İstanbul derbisini “Beşiktaş” qazandı
0
0
Fevralın 25-də futbol üzrə Türkiyə Super Liqasının 23-cü turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında çempionatda 41 xalla dördüncü sırada qərarlaşan "Beşiktaş" komandası 44 xalla üçüncü sırada yer alan "Fənərbaxça"nı qəbul edib.
Çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşması 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Gərgin idman mübarizəsi şəraitində keçən matçda hesabı görüşün 8-ci dəqiqəsində "Fənərbaxça"nın futbolçusu Fernandao açıb - 1:0. Bundan sonra irəli atılan beşiktaşlılar 49-cu dəqiqədə hesabı bərabərləşdiriblər. Gökhan Gönülün məhsuldar ötürməsini Domagoj Vida qola çevirib - 1:1.
İkinci hissənin 77-ci dəqiqəsində "Beşiktaş" komandası Rikardo Kvarejmanın vurduğu topla hesabda önə çıxıb - 2:1.
Hesabı bərabərləşdirməyə cəhd göstərən "Fənərbaxça"nı əks hücumda yaxalayan "Beşiktaş" hesab arasındakı fərqi artırıb. Alvaro Neqredonun ötürməsindən sonra Rikardo Kvarejma oyuna əlavə edilmiş dəqiqələrdə komandasının üçüncü, özünün isə ikinci topunu rəqib qapısından keçirib - 3:1.
Beləliklə, çempionatın son 15 oyunda məğlub olmayan rəqibinə qalib gələn "Beşiktaş" bu oyundan sonra xallarının sayını 44-ə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib.
Baş hakim Cüneyt Çakırın idarə etdiyi matç bir sıra gərgin anlarla yadda qalıb. Oyunda komandaların futbolçularuna, ümumilikdə, kobudluğa görə 5 sarı kart göstərilib.
Bundan başqa, görüşün əvvəlində "Fənərbaxça"nın oyunçusu Mehmet Topal azarkeşlər tərəfindən naməlum əşyanın stadiona atılması nəticəsində başından zədə alıb.
Bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşmalardan biri olub. "Vodafon Park"da stadionunda keçirilən oyunu 35 mindən çox tamaşaçı izləyib.
Turun fevralın 23-də keçirilmiş oyununda Super Liqanın lideri "Qalatasaray" klubu "Bursaspor"u 5:0, ondan bir gün sonra isə çempionluq uğrunda yarışan komandalardan "Trabzonspor" səfərdə "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edib.
İyirmi üçüncü tura fevralın 26-da keçiriləcək "Başakşehir"-"Gənclərbirliyi" oyunu ilə yekun vurulacaq. İkinci sıradakı "Başakşehir" bu oyunda üstün olacağı təqdirdə yenidən çempionatın vahid lideri olacaq.
Qeyd edək ki, hazırda hesabında 47 xal olan "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. "Başakşehir" 46 xalla ikinci yeri tutur.
"Beşiktaş" və "Fənərbaxça" 44 xalla üçüncü, dördüncü yerləri bölüşürlər.
0
0