Sabah Çempionlar Liqasında (ÇL) ilk iki 1/4 finalçı bəlli olacaq. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində ilk duellər İspaniya və Portuqaliyada baş tutacaq.
ÇL-in son qalibi “Real”ı artıq 1/4 finalçı saymaq olar. Çünki madridlilər Gelzenkirhendə 2 cavabsız qolla qalib gələrək cütün taleyini böyük ölçüdə həll etmişdilər. Düzdü, hazırda “kral klubu”nun işləri yolunda getmir. Kriştianu Ronaldonun 2015-ci ildəki enişi komandanın nəticələrinə də öz təsirini göstərir. İspaniya La Liqasında liderliyin əldən çıxmasını buna sübut kimi göstərmək olar.
Son 12 oyunda 7 dəfə fərqlənən Ronaldo isə indi bombardirlərin yarışında da zirvədə tək deyil. Təbii ki, bunda zədəlilərin olmasının da rolu var. Serxio Ramos, Luka Modriç, Hames Rodriges kimi aparıcı futbolçular hələ də zədədən əziyyət çəkirlər. Hames hələ məşq etmirsə, kollektivə qoşulan Ramosla Modriçin sabahkı görüşdə iştirakı sual altındadı. Ancaq “Real”ın bu vəziyyətdə belə, “Şalke”yə şans verəcəyinə yəqin ki, almanlar özləri də inanmırlar.
“Porto” – “Bazel” matçının digər qarşılaşmanın kölgəsində qalmasını normal qarşılamaq lazımdı. Bu mərhələdə bir-birlərinə rəqib olmaq hər iki komanda üçün bir şansdı. İlk görüşdəki qollu bərabərlik və avrokubok təcrübəsini nəzərə alsaq, “Porto”nu cütün favoriti saymaq olar. Ancaq “Bazel” də 1/4 finala çıxmaqla tarix yazmaq niyyətindədi.
10 mart
23:45 “Real” (İspaniya) – “Şalke” (Almaniya)
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun 2:0
23:45 “Porto” (Portuqaliya) – “Bazel” (İsveçrə)
Baş hakim: Yonas Eriksson (İsveç)
İlk oyun 1:1