Türkmənistanın İsraildən İranı sevən səfir tələbi
08 iyul 2011 14:41 (UTC +04:00)

Türkmənistanın İsraildən İranı sevən səfir tələbi

Rəsmi Aşqabad İsrailin bu ölkəyə səfiri təyin olunmuş Xaim Korenin etimadnaməsini qəbul etməkdən imtina edib. Bu Türkmənistanın ikinci imtinasıdır.

“mignews”un məlumatına görə, Türkmənistan Xarici İşlər Nazirliyi Xaim Korenin “Mossad”a işləyən İsrail casusu olduğunu bildirib.

Qeyd edək ki, Xaim Korenin tərcümeyi-halında onun Qlilotda yerləşən Milli Təhlükəsizlik Kollecində 3 il təlimatçı işləməsi də yazılıb. İsrail Xarici İşlər Nazirliyi dəfələrlə türkmən diplomatlara həmin kollecin təhsillə məşğul olduğunu, casus hazırlamadığını izah etməyə çalışsa da, bu səylər nəticə verməyib. Xaim Koren 2010-cu ilin avqustundan bu ölkədə səlahiyyətlərinin icrasına başlaya bilmir.

Türkmənistan rəhbərliyində yer alan şəxslərdən biri israilli diplomatlara deyib ki, Aşqabad “ikitərəfli münasibətləri yaxşılaşdıracaq səfir istəyir, İranla bağlı məlumat toplayacaq casus yox”.

Qeyd edək ki, Xaim Korendən əvvəl 2009-cu ildə İsrail Ruven Danieli Türkmənistana səfir təyin edib. Ancaq Aşqabad onun da namizədliyinə mənfi yanaşıb. Ruven Daniel 1996-cı ildə “Mossad”ın Moskvadakı ofisinə rəhbərlik edib və ruslar tərəfindən casusluqda günahlandırılaraq qovulub.

Aşqabadın bu davranışlarından qəzəblənən İsrail xarici işlər naziri Adviqor Liberman Aşqabaddakı səfirliyi bağlamağa hazır olsa da, israilli diplomatlar onu hələ bu addımı atmağın tez olduğuna inandırıblar. Hazırda İsrail Xarici İşlər Nazirliyi Türkmənistanı qane edən diplomat axtarır.
Yeri gəlmişkən cari il iyunun 12-15-də İsrail Xarici İşlər Nazirliyi Mərkəzi Avropa və Avrasiya İdarəsinin başçısı Pinxas Əvivin başçılıq etdiyi nümayəndə heyəti Türkmənistanda işgüzar səfərdə olmuşdu. Onlar yəhudi dövlətinin bu ölkədəki səfirliyi üçün yeni bina seçmək istədiklərini bildirmişdilər. İran rəsmiləri bundan narahat olduqlarını bəyan etmişdilər. İslam Respublikası baş qərargahının rəisi Həsən Firuzabadi Türkmənistan hakimiyyətinin ölkə İsrail səfirliyini açmamağa çağırmışdı. Onun sözlərinə görə, bu “İrana qarşı təxribatdır”.

Yəhudi nümayəndə heyəti getdikdən sonra Tehran hakimiyyəti Aşqabadla diplomatik əlaqələri sürətləndirməyə başladı. Ötən ay Tehran terrorçuluğa qarşı mübarizə toplantısı çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad Türkmənistanın dövlət başçısına “təyyarə hədiyyə” etdi.

İslam Respublikasının rəsmi “İRNA” xəbər agentliyinin məlumatına əsasən, İranın Gülüstan əyalətinin icra başçısı Cavad Qənaət Türkmənistana səfərdən qayıtdıqdan sonra bildirib ki, qonşu dövlətlə sərhəddə yerləşən, İncə-Barun sərhədyanı bazar fəaliyyətini bərpa edəcək.

Bundan başqa İranın Kurqan - Günbatı-Kavus - İncə-Barun dəmiryolu xəttinin tikintisinə başlanılıb. Sonuncu Türkmənistanla sərhəddə yerləşir.

Üç gün öncə isə İranın daxili işlər naziri Mustafa Nəccar Aşqabadda rəsmi səfərdə olub. Səfər zamanı o, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və ölkənin başqa rəsmiləri görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi müzakirə edilib. İranlı nazir Aşqabaddan qayıtdıqdan sonra yuxarıda qeyd etdiyimiz səfirlə bağlı xəbər yayılıb.

2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollar təşkil edib. Ötən ilin yanvarında M.Əhəmdinejad Türkmənistana səfəri zamanı bildirmişdi ki, yaxın 5 il ərzində bu rəqəmi ildə 5 milyard dollar çatdırmaq üçün “bütün imkanlar var”. İki ölkə energetika sahəsində də fəal əməkdaşlıq etməkdədir. Təxminən bir il öncə Dövlətabad-Səraxs-Xangoran qaz-nəqliyyatı əlavə xətti istismara verilib. Bununla da ildə Türkmənistandan 20 milyard kub metr “mavi yanacaq” İrana ötürüləcək. “Körpəcə-Qurdquyu” və “Artıq-Lütfabad” qaz kəməri də işləyir. İran şirkətləri Türkmənistanda taxılın və maye qazın saxlanılması üçün terminallar, habelə “Dostluq” adlı su-anbarını tikməkdədirlər.

Bu yaxınlarda isə Türkmənistanda İranda istehsal olunan məsulların sərgisi keçirilib.

İranın Türkmənistana marağı təbii ki yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır. Nəzər almaq lazıdır ki, türkmənlər də parçalanmış millətlərdəndir. Türkmən Milli Hərəkatı İrandakı soydaşlarının milli haqlarının təmin olunması uğrunda mübarizə aparır. Sovetlər birliyi dağıldıqdan sonra onlar da İrandakı soydaşları ilə birləşmək istəklərini gizlətmirdilər. Hətta Xorasanadək türkmən torpaqları olduğunu açıq-aşkar bəyan edirdilər. Türkmənistanın mərhum prezidenti Türkmənbaşının bu məsələni dəstəklədiyini söyləyirdilər. Onda İran rəhbərliyi ilə Türkmənistan arasında özünə məxsus soyuqluq mövcud idi. Bu baxımdan İran hakimiyyəti türkmənləri qabaqlamaq, başqa sözlə onların istəkləri ilə bağlı hərəkatı önləmək istiqamətində fəaliyyət göstərir.

Məsələnin digər tərəfi isə Tehran hakimiyyətinin “düşmənlərini” başqa dövlətlərdə izləməsidir. Odur ki, Tehran–Aşqabad əlaqələrinin sıcaqlığının İsraillə bağlı diplomatik qalmaqalın yaranmasına səbəb olan amillərdəndir. Heç kəsə sirr deyil ki, İran yəhudi dövlətini izlədiyi kimi, əks tərəf də oxşar şəkildə davranır. Bu baxımdan səfiri qəbul etməməsi ilə bağlı rəsmi Aşqabadın yuxarıda qeyd etdiyimiz şərti, müəyyən mənada daha çox bəhanəyə oxşayır. Bunu Türkmənistanın İslam Respublikası qarşısında götürdüyü öhdəlik kimi də dəyərləndirmək olar. Belə bir təbii sual yaranır – İsrail İranı sevən diplomat tapa biləcəkmi?

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar