Keçmiş FİFA referisi Valentin İvanov azərbaycanlı hakimlər üçün seminar keçirəcək. Bu haqda Lent.az-a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
O bildirib ki, seminar hakimlərimizin gələn ay Türkiyənin Antalya şəhərində keçirəcəyi təlim-məşq toplantısı zamanı baş tutacaq. İvanov yanvarın 15-də start götürəcək toplanışa FİFA xətti ilə gələcək. Onun dərsləri təlimlərin ilk 5 gününü əhatə edəcək. Yanvarın 30-dək davam edəcək hazırlıq prosesinə isə 37 hakim cəlb ediləcək. Onlardan 20-si baş hakim, 17-si yan xətt hakimidir. Hakimlər komitə sədri və fiziki hazırlıq üzrə mütəxəssisin rəhbərliyi altında çalışacaqlar. Ədalət təmsilçilərinin tərkibinə gəldikdə, onlar Topaz Premyer Liqası qarşılaşmalarına təyinat alanlar və perspektivlilərdən ibarət olacaqlar. Toplanış bu dəfə Antalyanın Bələk yox, Lara qəsəbəsində baş tutacaq. Ədalət təmsilçilərinin hansı oteldə qalacaqlarını isə Məmmədovun özü bu günlərdə qardaş ölkəyə edəcəyi səfər zamanı müəyyənləşdirəcək.
Qeyd edək ki, Valentin İvanov hakim karyerasını 2006-cı ildə başa vurub. O, 1997-ci ildə FİFA referisi adını alıb. İvanov 2006-cı il dünya çempionatının Portuqaliya – Hollandiya matçında üst-üstə 16 sarı vərəqə göstərməklə, rekord təkrarlayıb.