Mövsümün sonunda heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran “Real” transfer çalışmalarını sürətləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Eden Azardan sonra “kral klubu” “Everton”un hücumçusu Romelu Lukakuya da “elçi düşüb”.
Bu xəbəri belçikalı forvardın meneceri Mino Rayola da təsdiqləyib. O, hətta danışıqların müsbət məcrada keçdiyini də söyləyib: “Lukaku “Everton”da xoşbəxtdi. Lakin artıq Çempionlar Liqasında oynamaq istəyir. 37 oyunda 25 qol vurub və cəmi 22 yaşı var”.
“Real” skautları bu mövsüm Lukakunun 5 oyununu izləyib və onun transferinin vacibliyini raportlarında qeyd ediblər. Madridlilər bu keçid müqabilində qarşı tərəfə 60 milyon funt-sterlinq və bir futbolçu təklif ediblər. Liverpul klubu da hücumçusunu bu qiymətə razıdı.
Qeyd edək ki, “Everton” iki il əvvəl Lukakunu “Çelsi”dən 28 milyon funt-sterlinqə transfer etmişdi.