaycan millisi sabah 2015-ci ildə ilk matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşacaqlar.
Bu görüş qeyri-rəsmi xarakter daşısa da, xorvatiyalı mütəxəssis üçün postunda ilk matç olacaq. Çempionlar Liqasının 1/8 final mərhələsinin iştirakçısı ilə duel Prosineçki üçün “siftə” baxımından önəmli olsa da, yığmamız qarşılaşmaya optimal heyətlə çıxa bilməyəcək.
Məsələ ondadır ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində baş tutacaq yeganə qarşılaşma FİFA-nın rəsmi oyunlar üçün pəncərəsinə daxil deyil. Bu üzdən də ölkə xaricində çıxış edən legionerlərdən heç biri milliyə gələ bilməyib. Yeganə istisna Emil Balayev isə Almaniya “Ayntraxt”ında 3-cü qapıçı olduğundan heç “18-liy”ə düşə bilmir. Bunun nəticəsidir ki, Bundesliqa təmsilçisi onun yığmaya gəlməsinə əngəl törətməyib.
Bu azmış kimi, Topaz Premyer Liqasının III turunun təxirə salınan və sabah keçiriləcək oyununda qarşılaşacaq AZAL və “Neftçi”nin üzvləri də yığmada təmsil olunmayıb. Üstəlik, Prosineçki adlı-sanlı rəqib önünə Rəşad Sadıqovsuz çıxacaq. Zədə üzündən fərdi məşq edən kapitan start heyətdən kənarda qalıb.
Millimizdən fərqli, “Şaxtyor” daha yaxşı durumdadı. Mirça Luçesku toplanışa apardığı əsas heyətlə Almaniya “Bavariya”sı ilə Münhendəki cavab matçına hazırlaşır. Evdə qolsuz bərabərliklə kifayətlənən ukraynalılar məsul oyun ərəfəsində çıxacağı son sınaqda müsbət nəticə əldə etmək əzmindədir. Çünki Münhendəki qarşılaşmaya yaxşı əhval-ruhiyyədə yollanmaq üçün toplanışı qələbəylə başa vurmaq lazımdır. Antalya toplanışında keçirdiyi hər 3 qarşılaşmada qalib gələn ukraynalılar bu uğurlu seriyanı millimizlə görüşdə də davam etdirmək istəyindədir.
Qeyd edək ki, “Şaxtyor”la matç AVRO-2016-nın martın 28-də Maltaya qarşı Bakıda keçiriləcək seçmə oyununa hazırlıq xarakteri daşıyır.
Yoxlama oyunu
24 fevral
19:00. AZƏRBAYCAN – “Şaxtyor” (Ukrayna)
Antalya (Türkiyə). “Mardan” stadionu