Azərbaycan yığmasında maaş qalmaqalı yoluna qoyuldu
22 aprel 2011 12:45 (UTC +04:00)

Azərbaycan yığmasında maaş qalmaqalı yoluna qoyuldu

Bu haqda Lent.az-a federasiyanın icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.

Onun sözlərinə görə, AAAF idmançıların maaşlarını avro ekvivalenti ilə ödəməyə razılaşıb. Əsgərov bildirib ki, narazılıq xırda anlaşılmazlıq üzündən yaranıb: “Biz bolqarıstanlı atletlərə maaşı manatla verəcəyimizi bildirmişdik. Yığmamızın baş məşqçisi Yanko Rusev isə ağırlıqqaldıranlara maaşın avro ilə ödəniləcəyini söyləyibmiş. Narazılığı isə Bolqarıstan mətbuatında yazıldığı kimi, Veliçko Çolakov, İvan Stoiçov və Rumyana Petkova yox, Avropa çempionatına sifariş edə bilmədiyimiz ağırlıqqaldıranlardan biri deyib. Onun anası Bolqarıstanda ağırlıqqaldırma məşqçisidir. İdmançı anasına yazdığı məktubda avro ilə maaşlarının azaldığını deyib. Anası isə məktubu mətbuata çıxarıb. Bolqarıstan mətbuatı bundan böyük qalmaqal yaradıb. Biz də bolqarıstanlı ağırlıqqaldıranlarda Rusevə qarşı inamsızlığının formalaşmaması üçün maaşları avro ekvivalenti ilə ödəməyə razılıq verdik. Amma idmançıların özlərinə də dedik ki, sabah avronun dəyəri düşsə, sizə yenə o ekvivalentdə əmək haqqı ödəyəcəyik”.

Federasiya rəsmisi bolqarıstanlı legionerlərin ölkəmizi birdəfəlik tərk edəcəkləri barədə yazılanlarla da razılaşmayıb. Onun sözlərinə görə, yığmamızın bütün üzvləri aprelin 17-də başa çatmış Avropa çempionatından sonra bir müddət yarış olmayacağından, AAAF hesabına məzuniyyətə buraxılıblar. Onlar öz klublarında hazırlıqlarını davam etdirə bilərlər. İyuldan etibarən isə ağırlıqqaldıranlarımız 5 – 13 noyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına hazırlıq məqsədilə bir araya gələcəklər.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar