“Keşlə” klubundan dünən istefa verən sabiq baş məşqçi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Qış fasiləsinin ardından cəmi bir oyun keçirdikdən sonra “Keşlə”dən ayrılmağınız gözlənilməz oldu...
- Qeyri-adi bir vəziyyət deyil. İstefa verdim, çıxdım. Komanda və ya rəhbərliklə heç bir problemim yox idi. Sadəcə, özüm oyundan sonra istefa ərizəmi rəhbərliyə təqdim etdim.
- Niyə qış fasiləsi zamanı yox, məhz indi bu qərara gəldiniz?
- Düzdür, qarşıda hələ 14 oyun, həmçinin ölkə kubokunda mübarizə qalmışdı. Ayrılmağım hansısa problemdən irəli gəlmir. Sadəcə, belə lazım oldu, ayrıldım. Yazırdılar ki, “Keşlə” sonuncu yerdə gedir, stabil çıxış etmir. Xalımız eyni olsa da, 7-ci yerdə idik. Üstəlik, yuxarı pillələrdən o qədər geri qalmamışdıq. Yolları ayırmaq sırf mənim istəyimlə oldu. Klub prezidenti Zaur Axundovla yaxşı münasibətim var. İnanıram ki, həmişə belə qalacaq.
- Qış fasiləsi zamanı ayrılmağı düşünürdünüz, yoxsa anidən belə qərara gəldiniz?
- Bilirsiniz ki, koronavirusa yoluxduğum üçün bir müddət xəstəxanada yatmışdım. Ani verilən bir qərar idi. Rəhbərliklə halallaşıb ayrıldıq.
- Ötən mövsüm bürünc medal qazanan komandanı qəbul etmişdiniz. Cari mövsümdəki enişin səbəbi nə idi?
- Eniş yox idi. Enişin olub-olmadığını ancaq mövsümün sonunda demək olardı. Axı qarşıda iki dövrə var idi. İnanıram ki, “Keşlə” bundan sonra yaxşı nəticələr qazanacaq. Buna əminəm.
- Uğursuz çıxışda heyətin kasad olmasının rolu nə qədər idi?
- Düzdür, qış fasiləsində çox oyunçu gətirmək çətindir. Biz 2-3 oyunçu gətirə bildik. Məsələn, Sadio Tounkara “Sumqayıt”la matçda çox yaxşı təsir bağışladı. O, şəxsən mənim təşəbbüsümlə gəlmişdi. Əvvəl də futbolçum olub, həmişə ona inanmışam. Ümumiyyətlə, transferlər əsasən yayda gerçəkləşir. Buna baxmayaraq, komanda normal vəziyyətdədir.
- Razısınız ki, mövsümün gedişində 3 əcnəbi futbolçunun gedişi işinizə ciddi təsir göstərdi?
- Həmin anda müxtəlif səbəblərdən onlarla yolları ayırmalı olduq. İkisinin müqavilə müddəti bitirdi, biri də zədəli idi. Hətta Şahrux Qadoyev sizə açıqlamasında demişdi ki, guya mən onu oynatmayacağımı dediyim üçün ayrılıb. Qadoyev yalan danışıb, ona belə söz deməmişəm. “Sumqayıt”la görüşdə əsas heyətdə meydana çıxmışdı. Xoşum gələn oyunçulardan idi, sürəti var idi. Amma təəssüf ki, zədə ucbatından dekabra qədər məşqlərə qatıla bilmədi. Demək olar ki, mövsümün ilk yarısını zədəli keçirdi. Ancaq ona deməmişdim ki, sənə şans verməyəcəyəm.
- Uzun müddət idi kənarda idiniz. “Keşlə”dəki uğursuzluğu nəzərə alsaq, bu komandaya gəlişinizə görə peşman deyilsiniz?
- Qətiyyən peşman deyiləm. Hər bir məşqçi nəyəsə nail olmaq istəyir. Mən də “Keşlə”yə gələrkən buna inanırdım. Təəssüf ki, belə alındı. Gələcəkdə başqa bir komanda olarsa, orada da gücümü göstərərəm. Komandanı özüm formalaşdırsam, nəticə göstərərəm. “Keşlə”də çox pis dönəmə düşdük. Koronavirus pandemiyasının yaratdığı problemlər ortaya çıxdı, bir çox çətinliklər yarandı. Mən gələndə “Keşlə” hazır komanda idi. Hər bir məşqçinin öz futbol fəlsəfəsi var. Mən də özüm formalaşdırdığım kollektivlə uğur qazanmağı yaxşı bacarıram.