Azərbaycan millisinin Bakıdakı dünya çempionatı üçün heyəti açıqlandı
21 sentyabr 2011 11:47 (UTC +04:00)

Azərbaycan millisinin Bakıdakı dünya çempionatı üçün heyəti açıqlandı

Yığmamızın köməkçi-məşqçisi Nəriman Abdullayevin Lent.az-a verdiyi məlumata görə, ölkəmiz 10 mümkün çəki dərəcəsinin 9-da təmsil olunacaq.

Oktyabrın 8-dək davam edəcək çempionatda 2 Avropa çempionumuz – Salman Əlizadə (49 kq) və Teymur Məmmədov (91 kq), qitə çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə (52 kq), bürünc mükafatçı Heybətulla Hacıəliyev (64 kq), eləcə də Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Emil Əhmədov (69 kq), Ramil Əliyev (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) mübarizə aparacaq. Daha bir boksçumuz Soltan Migitinov (75 kq) WSB (Ümumdünya Boks Seriyası) Liqasından olimpiadaya vəsiqəni təmin edib.

Yığmamız dünya çempionatı öncəsi Rusiyanın Çexov şəhərində təlim-məşq toplantısında olub. Abdullayev Rusiya millisi ilə birgə hazırlıq prosesindən razı qaldıqlarını bildirib. Onun fikrincə, bütün boksçularımız London olimpiadasına lisenziya qazanmağa qadirdirlər.

Qeyd edək ki, dünya çempionatında 10 çəki dərəcəsindən ilk 8-də (49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq) 1 – 10-cu yerləri, ağır çəkilərdə (91 kq və +91 kq) isə 1 – 6-cı yerləri tutanlar 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar