Apasport.az “San-Siro”da!!! - REPORTAJ - FOTOSESSİYA
21 may 2011 13:31 (UTC +04:00)

Apasport.az “San-Siro”da!!! - REPORTAJ - FOTOSESSİYA

Belə ki, sonuna 1 tur qalan A seriyası Azərbaycan idman mətbuatının öncüllərindən sayılan apasport.az-ın da diqqətindən kənar qalmadı. Özü də bu dəfə həmişə olduğu kimi, İtaliya futboluna Bakıdan deyil, elə Apennindən baxmaq mümkün oldu.

Məsələ ondadır ki, ötən həftə apasport.az-ın əməkdaşı İtaliyaya yollanaraq, A seriyasının matçlarını izləyib. Öncə “Milan” - “Kalyari”, sonra “Sampdoriya” - “Palermo” oyunlarına tribunadan baxan müxbirimiz Rüstəm Mikayıllı Apennin təəssüratlarını oxucuları ilə bölüşməyə qərar verib.

“Milan” haqqında danışsaq, onu deyə bilərik ki, bu klubun böyüklüyünü hiss etmək üçün zəhmət çəkib, “San-Siro”ya gəlmək lazımdır. Bura doğrudan da insanı valeh edən bir arenadır. Tribunaların ağzınacan dolu olması da “Milan”ın ev oyunlarına əlavə rəng və güc qatır. Burda ayrı-ayrı millətlərin nümayəndələrinə rast gəlmək mümkündür. Təkcə “Milan”ın oyununa yox, möhtəşəm arenada matç izləməyə də gələnlər var.

Misal üçün, “San-Siro” köklü tarixə malikdir. Bildiyiniz kimi, “Milan” komandası arenanı “San-Siro” adlandırır, digər ev sahibi “İnter” isə “Cüzeppe Meatsa”. Ancaq rəsmi adi italyanca “La Stadio Giuseppe Meazza a San Siro”dur (yəni, Cüzeppe Meatsa San Siro). Çətin ki, bu adla nə “milan”lılar, nə də “inter”lilər narazı qala bilərlər.

“Milan” fanatları qapı arxasında olan göy rəngdə tribunada komandalarını dəstəkləyirlər, lakin “İnter”in çılğın azarkeşləri əks tərəfdə yaşıl tribunada əyləşirlər. Təbii ki, əvvəllər “inter”lilər” klubun rəngi olan göy tribunanı milanlılardan almaq istəyində olublar. Amma “rassonyerlər” bu arenada “İnter”dən daha erkən futbol oyunları keçirdiyindən və İtaliya yığması bu arenada oynadığından onun bayrağında olan göy rəngə üstünlük veriblər.

Qədim zamanlarda stadionun yerində “San-Siro” adlı kilsə varmış. Məhz buna görə Milan şəhərində arenanın yerləşdiyi rayona “San-Siro” adı verilib. Cüzeppe Meatsa isə “İnter”in əfsanəvi futbolçusu və məşqçisi olub. Nəzərinizə çatdıraq ki, Meatsa hətta İstanbulun “Beşiktaş” klubunda da işləyib, lakin Türkiyədəki karyerası heç də uğurlu alınmayıb.

İki Milan nəhənginin geyinib-soyunma otaqları da bir birindən xeyli fərqlidir. Əgər “inter”lilər sadə otaqlara malikdirsə, “milan”lılar rəqibindən daha zəngin və müasir yerdə oyuna hazırlaşır. Klubun prezidenti Adriano Qallianinin istəyi nəticəsində hazırlanan geyinib-soyunma otağı “Qalliani üslubu” adlandırılır.

Mətbuata gəlincə, KİV orqanları “San-Siro”nun mərkəzi tribunasının ikinci mərtəbəsində əyləşirlər. Lakin bəzi və öndə gedən media-holdinqlərə xüsusi yerlər ayrılıb.

Məsələn, “La gazzetta dello sport”un əməkdaşları ayrı VIP otaqda əyləşirlər. Bu da mediaya nə qədər böyük hörmət olduğunu göstərir. Azərbaycandan gələn jurnalistə göstərilən qayğı və hörmət yaxşı mənada təəccübləndirdi. Mənim xahişimi də yerə vurmadan qısa da olsa, əfsanəvi Klarens Zeedorfla İtaliya çempionatının son turundan sonra danışmağa imkan yaratdılar.

Ən maraqlısı isə odur ki, stadionun ot örtüyü ildə 6 dəfə dəyişdirilir. Klub nümayəndələrin dediyinə görə, hər yeni qazona 100 min avrolar xərclənilir.

Bizim pullu komandalara gözəl misaldır.

Rüstəm MİKAYILLI
Milan-Genuya
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar