“Zestafoni”, davay, do svidaniya! – REPORTAJ
25 iyul 2012 14:26 (UTC +04:00)

“Zestafoni”, davay, do svidaniya! – REPORTAJ

Lent.az-ın oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Zestafoni şəhərindəki David Abaşidze adına stadionda keçirilmiş qarşılaşma 2:2 hesablı heç-heçə ilə nəticələnib.

İlk görüşdə 3:0 hesabı ilə qalib gəldiyi üçün Azərbaycan çempionu növbəti mərhələyə yüksəldi.

Kapitan ehtiyatda

“Neftçi” komandasını oyuna məşqçi Tərlan Əhmədov çıxarmışdı. Baş məşqçi Böyükağa Hacıyev isə səhhətindəki problemlərlə əlaqədar səfər oyununa da gəlməmişdi. Əhmədov “Qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qalaraq, ilk görüşlə müqayisədə heç bir əvəzləmə aparmamışdı. “Zestafoni”nin baş məşqçisi Georgi Çiabrişvili isə bir neçə dəyişikliyə əl atmışdı ki, onlardan da ən ciddisi kapitan Tornike Aptsiaurinin ehtiyata göndərilməsi idi. Amma bunun səbəbini Aptsiaurinin ilk görüşdə zədələnməsi ilə də bağlamaq olardı. Çiabrişvili meydana 3 forvard buraxmışdısa, Əhmədov mərkəz hücumçusu mövqeyində Kanalesə güvənərək, ona mərkəzdən İmamverdiyev, soldan Flavinyo, sağdan isə Vobayın dəstək olmasını tapşırmışdı. “Zestafoni”nin hücumlarının qarşısını yarımmüdafiənin mərkəzində Ramos və Sadiqov almalı idi. Müdafiənin mərkəzində Mitreski və Yunuszadə, solunda Bertuççi, sağında Məlikov qərarlaşmışdı:

“Zestafoni”: Roin Kvasxvadze (kapitan), Teymuraz Qonqadze, Tornike Qriqalaşvili, Mamuka Kobaxidze, Tedore Qriqalaşvili, Tornike Qorgiaşvili, Levan Şarikadze, Zurab Menteşaşvili, David Muciri, Jaba Dvali, Abayomi Seun

“Neftçi”: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Brunu Bertuççi, Elvin Yunuszadə, Rəşad Sadiqov, Flavinyo, Culius Vobay, Erik Ramos, Cavid İmamverdiyev, Nikolas Kanales.

Oyunu referi Artyom Kuçinin rəhbərlik etdiyi qazaxıstanlı hakimlər briqadası idarə edirdi.

Erkən şok və qurbağa gölünə daş

Matç “Zestafoni”nin hücumları ilə başladı. Bunun məntiqi nəticəsi kimi artıq 16-cı dəqiqədə Muciri uzaqdan zərbə ilə hesabı açdı. “Neftçi” özünə gəlməmiş qapısından növbəti topu buraxdı. 19-cu dəqiqədə Mehdiyevlə təkbətək qalan Dvali fərqi artırdı. Bundan sonra toparlanmağı bacaran flaqman fərqi azaltmağa müvəffəq oldu. Çoxgedişli kombinasiyadan sonra nəzarətsiz qalan Vobay 22-ci dəqiqədə uzaq küncə dəqiq zərbə endirdi. Bununla da meydan sahibləri çətin duruma düşdülər.

Daha 3 qolun vurulmasının çətinliyini anlayan “Zestafoni”nin futbolçularında ruh düşkünlüyü yaranmağa başladı. Artıq yerli azarkeşlər də əvvəlki kimi qızğın dəstək vermirdilər. Tribunalarda daha çox “Neftçi”ni dəstəkləməyə gəlmiş yüzdən çox azarkeşin səsləri eşidilirdi. Yerli fanatlar isə lal sükuta qərq olmuşdular. Sanki qurbağa gölünə daş atılmışdı. Tərəfdarlar yalnız “Neftçi”nin oyunçularına qarşı kobudluq olduqda hakimin cərimə zərbəsi qərarına və ya qonaq futbolçular yerdə qaldıqda etiraz edirdilər. Bunun nəticəsində “Neftçi” oyunda təşəbbüsü ələ almağa başladı. Hətta bir neçə təhlükəli vəziyyət də quran “ağ-qaralar”a son anda dəqiqlik çatmadı. İlk yarı “Zestafoni”nin üstünlüyü ilə tamamlandı.

“Zestafoni”, davay, do svidaniya!

Fasilədən sonra da ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratdılar. 47-ci dəqiqədə Mucirinin cərimə zərbəsindən vurduğu top qapı tirinə tuş gəldi. Tezliklə “Neftçi” penalti vurmaq hüququ qazandı. Cavid İmamverdiyev rəqib qapıçısı ilə təkbətək qaldığı vaxt Qonqadze onu yıxdı. Penalti nöqtəsinə yaxınlaşan Sadiqovun zərbəsi dəqiq oldu.

Bu qolun ardından yerli azarkeşlər “Neftçi”nin ehtiyat skamyasında əyləşənlərə qarşı nalayiq ifadələr işlətməyə başladılar. Onları stadion mühafizəçiləri çətinliklə sakitləşdirdilər. Meydan sahiblərinin ən azı qələbə topunu vurmaq üçün cəhdləri də nəticə vermirdi. Bu arada əllərində Azərbaycan və Türkiyə bayraqları dalğalandıran qonaq azarkeşlər qələbə mahnısı səsləndirirdilər. Onlar hətta “Zestafoni, davay, do svidaniya” şüarını səsləndirməkdən də çəkinmirdilər.

70-ci dəqiqədə “Neftçi”də ilk dəyişiklik baş verdi. İmamverdiyevi Mirhüseyn Seyidov əvəzlədi. Bundan 5 dəqiqə sonra isə Vobayın əvəzinə Araz Abdullayev meydana daxil oldu. 82-ci dəqiqədə isə Sadiqov yerini Emin Mehdiyevə təhvil verdi. Yalnız əks-hücumlara bel bağlayan flaqman sonadək hesabı qorumağı bacardı. Matç finişə yaxınlaşdıqca yerli azarkeşlər tribunaları tərk etməyə başladılar. “Neftçi” tərəfdarlarına isə təhlükəsizlik məqsədilə yarım saat ərzində yerlərində qalmaq xahiş olundu.

Ən azı Avroliqanın “pley-off”unda!

Beləliklə, “Neftçi” tarixində ilk dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəldi. Azərbaycan çempionunun növbəti rəqibi İsrailin Kiryat Şmona şəhərini təmsil edən “Hapoel” olacaq. “Hapoel” II təsnifat mərhələsində Slovakiya “Jilina”sını iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb. İsrail təmsilçisi səfərdə 0:1 hesabı ilə uduzsa da, evdə 2 cavabsız qol vurub. “Neftçi” ilk oyununu 31 iyulda və ya 1 avqustda səfərdə, cavab görüşünü isə bundan bir həftə sonra evdə keçirəcək. Bu isə o deməkdir ki, komandamız “Hapoel”ə uduzsa belə, mübarizəni Avropa Liqasının “pley-off” mərhələsində davam etdirəcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar