Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
22 aprel 2011 10:26 (UTC +04:00)

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

Lent.az-ın məlumatına görə, 45 ölkədən 425 idmançının qatıldığı çempionatda Azərbaycanı 12 kişi, 2 qadın təmsil edir.

İlk yarış günündə təmsilçilərimizdən 5-i mübarizəyə başlayıb. Onlardan 66 kq çəki dərəcəsində çıxış edən Tərlan Kərimov gümüş medala layiq görülüb. Kərimov əvvəlcə David Larosu (Fransa), ardından Şalva Kardavanı (Gürcüstan), sonra isə Musa Moquşkovu (Rusiya) yendikdən sonra yarımfinala çıxıb. Bu mərhələdə isə cüdoçumuz Kolin Oatesi (Böyük Britaniya) məğlub edib. Finalda təmsilçimizin rəqibi Mikloş Unqvari (Macarıstan) olub. Görüş daha təcrübəli Unqvarinin qələbəsi ilə nəticələnib. Beləliklə, Kərimov gümüş medal qazanıb. 66 kq çəkidəki digər cüdoçumuz Samir Dadaşzadə isə elə ilk görüşdəcə Lasslo Sokeyə (Rumıniya) uduzaraq, mübarizəni dayandırıb.

Tərlan Kərimovdan əlavə, qadınların mübarizəsində Kifayət Qasımova da medal qazanmağa yaxın olub. 57 kq çəkidə çıxış edən Qasımova Andrea Stefania Kitu (Rumıniya), Hedviq Karakas (Macarıstan) və Otomn Pavianı (Fransa) üstələyərək yarımfinala çıxıb. Lakin finala gedən yolda onun qarşısını Telma Monteyro (Portuqaliya) kəsib. Qadın cüdoçumuz bürünc medal uğrunda təsəlliverici qarşılaşmada İrina Zabludinaya (Rusiya) da yenilərək, 5-ci yerlə kifayətlənib.

60 kq çəkidəki cüdoçularımızdan ən yüksək nəticəni İlqar Müşkiyev göstərib. Müşkiyev əvvəlcə Eşli Makkenzi (Böyük Britaniya), sonra Yeroen Mureni (Hollandiya) məğlub etsə də, Betkil Şukvaniyə (Gürcüstan) uduzub. Təsəlliverici görüşdə onun qarşısını Elio Verde (İtaliya) kəsib. Nəticədə Müşkiyev 7-ci yerlə kifayətlənib. 4 illik dopinq cəzasını başa vurduqdan sonra ilk yarışına çıxan gənclər arasında dünya çempionu Nicat Şıxəlizadə isə ilk görüşdə Beslan Mudranovu (Rusiya) məğlub etsə də, növbəti qarşılaşmada Tobias Engilmayerə (Almaniya) yenilərək, çıxışlarını başa vurub.

Aprelin 22-də cüdoçularımızdan Elxan Məmmədov (90 kq), Elmar Qasımov, Sain Məmmədov (hər ikisi 100 kq) və Emil Tahirov (+100 kq), aprelin 23-də isə Ramil Qasımov, Renat Mirzəliyev (hər ikisi 73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq) və Ramilə Yusubova (63 kq) tatami üzərinə çıxacaqlar. Aprelin 24-də keçiriləcək komandalararası Avropa çempionatında isə Azərbaycan yığması mübarizə aparmayacaq.

Qeyd edək ki, Avropa çempionatının ümumi mükafat fondu 132 min avrodur. Fərdi yarışlarda qalibə 2500 avro, finalçıya 1500 avro, bürünc mükafatçılara 500 avro verilir. Komanda yarışlarında isə mükafatçılar müvafiq olaraq, 10 min avro, 5 min avro və 3 min avro qazanacaqlar.
# 1090

Oxşar yazılar