“Bizə qarşı haqsızlıq oldu” – MÜSAHİBƏ
07 oktyabr 2013 15:47 (UTC +04:00)

“Bizə qarşı haqsızlıq oldu” – MÜSAHİBƏ

İsmayıl İsmayılov: “Qazandığımız gümüş medalları qızıla bərabər saymaq olar”

 

İndoneziyanın Palembanq şəhərində başa çatan III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 24 medal qazandılar. 7 növ üzrə 53 idmançı ilə təmsil olunan ölkəmiz yalnız badminton və tennisdə medalsız qaldı. Əvəzində karateçilərimiz 3 qızıl, 2 gümüş, atletlərimiz 2 qızıl, 2 bürünc, üzgüçülərimiz 1 qızıl, 1 gümüş, 1 bürünc, ağırlıqqaldıranlarımız 3 gümüş, 2 bürünc, taekvondoçularımız 1 gümüş, 3 bürünc, uşu ustalarımız 1 gümüş, 1 bürünc, oxatanımız isə 1 gümüş medala sahib oldular. Nümayəndə heyəti Vətənə döndükdən sonra prezident İlham Əliyev onları qəbul edərək, yüksək nəticə göstərən idmançılarımız və onların məşqçilərinin mükafatlandırılması barədə sərəncam imzaladı.

 

Nümayəndə heyətində təmsil olunanlardan biri, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Lent.az-a müsahibəsinə də məhz bu məqama toxunmaqla başladı...

 

- İdmançılarımızın prezident İlham Əliyev tərəfindən qəbul olunması onun idmanı nə qədər sevdiyini və bu sahəyə nə qədər böyük hörmətlə yanaşdığını bir daha sübut etdi. III İslam Oyunlarının protokolunda 46 ölkə göstərilsə də, açılış mərasiminə 38-i qatılmışdı. Mən bayraqlarla meydana daxil olan nümayəndə heyətlərinin sayını deyirəm. Sonradan yarışlara əlavə ölkələr də gəldilər. Azərbaycan 53 idmançı ilə təmsil olunurdu. Onlardan demək olar ki, hər 2 nəfərdən 1-i medal qazandı. 24 medal - çox uğurlu nəticədir. Azərbaycanın İslam ölkələri arasında yüksək səviyyədə təmsil olunması, 6 qızıl, 9 gümüş və 9 bürünc medalın qazanılması ən böyük nəticədir. Məhz elə bu səbəbdən, prezidentimiz həmin idmançıları qəbul etdi, əldə etdikləri uğurların qarşılığında onları mükafatlandırdı. Bu addımın ən böyük əhəmiyyətlərindən biri ondan ibarətdir ki, Azərbaycanda idmana göstərilən yüksək diqqət ona olan marağın kütləvi şəkildə artmasına, idmançılarımızın gələcək yarışlara daha məsuliyyətlə yanaşmasına və medallarımızın sayının daha da artmasına müsbət təsirini göstərəcək. Daha öncə idmançılarımız Rusiyanın Kazan şəhərində keçirilmiş Ümumdünya Yay Universiadasından 4 qızıl, 5 gümüş, 7 bürünc medalla dönmüşdülər. Həmin idmançıları da prezidentimiz qəbul edərək, mükafatlandırmışdı. Bütün bunlar onu göstərir ki, ölkəmizdə idman dövlət qayğısı ilə əhatələnib. Hər bir idmançının uğuru dövlətin diqqətindən qaçmır və mükafatlandırılır. Məhz bu səbəbdən, uğurlarımız günbəgün artır. 2012-ci ildə beynəlxalq yarışlarda 735 medalın qazanılması Azərbaycan üçün çox böyük uğurdur. III İslam Həmrəyliyi Oyunlarının ən gözəl hadisəsi də odur ki, bağlanış mərasimində İslamiadanın bayrağı Azərbaycana təqdim olundu. Növbəti 2017-ci il İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək. Azərbaycana bu etimadın göstərilməsi ölkəmizdə idmanın doğrudan da inkişaf etdiyini, keçirdiyimiz tədbirlərin yüksək səviyyədə alındığını sübut edir.

 

- Təşkilatçılıq necə idi?

 

- Palembanq şəhərindəki İslam Həmrəyliyi Oyunlarını çox yüksək qiymətləndirirəm. Kim nə deyirsə, onunla işim yoxdur. Amma mən deyərdim ki, açılış mərasimində İndoneziyanın Cənubi Sumatra əyalətinin rəhbəri, Səudiyyə Ərəbistanının idman naziri və digər nüfuzlu şəxslər Oyunlarda iştirak edirdilər. Bütün bunlar tədbirə yüksək münasibətin göstəricisidir. Yarışın özü də yaxşı keçdi. Məsələ ondadır ki,  III İslam Həmrəyliyi Oyunları əslində başqa ölkədə təşkil olunmalı idi. Amma müəyyən səbəblərdən sonda İndoneziyada keçirilməsinə qərar verildi. Yerli hökumət isə qısa müddətdə təşkilatçılıq işlərini yüksək səviyyədə gördü, yarışı normal səviyyədə keçirdi. Olimpiya kəndinə hamısını yerləşdirmək mümkün olmadığından, qalan idmançıları ən yaxşı otellərə bölüşdürmüşdülər. Rəqabət də yüksək idi. Bəziləri yarış səviyyəsinin aşağı olduğunu deyir. Amma təsəvvür edin ki, atletika, ağırlıqqaldırma və digər növlərdə dünyada ən yaxşı nəticə göstərənlər yer almışdılar.

 

- Amma deyəsən, üzgüçülük, oxatma kimi növlərdə digər ölkələrdən elə də güclü idmançı iştirak etmirdi...

 

- Belə fikirlərlə razı deyiləm. Üzgüçülük yarışlarında şəxsən iştirak etmişdim. Bizim üzgüçümüz hamıdan güclü olubsa, bu növ üzrə yarışların aşağı səviyyədə olması demək deyil. Ümumiyyətlə, bütün üzgüçülərin göstərdikləri nəticələr çox yüksək idi. Hər bir yarışın öz ranqı var. Məsələn, Ümumdünya Universiadası Olimpiya Oyunlarından sonra ikinci ən yüksək səviyyəli yarış sayılır. Bu Oyunlara hətta dünya və olimpiya çempionları qatılırlar. Son Universiadada atletlərimiz dünyanın ən güclüləri ilə rəqabət aparırdılar. Əlbəttə, dünya və Avropa çempionatlarındakı nəticələrlə müqayisədə fərq ola bilər. Amma hər dövrün öz hökmü var. III İslam Həmrəyliyi Oyunları həm təşkilatçılıq, həm də mübarizə baxımından, maraqlı alındı.    

 

- Elə isə Bakıda daha yüksək səviyyəli İslam Həmrəyliyi Oyunları keçirmək mümkün olacaqmı?

 

- Bu gün İslam Həmrəyliyi Oyunlarının nüfuzunu get-gedə artırmasına, daha böyük status almasına ciddi ehtiyac var. Bakıda elə bir İslamiada keçiriləcək ki, bütün dünyaya nümunə olacaq. Yəni, bundan da yaxşısını təşkil edəcəyik. Çünki göstəriş belədir: yarış ya səviyyəli keçirilməlidir, ya da heç keçirilməməlidir. IV İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizdə 2015-ci ildə I Avropa Oyunları təşkil olunacaq. Bundan sonra bazalarımız, obyektlərimizin hamısı İslamiadanın keçirilməsinə tam hazır vəziyyətdə olacaq. Məncə, Avropa Oyunlarından sonra İslamiadanı daha rahat və səviyyəli təşkil edəcəyik. Hazırda dövlətimiz nümunəvi Avropa Oyunları keçirməyə hazırlaşır. Əminəm ki, qitə tarixində yadda qalan tədbir alınacaq. Bundan sonra isə İslamiadanın yüksək səviyyədə keçiriləcəyinə əminəm.

 

- İslam dünyasında taekvondo, ağırlıqqaldırma növləri üzrə güclü idmançılara malik ölkələr var. Təmsilçilərimizin adıçəkilən növlərdə qızıl medal qazana bilməmələrini bu amillə əlaqələndirmək olar?

 

- İdman - qarşılıqlı mübarizə, rəqabət deməkdir. Hətta 2 qat olimpiya çempionunun adi yarışda medal qazana bilməməsi mümkündür. İndoneziyada taekvondoçularımız 1 gümüş, 3 bürünc medal qazandılar. Bu növ İranda, Türkiyədə, elə İndoneziyanın özündə həddən artıq inkişaf edib. Belə rəqabət şəraitində 4 medalın qazanılması uğur sayıla bilər. Qızıl medalın qazanılmamasına gəldikdə, dünyada bəzən haqsızlıqlar olur. Taekvondoda ən yüksək əyarlı medalımızın olmamasını haqsızlıqlarla bağlamaq olar. Eyni fikirləri ağırlıqqaldırmaya da aid edə bilərəm.

 

- Demək, İslam Həmrəyliyi Oyunlarında idmançılarımız haqsızlıqla da üzləşiblər...

 

- Bunu Təşkilat Komitəsinin ayağına yazmaq olmaz. Hər bir növün öz federasiyası var və hakim haqsızlıqları elə həmin federasiyaların ədalət təmsilçilərinin ayağına yazılmalıdır. Bəli, bizə qarşı haqsızlıqlar oldu. Təkcə taekvondoda deyil, digər növlərdə də. Belə hallarla bəzən razılaşmalı olursan. Yarış harada keçirilirsə, həmin ölkənin idmançılarına hakimlər simpatiya ilə yanaşırlar. Ona görə də taekvondoda da qızıl medal qazanıla bilərdi. Fikrimcə, əldə etdiyimiz gümüş medalları elə qızıla bərabər saymaq olar.

 

- 2012-ci il London Yay Olimpiya Oyunlarını Azərbaycan ümumi komanda hesabında 2 qızıl, 2 gümüş, 6 bürünc medalla 30-cu pillədə başa vurduğu halda, İndoneziya 1 gümüş, 1 bürünc medalla 63-cü yerlə kifayətlənmişdi. Elə isə necə oldu ki, İndoneziya III İslam Həmrəyliyi Oyunlarını 36 qızıl, 34 gümüş, 34 bürünc medalla ümumi komanda hesabında 1-ci, Azərbaycan isə 7-ci yerlə kifayətləndi?

 

- Burada yarışın hansı ölkədə keçirilmə amili rol oynayır. Hakimlər də təşkilatçı ölkənin idmançılarına xüsusi münasibət göstərirlər. Təşkilatçı ölkəyə bütün növlərdə birbaşa təmsil olunmaq hüququ verilir. Yəni, biz 7 növ üzrə 53 idmançı ilə təmsil olunurduqsa, İndoneziyaya hər bir növdə təmsilçilik hüququ verilmişdi. Türkiyədən 135-dək idmançı qatılmışdı. Biz isə məsafə uzaqlığı və digər səbəblərdən daha geniş tərkibdə iştiraka önəm vermədik. Bəzi ölkələrin bizdən çox medal qazanmalarına daha çox idmançı ilə qatılmaları da təsirini göstərdi. İdmançılarımız olimpiadalarda güləş, boks, cüdo kimi təkbətək döyüş növlərində daha çox medal əldə ediblər. Amma İslamiadanın proqramında bu növlərin heç biri yox idi. Ölkələr daha çox atletika və üzgüçülük yarışlarında geniş tərkibdə təmsilçiliyə önəm verirdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323
avatar

Oxşar yazılar