Gürcüstan cüdoçusu Bakıda telefon oğurladığı üçün ömürlük cəzalandı
21 may 2011 21:30 (UTC +04:00)

Gürcüstan cüdoçusu Bakıda telefon oğurladığı üçün ömürlük cəzalandı

Lent.az-ın məlumatına görə, bunlar Nodar Metreveli, İoseb Tselauri, Vano Davitaşvili, Arçil Şincikaşvili və adı hələ açıqlanmayan idmançıdır.

Metreveli və Tselauriyə ömürlük, qalanlarına isə 6 aylıq diskvalifikasiya tətbiq edilib. İlk 2 cüdoçu 6 – 8 mayda Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş “Grand Prix” turnirində yolverilməz hərəkətlərinin güdazına gediblər. Tselauri hakimi döydüyü üçün ömürlük diskvalifikasiya edilib. Metreveli isə məşq zalında Fransa yığmasının baş məşqçisinin telefonunu oğurlayıb.

Lent.az olayın təfərrüatlarını üzə çıxarıb. “Sərhədçi”dən verilən məlumata görə, hadisə Fransa yığması məşqdə olduğu vaxt baş verib. Növbədə Gürcüstan yığması imiş. Məşqdən sonra Fransa millisinin baş məşqçisi mərkəzin rəhbərliyinə yaxınlaşaraq, telefonunun itdiyini bildirib. Bu zaman təhlükəsizlik kameralarındakı görüntülərə baxılıb və oğurluq hadisəsini Gürcüstan yığmasının üzvü Nodar Metrevelinin törətdiyi üzə çıxıb. Çox keçmədən telefon Metrevelidən alınaraq sahibinə qaytarılıb. Baş məşqçi telefonun belə tezliklə tapılmasına təəccübünü gizlətməyib.

“Sərhədçi”dən o da bildirilib ki, idman qurğusunda 178 kamera var və onlar hər şeyi qeydə alır: “Bizdə belə oğurluq hadisələrinin üstünün açılması halları tez-tez olur”. Hakimin döyülməsi hadisəsindən isə idman qurğusunun əməkdaşları məlumatsız olduqlarını bildiriblər.

Qeyd edək ki, 6 aylıq cəzaya məruz qalan cüdoçuların Gürcüstanın Qldansk rayonunda təlim-məşq toplantısında olduqları vaxt idmançıya yaraşmayan hərəkətə yol verdikləri bildirilir.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar