“Neftçi” və “Qarabağ” Respublika stadionuna pul ödəməyəcək
14 aprel 2011 19:53 (UTC +04:00)

“Neftçi” və “Qarabağ” Respublika stadionuna pul ödəməyəcək

Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib. İsmayılov “Neftçi”nin prezidenti Sadıq Sadıqov və “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəllə danışıqlardan sonra belə qərara gəldiyini bildirib. Onun sözlərinə görə, klub rəsmiləri bu jestin qarşılığında öz fan-klubları ilə maarifləndirmə işi aparacaqlarına söz veriblər: “Mən Sadıqov və Çəlikəllə söhbətdən sonra qərara gəldim ki, “Neftçi” və “Qarabağ”dan vəsait almayaq. Bir şərtlə ki, onlar stadionumuzda oyun zamanı belə halların təkrarlanmamasına kömək etsinlər. Yəni, öz fan-klubları ilə söhbət aparsınlar ki, oyun vaxtı oturacaqların üstünə çıxıb qışqırmaq, onları pis vəziyyətə salmaq olmaz. Oyunlardan sonra isə klub rəsmiləri ilə birgə öz azarkeşlərinin olduğu sektorlara yaxınlaşaraq, oturacaqların vəziyyətinə nəzər yetirəcəyik. Yenə sınıq oturacaq aşkarlasaq, bunu hansı klubun azarkeşlərinin törətdiyinə şahid olacağıq. O zaman müvafiq tədbir görülməsi üçün AFFA İntizam Komitəsi qarşısında məsələ qaldıracağıq”.


Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçında yerli fanatların 163, “Qarabağ” azarkeşlərinin isə 152 oturacaq sındırdıqları açıqlanıb. Bu səbəbdən, aprelin 5-də keçirdiyi iclasında AFFA İntizam Komitəsi qərara gəlib ki, hər iki klub dəymiş zərərə uyğun olaraq, Respublika stadionu rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etsin.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar