Rövnəq Abdullayev: “Qələbəni kim istəmir?” - MÜSAHİBƏ - FOTO
25 may 2011 10:57 (UTC +04:00)

Rövnəq Abdullayev: “Qələbəni kim istəmir?” - MÜSAHİBƏ - FOTO

- Mövsümü necə dəyərləndirirsiniz?

- Çempionat çox yüksək səviyyədə keçdi. Kubokun final oyununu da xüsusi qeyd edərdim. Qarşılaşma çox maraqlı və gərgin alındı. Deyərdim ki, bu gün əsl futbol bayramı oldu. Belə ab-hava hamı kimi məni də çox sevindirdi.

- Məğlub olan tərəf hər zaman narazı olur. Bu, sizi narahat etmir ki?

- Narazılıq olmamalıdır. Gördüyünüz kimi, tam şəffaf oyunun şahidi olduq və futbolçular “ədalətli oyun” qaydalarına əməl etdilər. Çox şadam ki, hər iki komandanın ifasında yüksək səviyyəli oyun izlədik.

- Avropa kuboklarında hansı komandamıza daha çox ümid edirsiniz?

- Hamısına ümid edirik. Allah qoysa, bu il Avropa kuboklarında yəqin ki, klublarımız öz sözlərini deməlidirlər.

- “Fənərbağça”nın prezidenti Aziz Yıldırımla yanaşı oturmuşdunuz. Maraqlıdır, onunla hansısa mövzuda söhbətiniz oldu?

- Bilirsiniz ki, “Fənərbağça” ilə çox yaxşı əlaqələrimiz var. 15 yaşlılardan ibarət yığmamız bu klubun bazasında uzun müddət təlim-məşq toplantısı keçirdi. Yıldırım da Azərbaycan futbolunun inkişafından danışır, irəliləyişin olduğunu bildirir.

- Millimizdən nə gözləyə bilərik? Qazaxıstanla səfər matçında qələbə qazanmaq mümkün olacaqmı?

- Qələbəni kim istəmir? İstəməyən varmı?

- Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı hər hansı ulduz futbolçunun Bakıya gəlişi gözlənilir?

- Futbolumuzun 100 illiyini iyunun 6-da qeyd edəcəyik. UEFA prezidenti Mişel Platini ilə FİFA prezidenti Yozef Blatter mərasimdə iştirak edəcəklər. Bu, bizim üçün fəxrdir. Onlar Azərbaycan futboluna, AFFA-ya hörmətlə yanaşırlar. Yubiley tədbirimizə qatılmaları bu hörmətin göstəricisidir.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 475

Oxşar yazılar