20 yaşlı vyetnamlı fanat pərəstiş etdiyi futbol klubuna sevgisini qeyri-adi formada nümayiş etdirib. Lent.az-ın İngiltərənin “Arsenal” futbol klubunun rəsmi saytına istinadən məlumatına görə, Vyetnamın Xanoy şəhərində yerli komandayla oynamağa gedən “Arsenal”ın avtobusunun arxasınca vyetnamlı fanat 8 kilometr qaçıb.
Bunu görən futbolçular sürücüdən avtobusu saxlamağı xahiş ediblər. Onu avtobusa dəvət edən futbolçular gənc fanatla şəkil çəkdirib, onun köynəyinə imza atıblar. Avtobusa minən gənc fanat BBC-ə müsahibəsində etiraf edib ki, bütün ömrü boyu “Arsenal”a pərəstiş edib: “Avtobusa minəndə Arsen Vergeri və futbolçuları, onların mehribançılığını gördüm. Çox xoşbəxt oldum. Onların fanatlarına belə dostcasına münasibəti məni heyrətləndirdi”.