Olimpiada-2012: Kifayətdir!
30 iyul 2012 15:49 (UTC +04:00)

Olimpiada-2012: Kifayətdir!

Azərbaycanın daha bir cüdoçusu 2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Lent.az-ın məlumatına görə, bu, qadınlar arasında 57 kq çəki dərəcəsində yer alan Kifayət Qasımovadır.

29 yaşlı idmançı elə ilk görüşdəcə yaponiyalı Kaori Matsumotoya uduzub. Daha öncə sloveniyalı Vesno Cukiçi yenmiş Matsumotodan fərqli olaraq, Qasımova birbaşa 1/8 final mərhələsindən mübarizəyə başlayıb. Bununla belə, cüdoçumuz rəqibindən yorğun təsir bağışlayıb. 5 dəqiqəlik görüş ərzində heç bir fənd tətbiq edə bilməyən Qasımova Matsumotonun vazare fəndinə əngəl ola bilməyib. Nəticədə həmyerlimiz çıxışını erkən başa vurmalı olub.

Qeyd edək ki, London olimpiadasına 8 cüdoçumuz yollanıb. Kifayət Qasımovadan öncə İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) da mübarizəni dayandırıb. Rüstəm Orucov (73 kq) 1/8 finala vəsiqə qazanıb. Qalan 4 cüdoçumuz – Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq) və Ramilə Yusubova (63 kq) isə qarşıdakı günlərdə tatami üzərinə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1234

Oxşar yazılar