Polşanın paytaxtı Varşavadakı Avropa çempionatını qızıl medalla başa vuran Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandası səhər saatlarında Vətənə qayıdıb. Lent.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında millimizin üzvləri üçün qarşılanma təşkil olunub.
Lakin onlar arasında Teymur Rəcəbov olmayıb. Rəcəbov Varşava – Moskva – Bakı yox, digər reyslə dönüb. Jurnalistlərin suallarını cavablandıran Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Eltac Səfərli və Rauf Məmmədov qələbəni Azərbaycan xalqına və hazırda müalicə olunan şahmatçımız Vüqar Həşimova həsr etdiklərini bildiriblər. Bununla yanaşı, onlar çempionluq təəssüratlarını bölüşüblər.
Şəhriyar Məmmədyarov: “Yarış ərəfəsində çempionluğu düşünmürdük. Reytinq sıralamasında 6-cı olduğumuzdan, favorit sayılmırdıq. Bununla belə, mübariz ruh göstərdik, 9 tur ərzində heç bir komandaya uduzmadıq. Şahmatçılarımızın yaxşı oyunu ilə yanaşı, kapitanımız Mixail Xalifmanın əməyini qeyd edərdim. O, bizə debüt və oyunlara köklənməkdə köməklik etdi. Son illər Avropa çempionatlarından medalsız qayıtmırıq. İlk dəfə 2009-cu ildə Avropa çempionu olmuşduq. 4 ildən sonra yenə çempion olduq. Komandamızı qələbəyə layiq sayıram”.
Rauf Məmmədov: “İlk çempionluqda daha fərqli hisslər yaşamışdım. İndi isə ikinci Avropa çempionluğu olduğundan, keçirdiyim hisslər yeni deyil. Son turda rusiyalı şahmatçı Peter Svidler fransalı rəqibini yendikdən sonra çempionluq üçün Ermənistanla matçı heç-heçə başa vurmağımız da kifayət edirdi. Rusiya Fransanı yenə bilməsəydi, Ermənistana qalib gələcəkdik”.
Qədir Hüseynov: “Yığmamız turdan-tura iddiasını artırırdı. Bizim üçün Yunanıstan və Fransa ilə oyunlar daha vacib idi. Məhz bu matçlardan sonra çempionluğa inamımız xeyli artdı. Son turda Fransa Rusiyaya uduzmasaydı, Ermənistanla görüşdə qələbəyə oynayacaqdıq”.
Eltac Səfərli: “Avropa çempionatından qızıl medalla qayıtdığımız üçün çox sevincliyəm. Əvvəlki çempionluq zamanı mən heyətdə yox idim. Bu baxımdan, Varşavada qazandığımız qızıl medalın mənim üçün xüsusi çəkisi var. Amma bununla arxayınlaşmamalıyıq. 5 gün sonra bizi Türkiyənin Antalya şəhərində dünya çempionatı gözləyir. Qarşıdakı mötəbər yarışdan da başıuca qayıtmağa çalışacağıq”.