“Bu, Tale Heydərovun şəxsi təşəbbüsüdür” - MÜSAHİBƏ
19 aprel 2011 13:02 (UTC +04:00)

“Bu, Tale Heydərovun şəxsi təşəbbüsüdür” - MÜSAHİBƏ

“Qəbələ” Futbol Klubunun vitse-prezidenti Fariz Nəcəfov “Qəbələ FK” qəzetinə ilk geniş müsahibəsində komandanın hazırkı durumu və gələcək planlarla bağlı fikirlərini bildirib. Lent.az-ın məlumatına görə, başa çatmaqda olan mövsümü dəyərləndirən klub rəsmisi yeni mövsümlə bağlı iddialı açıqlamalar verib.

- Artıq çempionatın başa çatmasına bir neçə tur qalıb. Mövsümün yekunlarına dair fikirlərinizi bilmək istərdik.

- Çempionata o qədər də uğurlu başlamadıq. Gözləmədiyimiz halda, ilk 4 matçda cəmi 1 xal toplaya bildik və təbii ki, bu nəticə komandaya pis təsir etdi. Lakin tezliklə toparlanaraq, iddiamızı ortaya qoyduq və hətta mövsümün gedişində komandamız 12 məğlubiyyətsiz oyunlar seriyası əldə etdi. Bununla belə, komandamızın növbəti uğursuz çıxışı çempionatın ən həlledici məqamına təsadüf etdi. Təəssüf ki, qış fasiləsindən sonra keçirilən ilk matçlarda futbolçularımız meydançada bacarıqlarını tam ortaya qoya bilmədilər və nəticədə “ilk altılıq”dan kənarda qaldıq. Amma düşünmürəm ki, komandamız “ilk altılıq”da yer alan klublardan geri qalır.

- Yəqin ki, komandanın çıxışı ilə bağlı baş məşqçi Toni Adamsla fikir mübadiləsi aparılır...

- Təbii. Biz mövsüm başlamamışdan öncə Toni Adamsdan hər hansı nəticə istəməmişdik. Çünki, başa düşürük ki, Azərbaycan çempionatı ilə bağlı geniş təsəvvürləri olmayan bir məşqçi komandamızın sükanı arxasındadır. Belə olan halda Adamsdan çempionluq və ya avrokuboklara vəsiqə qazanmağı tələb edə bilməzdik. Baş məşqçimiz də ilk mövsümdə futbolumuzla tanış olmaq istədiyini, ötən mövsümdən qalmış heyəti ciddi şəkildə dəyişdirməyi düşünmədiyini bildirmişdi. Əvəzində isə avrokuboklarda ölkəmizi layiqli təmsil edəcək bir komandanın bünövrəsi qoyulmalı idi. Eyni zamanda bizim üçün nəticə qədər önəmli olan digər bir məsələ də klubumuzun, komandanın peşəkar şəkildə idarə olunmasıdır. Artıq əminliklə demək olar ki, Toni Adamsın da təcrübəsindən yararlanaraq bu yolda çox ciddi bir məsafə qət etmişik. Az öncə qeyd etdiyim kimi, bu mövsüm əsas hədəfimiz növbəti ildən avrokuboklara vəsiqə qazanan komanda yaratmaq idi və fikrimcə, artıq azarkeşlərimiz önümüzdəki çempionatda medallar uğrunda yarışacaq “Qəbələ”nin şahidi olacaqlar. Artıq 5 mövsümdür Premyer Liqada çıxış edən komandamızın medal qazanmaq vaxtıdır.

- Artıq komandamız heyətə yeni futbolçular cəlb etmək üçün fəaliyyətə başlayıb. Ümumiyyətlə, klubun transfer siyasəti barədə nə deyə bilərsiniz?

- Təəssüf ki, ölkəmiz səviyyəli futbolçularının çoxluğu ilə öyünə bilməz. Bu da bizim işimizə maneə törədən amillərdən biridir. Çünki, çox istərdik ki, komandamızda, ümumiyyətlə ölkə çempionatında yerli futbolçular əsas söz sahibi olsun. Düşünürəm ki, bunun üçün zamana ehtiyacımız var. “Qəbələ”nin transfer siyasətinə gəlincə, təbii ki, heyətə qatdığımız futbolçular məşqçilər korpusunun istəyi ilə həyata keçirilir. Xüsusilə yerli futbolçularla bağlı biz də öz fikirlərimizi məşqçilər heyətinə bildiririk. Əcnəbilərə gəlincə, Toni Adams komandamıza gələ biləcək potensial legionerləri daim diqqət mərkəzində saxlayır və bu barədə bizə məlumat verir. Bəzi futbolçularla isə baş məşqçinin istəyi ilə danışıqlar artıq başlanılıb.

- “Qəbələ” artıq milli komandamızın üzvü Mahir Şükürovla müqavilə imzalayıb. Yığmamızın digər üzvləri də maraq dairəsindədirmi?

- Ölkəmizin ən yaxşı futbolçularının millidə oynadığını nəzərə alsaq, sözsüz ki, hər bir yığma üzvü komandamızı gücləndirə bilər. Bu mənada digər klublarda çıxış edən seçmə komandamızın üzvləri ilə maraqlanırıq və yenilik olarsa, mətbuata bildirəcəyik. Mahir Şükürova gəlincə, onun keçidini komandamız üçün uğurlu hesab edirəm. Eyni zamanda Mahir də ona göstərilən etimadı doğrultmalıdır. Hazırda ola bilsin ki, ideal formasından uzaqdır amma onunla görüşümüzdə də futbolçuya olan inamımızı bildirdik, hədəflərimizi açıqladıq. Mahir da bizi əmin etdi ki, ona olan ümidləri doğruldacaq.

- Gələn ay Toni Adamsın “Qəbələ”yə baş məşqçi təyin olunmasının bir ili tamam olur. Klub rəsmisi kimi, bu bir ildə onun fəaliyyətinə necə qiymət verərdiniz?

- Güman edirəm ki, Toni Adamsın işinin nəticəsini gələn mövsüm görəcəyik. Bununla belə, Adams “Qəbələ” Futbol Klubunun inkişafında bu 1 ildə çox ciddi fəallıq göstərib. Klubumuz onun böyük futbol təcrübəsindən maksimum yararlanır. O özü də Qəbələdə futbol işinin peşəkar səviyyədə qurulması üçün demək olar ki, fasiləsiz çalışır.

- Bu, Toni Adamsa əsas işinə mane olmur ki?

- O, peşəkar məşqçidir, düşünmürəm ki, bu cəhətdən problem yaşasın. Bizi sevindirən məqam Adamsın klubumuzun digər sahələrinin də yüksək səviyyəyə gəlməsində maraqlı olmasıdır.

- Baş məşqçi köməkçisi Qari Stivens bizimlə söhbətində dedi ki, artıq gələn il onlardan nəticə tələb etmək olar. Klub rəsmisi kimi, deyə bilərsizmi, məşqçilərdən hansı nəticə tələb olunacaq?

- Sözsüz ki, çempionluq və ya kubok qazanmaq istəyindəyik. Amma komandanın qarşısına qoyulan minimum vəzifə avrokubok yarışlarına vəsiqə qazanmaqdır.

- Ötən il Toni Adamsın təqdimatı zamanı klub üçün yeni stadion və bazanın tikiləcəyi elan edildi. Qeyd olunan idman qurğularının inşası hansı mərhələdədir?

- Yeni stadion və bazanın tikiləcəyi ərazi işə başlamaq üçün hazır vəziyyətə gətirilib. “Qəbələ” üçün stadion inşa edəcək şirkəti də müəyyənləşdirmişik. Ötən il elan etdiyimiz layihədə bir sıra dəyişikliklər edildiyindən, stadionun tikintisi yubandı. Yəqin ki, ən yaxın vaxtda tikinti işlərinə başlanılacaq. İlk növbədə akademiyamızın yerləşəcəyi inzibati bina və stadion təhvil veriləcək. Daha sonra isə 13 minlik tutumu olan əsas stadionun inşası başa çatacaq. Stadionun layihələşdirilməsi, dizaynı və inşası ilə ayrı-ayrı şirkətlər məşğul olur. Seçdiyimiz şirkətlər “Çelsi”, “Everton”, “Mançester Yunayted” kimi dünya klubları ilə əməkdaşlıq edirlər. Eyni zamanda təbii ot örtüklü meydançalarımız hazır vəziyyətə gətirilir.

- Sizcə, stadionun tutumu bir qədər çox deyilmi?

- Bu gün üçün çox görünə bilər. Amma unutmayın ki, biz stadionu, klubumuzda görülən fəaliyyətləri bu gün üçün yox, gələcək üçün qururuq. Layihəyə əsasən, stadionun tutumunu bir qədər də artırmaq imkanı var və əminəm ki, komandamızın göstərəcəyi nəticələrlə bu ehtiyac yaranacaq.

- Tamaşaçılardan söz düşmüşkən, “Qəbələ” azarkeşlərinin sayını artırmaq üçün bu günlərdə yeni aksiyaya da start verib...

- Bəli, bir qədər əvvəl klubumuzun nümayəndələri təcrübə toplamaq məqsədilə İngiltərənin “Şeffild Yunayted” klubunda olublar. İngiltərə çempionatının ən böyük özəlliklərindən biri də budur ki, nəticədən asılı olmayaraq, matçlar zamanı azarkeş baxımından problem olmur. Klub nümayəndələrimiz bu ölkədə olarkən İngiltərə klublarının azarkeşlərlə iş prinsipləri ilə də tanış olublar və biz də tədricən bu təcrübədən yararlanırıq. Artıq bu yöndə görülən işlərdən biri də “Məktəbli Fan Klubu”nun yaradılmasıdır və nəticələr bizi sevindirir.

- İki ildir fəaliyyət göstərən Qəbələ Futbol Akademiyası barədə nə deyə bilərsiz?

- Qəbələdə yüksək səviyyəli Futbol Akademiyasının yaradılması klub prezidenti Tale Heydərovun şəxsi təşəbbüsüdür. Bilirsiniz ki, akademiyaya tanınmış mütəxəssis Əli Yavaş rəhbərlik edir. Onun və başçılıq etdiyi məşqçilər korpusunun gördüyü işlər bizi qane edir. Onlara güvənirik və inanırıq ki, görülən işlər tezliklə bəhrəsini verəcək. Yeri gəlmişkən, bölgədə futbolun kütləviləşdirilməsi ilə bağlı ötən il bir layihəyə start vermiş və İngiltərədən iki mütəxəssis dəvət etmişik. Layihə uğurla fəaliyyət göstərir. Bu layihə növbəti il daha geniş formada davam etdiriləcək.

- Sonda başa çatmaqda olan çempionatla bağlı fikirlərinizi bildirərdiniz. Sizcə qızıl medalları hansı komanda qazanacaq?

- Hazırda “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” turnir cədvəlində ilk “üçlük”dədir. Hər üçünün çempion olmaq şansı var. Təbii ki, rəqiblərini 8 xal qabaqlayan “Neftçi” çempionluğa daha yaxındır. Hansı komanda çempion olsa, öz adımızdan onları səmimiyyətlə təbrik edəcəyik və ən önəmlisi Avropada layiqli çıxışını gözləyəcəyik.
# 443

Oxşar yazılar