Avropanın ən yaxşı basketbolçularından biri olan Ben Maklemor 2021-ci ildə bir qıza təcavüz etdiyi üçün ABŞ-da həbs edilib və onu 20 il həbs cəzası gözləyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, NBA-da doqquz ilini Sakramento, Memfis, Hyuston, Los Anceles Lakers və Portlend komandalarında keçirən 31 yaşlı Maklemor Portlendə eniş edərkən həbs olunub və dərhal həbsxanaya göndərilib.
Xüsusilə, adı açıqlanmayan bir qız idmançının 2021-ci ilin oktyabrında Portlenddə oynadığı zaman ona təcavüz etdiyini iddia edərək polisə şikayət edib.
Polisin məlumatına görə, Maklemor zorlama, qeyri-qanuni cinsi əlaqə və maksimum 20 il həbs cəzası nəzərdə tutan iki cinsi təcavüz maddəsi ilə ittiham olunub.
Lakin basketbolçu ittihamları inkar edib.
“Mən onu zorlamamışam. Qadın mənə bunu istəmədiyini bildirəndə cinsi əlaqəyə girməyə çalışmadım. İttiham tərəfi vəkillərimə iddialarına dair heç bir sübut təqdim etməyib. Həqiqət ortaya çıxacaq. Əminəm ki, bu işdən təmiz çıxacam”, - deyə Maklemor bildirib.
2013-cü ildən 2022-ci ilə qədər NBA-da karyerasından sonra Maklemor bir müddət Çində (Şandunq) və Yunanıstanda (AEK) oynayıb. Bu mövsüm o, İspaniyanın Breoqan komandasında uğurlu oynayır.