Rəşad Sadıqov
16 iyun 2022 20:15 (UTC +04:00)

Rəşad Sadıqov

10 yaşında futbola getdi, müəlliminə maşın aldı, ermənini nokauta göndərdi - ONU TANI

Lent.az-ın "Onu tanı" layihəsində bu dəfə 40 yaşı tamam olan böyük kapitandan bəhs edəcəyik

Jurnalist Ceyhun Rzayev danışır: “Rəşad Sadıqovun övladları 164 saylı məktəbdə oxuyublar. Bizim məhəllədən həmin məktəbdə xeyli uşaq təhsil alır. Bir gün qonşu dedi ki, bütün “164” Rəşaddan danışır. Maraqlananda məlum oldu ki, Sadıqovun övladının sinif yoldaşının valideyni təcili ağır əməliyyat olunmalıymış. Ailə imkansız olub. Oğlu Rəşada hadisəni danışanda, kapitan 10 min manatlıq əməliyyat xərcini üzərinə götürüb. Həmin vaxt bunu Rəşad Sadıqova deyəndə, boynuna almadı, “elə söhbət olmayıb” dedi”.

Əslində Rəşad sonradan, amma bu dəfə bütün ictimaiyyətin biləcəyi bir addım da atmışdı. Daha doğrusu iki. Pandemiyanın tüğyan etdiyi vaxtda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait yardım etmişdi. Vətən müharibəsi vaxtı isə Silahlı Qüvvələrə Yardım Fonduna da yenə  50 min manat köçürmüşdü.

Amma bu gün biz Böyük kapitanını xeyirxahlıq əməllərindən danışmayacağıq, təbii. Sadəcə, ondan bəhs etməyimizin səbəbi var. Çünki bu gün onun, Böyük Kapitanın 40 yaşı tamam olur. Rəşad Sadıqov 16 iyun 1982-ci ildə Bakıda anadan olub. Əslən Kəlbəcər rayonundandır. Birinci sinfə Suraxanı rayonu 226 saylı orta məktəbdə başlayıb. Təhsilini daha sonra 34 nömrəli məktəbdə davam etdirib. 

10 yaşında futbol məktəbinə məşqlərə gedib. İlk müəllimi Vaqif Paşayev olub.

Yeri gəlmişkən, sonralar Rəşad ilk məşqçisinə avtomobil hədiyyə etmişdi. “Zirə”yə baş məşqçi təyin olunduqdan sonra Vaqif müəllimi işsiz qoymamış, onu klubuna gətirmişdi. Peşəkar karyerasını “Turan”da başlayıb. Burada cəmi 9 oyun keçirib və qol vurmayıb.  2001-ci ildə “Neftçi”yə keçib. Daha sonra tale onu İrana aparıb çıxarıb. 2002–2003-cü illərdə İranın “Fulad” klubunda çıxış edib. Sonra yenidən “Neftçi”yə qayıdıb. 
Sadıqov 2005-ci ilin avqustunda “Neftçi”nin UEFA Çempionlar Liqasında mübarizəni dayandırdıqdan, Belçika “Anderlext”inə Bakıda 1:0 hesabı ilə qalib gəldiyi cavab görüşündən sonra klubdan ayrılıb. 

“Neftçi”dən ayrıldıqdan sonra Rəşad karyerasını baş məşqçi Ərtoğrul Sağlamın istəyi ilə Türkiyənin “Kayserispor” klubunda davam etdirib. Amma zədə onun Türkiyədəki uğurlu çıxışına əngəl olub. Sadıqovun “Kayserispor”da son oyunu “Trabzonspor”a qarşı olub. Son oyununu Rəşad əvəzolunmadan keçirib. 

Futbolçu 2006-cı ildə üçüncü dəfə “Neftçi” ilə müqavilə bağlayıb, 58 oyuna 7 qol vurub. 2008-ci ildə klubun baş məşqçisi Hans Yurgen Gede tərəfindən əvəzedici komandaya göndərildi. 

Bundan sonra Sadıqov “Kocaelispor” klubuna yollanıb, 6 aylıq müqavilə bağlayıb. Bu klubda uğurlu oyunlarına görə Türkiyə mətbuatı ona “Terminator” ləqəbi vermişdi. Bir ara Rusiyanın “Alaniya” klubu Rəşadı öz heyətində görmək istəyirdi. Amma Rəşad Sadıqov Türkiyə variantını üstün tutdu. Rəşad “Əskişəhərspor”la iki illik müqavilə imzaladı.  Bu klubda karyerası qısa və uğursuz oldu. Əsas heyətdə möhkəmlənə bilmədi. Cəmi 5 oyunda meydana çıxdı. 
2011-ci ilin əvvəlində Rəşad “Əskişəhərspor”dan ayrıldı . Və onun Qarabağ” erası başladı. Karyerasına da bu klubda başa çatdırdı.

O, "Qarabağ"la 5 dəfə Avropa Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. 8 dəfə Azərbaycan çempionu (2 dəfə "Neftçi", 6 dəfə "Qarabağ"la), 4 dəfə Azərbaycan Kubokunun qalibi olan mərkəz müdafiəçisi, (1 dəfə "Neftçi"ylə, 3 dəfə "Qarabağ"la), 1992-ci ildən bəri keçirilən milli çempionatımızda, oyun sayına görə "Top-10"da yer alır. 2001-2017-ci illərdə millimizin şərəfini qoruyan Sadıqov yığmada ən çox oyun keçirən (111) futbolçudur. Bir maraqlı fakt; 2006-cı il avqustun 15-də səfərdə Ukraynaya qarşı yoldaşlıq görüşündən (0:6) sonra Şahin Diniyev Sadıqova heç nə demədən komandadan uzaqlaşdırıb və nəticədə müdafiəçi 1 il 3 ay yığmadan kənarda qalıb. 2007-ci ildə Şahin Diniyevin yığmadan göndərilməsindən sonra baş məşqçi funksiyasını yerinə yetirən Coko Haciyevski Rəşad Sadıqovu yenidən milli komandaya çağırıb.

Sadıqov bir dəfə peşəkar şəkildə basketbol da oynayıb. Bir dönəm NTD Servis Devon basketbol klubunda müdafiəçi kimi. Bu klubda ilk oyununu Xəzər-BDU komandasına qarşı keçirib, bu oyunda komandası 105–53 hesabı ilə qələbə qazanıb. Rəşad bu oyunda 13 xal toplayıb.

Hazırda “Zirə”yə başçılıq edən Sadıqovun dediklərindən: 

"Mənim də bəxtim gətirdi ki, 26-27 yaşımdan sonra Qurban müəllimin baş məşqçiliyi altında oynamağa başladım. Onun rəhbərliyi altında oynayandan sonra həqiqətən də özümdə inkişaf hiss etdim. Futbola yanaşmamda da, şəxsi həyatımda da bir çox dəyişikliklər baş verdi. O, futbolçuya təkcə futbol oynamağı yox, hətta düzgün həyat yaşamağı öyrədir. O, həmişə öyrədir, istiqamət verir. Mən məşqçiliyi isə tam sıfırdan Qurban Qurbanovdan öyrənmişəm". 

Rəşad həm də xarakter adamıdı, lderdi. Onunla bağlı bir əhvalatı isə həmkarımız Anar Şabanoğlu danışır:

- “Neftçi” – “Pünik” oyununda ermənilər uduzduqlarını görüb təxribat yaratmaq istədilər. İştirakçı ölkələrin bayrağı "Dinamo" manejinin ermənilər dayanan hissəsindən asılmışdı və onlar hesabda geri düşəndə bayrağımızın üstünə erməni bayrağı asdılar. Bütün fikrim oyunda idi. Bir də gördüm arenanı fit səsi bürüdü, nə baş verdiyini anlamadım. Bir də baxdım ki, Rəşad aşağıdan ermənilərə əsəbi formada işarə edir ki, bayrağınızı bizim bayrağın üstündən götürün, yoxsa gəlib... Rəşad həmin komandada məncə, yaşca hamıdan kiçik idi... Oyunun gedişində ermənilərin kapitanı, bir zamanlar Sankt - Peterburq "Zenit"inin də kapitanı olmuş təcrübəli Sarkis Ovsepyan Rəşadı təxribata çəkmək istədi, səhv etmirəmsə, onu vurdu. Hakim həm Ovsepyanı, həm də Rəşadı oyundan qovdu. Rəşad ağlaya-ağlaya meydandan çıxdı, çünki, komandasına bu döyüşdə kömək edə bilməyəcəkdi. Oyun qələbəmizlə bitdi və böyük sevinclə "Neftçi"nin avtobusunun arxasınca "Kosmos" mehmanxanasına gəldik. Komandamızdan 2-3 dəqiqə gec çatmışdıq. Çatanda gördük ki, dava olub. Davanı da deyəsən elə Rəşad başlayıb. Rəşad Ovsepyanı bir yumruqla nokaut edib (sözün əsl mənasında). Sonra da ara qarışıb, məğlubiyyətlə barışmayan erməniləri komandamızın üzvləri və Rəşadın Emin adlı dostu bir partiya da orda yaxşıca çırpıblar. Və o zaman 22 yaşı olan Rəşad mənim gözümdə əbədi qəhrəmana çevrildi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9588
avatar

Səbuhi Sədəf

Oxşar yazılar