Sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə 2020-ci il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərin adı açıqlandı. Qələbə uğrunda Madrid (İspaniya), İstanbul (Türkiyə) və Tokio (Yaponiya) şəhərləri mübarizə aparırdı. Yekunda Beynəlxalq Olimpiya Komitəsinin üzvləri Tokioya səs verdilər. Yaponiya paytaxtı finalda İstanbulu yendi.
2020-ci il olimpiadasına Bakı da namizədliyini vermişdi. Lakin Azərbaycan paytaxtı “qısa siyahı”ya düşə bilməmişdi. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Lent.az-a müsahibəsində deyib ki, Bakı ilkin mərhələni adlamağı bacarsaydı, təşkilatçılıq hüququna da yiyələnə bilərdi...
- 2020-ci il Yay Olimpiya Oyunları uğrunda mübarizədə Tokio qalib oldu. Bu seçimi necə dəyərləndirərdiniz?
- Finala vəsiqə qazanan şəhərlərdən Tokio artıq 1964-cü il Yay Olimpiya Oyunlarında öz sözünü demişdi. Beynəlxalq Olimpiya Komitəsinin üzvləri ilk dəfə deyil ki, Oyunların hansı şəhərdə keçirilməsinə dair qərar verirlər. İstanbul isə ilk dəfə deyildi ki, Yay Olimpiya Oyunları üçün namizədliyini verirdi. Türkiyə həm iqtisadi baxımdan, həm də idman sahəsində inkişaf etmiş dövlətdir. Bu ölkə daim Olimpiya Hərəkatında, mötəbər idman tədbirlərində fəal iştirak edib. Amma çox güman ki, Yaponiyanın həm Yay, həm də Qış Olimpiya Oyunları təcrübəsi olduğundan, Tokioya etimad göstərildi.
- Necə düşünürsünüz, Yaponiya paytaxtı qələbəyə layiq idi?
- Həm qardaş, həm də gündoğar ölkədə problemlər var. Bu problemlərin 2020-ci ilədək həllini tapıb-tapmayacağı bilinmir. Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə 1945-ci ildə atılan atom bombaları üzündən radiasiya təhlükəsi hələ də qalır. Mən bir keçmiş idmançı kimi düşünürəm ki, bu ölkədə olimpiada keçirilməməlidir. Yaponiyadakı problemlərin necə həll olunacağı da bilinmir. Artıq Sakit okeanın müəyyən təbəqəsi radiasiya ilə zənginləşib. Bu, Yaponiya dövləti üçün çox pis haldır. 2020-ci ilədək hələ 7 il var. Qalan müddətdə radiasiya daha geniş əraziyə yayıla bilər. Bu zaman olimpiadanın Tokioda təşkili sual altına düşəcək. Ona görə də, 2020-ci ildə Oyunların məhz Yaponiya paytaxtında baş tutacağını indiki halda real saymıram.
- Qardaş ölkədə olimpiada keçirilsəydi, bu, Azərbaycanın idman həyatına necə təsir edərdi?
- İstanbul qalib gəlsəydi, bizim üçün daha yaxşı olardı. Həm iqlim baxımından, həm də bir millət kimi bizə yaxın olan dövlətdə özümüzü çox rahat hiss edərdik. Nəticədə olimpiadada idmançılarımız daha yüksək nəticələr əldə edə bilərdilər. Bu baxımdan, finalda Bakı yox idisə, İstanbulun qalib olmasını çox istərdim. Lakin Türkiyədə siyasi vəziyyət qarışıqdır. Bu, xüsusən, Beynəlxalq Olimpiya Komitəsində seçkilər ərəfəsində özünü daha qabarıq formada büruzə verdi. Dünya mətbuatında da bu barədə yazıldı və idman ictimaiyyəti də xəbər tutdu. Fikrimcə, o hadisələr baş verməsəydi, qələbəni İstanbul qazana bilərdi. Yəni, “Gəzi Parkı” olaylarının 2020-ci il Yay Olimpiya Oyunlarının təşkilatçısı seçiminə çox böyük təsiri oldu.
- Hər iki şəhərdə problemlərin olduğunu dediniz. Elə isə finalda Tokio ilə İstanbul yox, Bakı mübarizə aparsaydı, Azərbaycan paytaxtının qələbə şansı nə dərəcədə yüksək olardı?
- Bunun üçün ilk növbədə, finala vəsiqə qazanmaq lazım idi. Bakı ilkin mərhələdən keçə bilməyibsə, bu söhbəti etmək yerinə düşməz. Amma təsəvvür etsəydik ki, Bakı finalda Tokio ilə rəqabət aparır, çox güman ki, qələbə qazanacaqdıq. Mənim buna böyük ümidim var idi. Çünki bizim potensialımız, təbii şəraitimiz, 2015-ci il Avropa Oyunları üçün hazırlanan qurğularımız, olimpiya bazalarımız və şəhərciyimiz buna imkan verirdi. İnfrastruktur məsələlərinin həlli üçün yetərincə vaxtımız var idi. 7 ilə böyük şəhər sala bilərik. 7 il az müddət deyil. Əgər ötən 10 ildə hər sahədə - məktəblər, mədəniyyət ocaqları, idman bazaları tikintisi və s. inkişaf göz qabağındadırsa, görün, nə qədər irəliləyiş əldə etmişik. Yəni, indiyədək görülmüş işlərdən də artığını görməyə dövlətimiz qadirdir. Bunun üçün potensialımız, ən əsası, iqtisadi imkanlarımız var. Bu səbəbdən, Bakının Yay Olimpiya Oyunları keçirməyə hazır olduğunu deyə bilərəm. Hazırkı vəziyyəti, görülmüş işləri, Azərbaycanda idmana yüksək səviyyədə göstərilən qayğını nəzərə alaraq, bu sözləri deyirəm. Hesab edirəm ki, finala çıxsaydıq, Tokioya qalib gəlmək imkanımız olardı.
- Bakının İstanbuldan hansı üstün cəhətləri var?
- Üstünlüklərimiz ondan ibarətdir ki, həm ABŞ-la, həm Rusiya, həm də Avropa Birliyi ilə energetika sahəsində sıx əməkdaşlıq edirik. Digər tərəfdən, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Nəinki Avropa və Amerikada, uzaq Afrikada və yaxın şərqdə Azərbaycanı sevən ölkələr çoxdur. Bütün bunları da nəzərə aldıqda, Bakı Yay Olimpiya Oyunlarını keçirməyə ən real hazırlıqlı şəhər idi. Onsuz da Yaponiyada olimpiada keçirilib. Digər dövlətlərə də şans vermək lazım idi. Bakı qalib olsaydı, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri 2020-ci ilədək Azərbaycana çoxlu səfər edəcəkdilər. Hansısa çatışmazlıqlar aşkarlasaydılar, aradan qaldıra bilərdik. Amma təəssüf ki, Bakı ilkin mərhələdən keçə bilmədi.