AZAL-ın prezidenti: “Foqts bizi barmağına sarıyıb”
25 aprel 2011 17:31 (UTC +04:00)

AZAL-ın prezidenti: “Foqts bizi barmağına sarıyıb”

Qasımov Lent.az-a açıqlamasında ölkə çempionatının təqviminin yalnız Foqtsa qurban verilməsindən şikayətlənib.

- Foqts bizi barmağına sarıyıb. Hamı da buna göz yumur. Mən demişəm: Bundan sonra bir futbolçumuzu da milli komandaya təlim-məşq toplantısına çağırsalar, verməyəcəyəm. FİFA və UEFA-nın qanunu var. Yoldaşlıq görüşlərindən 2 gün, rəsmi matçlardan isə 4 gün əvvəl klub futbolçusunu millinin düşərgəsinə buraxmalıdır. Qurtardı-getdi! Bir dənə nəticə də verə bilmir. Amma təqvimi də belə qurub ki, bütün Azərbaycan çempionatını bir dənə Foqtsa qurban verirlər. Azərbaycanda güclü çempionat olmasa, güclü yığma da olmayacaq. Bu, aksiomdur. Birdəfəlik dərk etmək lazımdır. Məni sadəcə, dəhşət götürüb. Heç kim də səsini çıxarmaq istəmir. Bilmirəm niyə? Nədir bu? Foqts bizi barmağına nə qədər sarıya bilər? Nə deyir, razılaşırlar. Belə də şey olar?

AZAL-ın prezidenti 15 gün ərzində 5 oyun keçirmək zorunda olduqlarını da vurğulayıb:

- Bir baxın: Aprelin 23-də oynamışıq, dalınca aprelin 27-də, sonra mayın 1-də, 4-də və 7-də oynayırıq. Hamısı da çətin görüşlərdir. Deyin görüm, 15 günə 5 oyun keçirmək necə mümkündür? Axı bu, harada yazılıb? Belə təqvim tərtib edərlər? Çempionatın sonudur, komandalarda yorğunluq başlayır. Əgər mövsümün ortasında tibbi müayinə keçirsəydilər, dərd yarıydı. İndi belə gərgin vaxtda yığmanı tibbi testə aparmaq olar? Məgər bunu Azərbaycanda etmək mümkün deyil? Hələ bizim yığmada 2 futbolçumuz var: Usim Nduka və Aqil Nəbiyev. “Qarabağ”ın 6 futbolçusu yığmanın düşərgəsində olub. Oyunçularımız Almaniyadan gecə gəliblər, ertəsi gün isə avtobusla Lənkərana yollanıblar. Axı onlar belə vəziyyətdə necə oynaya bilərlər?

Qasımovun fikrincə, Premyer Liqada görüntü yox, qayda-qanun yaradılmalıdır:

- Çempionatı bir qaydasına salmaq lazımdır. Mən demişəm, deyirəm, yenə deyəcəyəm: “6-lıq” sistemi tamamilə yanlış sistemdir, düzgün sistem deyil. Bütün Avropa bir sistemlə oynayır. Bizdə isə gündə bir şey kəşf edirlər. İndi də Avropada ilk dəfə kişilərin oyununu qadın baş hakimə veriblər. Bunu da bizdə kəşf ediblər. Yəni, hər şeydə biz birinci olmalıyıq. Bəsdir! Futbol oynamaq, futbolla məşğul olmaq lazımdır. “Pokazuxa”dan boğaza yığılmışam.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar