Avropa Liqası: Atalar “dörddən” də deyə biləcəkmi?
14 aprel 2011 19:00 (UTC +04:00)

Avropa Liqası: Atalar “dörddən” də deyə biləcəkmi?

Lent.az-ın məlumatına görə, ötən həftə oynanılmış ilk qarşılaşmalardan sonra 4 cütlükdən 3-də məsələyə aydınlıq gəlib.

Yalnız “Braqa” ilə Kiyev “Dinamo”sunun görüşündə intriqa saxlanılıb. Kiyevdəki 1:1 hesablı heç-heçədən sonra Portuqaliya klubu müəyyən üstünlük əldə edib. “Bizə qol vurmaq lazımdır, sonrasına baxarıq. Futbol müdafiədə oturmaq yox, oynamaq lazımdır” - deyə, “Dinamo”nun prezidenti İqor Surkis bildirib. Bu qarşılaşmada bir qol matçın taleyini həll edə bilər.

Lakin PSV ilə “Benfika” arasındakı görüşdə ən azı 3 qol vurmaq lazım gələcək. Hollandiya təmsilçisi Portuqaliyanın paytaxtı Lissabonda 1:4 hesabı ilə uduzduğundan, öz meydançasında möcüzəyə ümid edə bilər. PSV-nin qapıçısı Andreas İssakson bildirib ki, komandası üçün əsas həvəsləndirici qüvvə qürur hissi olmalıdır: “Sübut etməliyik ki, Lissabondakından yaxşı oynaya bilərik. Hər halda cavab görüşündə şansımız var və biz bundan yararlanmağa çalışacağıq. Mübarizə aparacağıq”.

Bu qarşılaşmaların qalibləri aprelin 28-də və mayın 5-də bir-biri ilə üz-üzə gələcək. İkinci cütlüyü isə böyük ehtimalla “Portu” və “Vilyarreal” təşkil edəcək. Çünki onlar Rusiya “Spartak”ı ilə Hollandiya “Tvente”sinə daha böyük hesabla qalib gəliblər – 5:1. Əvvəllər Avropa kuboklarında 4 top fərqini yalnız 3 klub aradan qaldıra bilib. Lakin necə deyərlər, “ümid sonda ölür”. Baxmayaraq ki, bu fikrə əks olaraq “atalar “üçdən” deyib” məsəlini də çəkmək olar.

“Spartak”ın yarımmüdafiəçisi Eyden Makgidi üçün “Portu”nun “Draqao” stadionunda qələbəsi əsl şok olub. İrlandiya yığmasının futbolçusu qulaqbatırıcı fiaskodan sonra moskvalıların yarımfinala vəsiqə şanslarını ayıq başla qiymətləndirməyə çalışır. Lakin o, öz ölkəsindəki “Dublin Arena”da mayın 18-də keçiriləcək final matçında “Spartak”ın iştirakını az ehtimal edir: “Əlbəttə, biz çatışmazlığı aradan qaldırmağa çalışacağıq. Lakin Portuqaliyadakı oyunumuzu nəzərə alsaq, bu ehtimal az görünür”.

Aprelin 7-də “Vilyarreal” tərəfindən bütün komponentlərdə darmadağın edilmiş “Tvente”nin vəziyyəti də yaxşı deyil. Baş məşqçi Mişel Prüdommun komandası üçün zəif təsəlli cavab görüşünə rəqib futbolçulardan cəzalı Nilmar və zədəli Qonsalosun çıxmaması ola bilər. “Vilyarreal”ın turnirdə keçirdiyi bütün 11 matçda iştirak etmiş 5 oyunçudan biri – Bruno Soriano növbəti mərhələyə vəsiqə qazanacaqlarına şübhə etmir: “Rəqibin özünü bütün tərəflərdən göstərməyə çalışan yaxşı komanda olduğunu bilirik. Lakin biz cavab görüşü öncəsi yaxşı üstünlük əldə etmişik. Bizdən yalnız yaxşı və inamlı oyun tələb olunur”.

22:00. “Spartak” (Moskva, Rusiya) – “Portu” (Portuqaliya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun – 1:5

00:05. “Braqa” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna)
Baş hakim: Yunas Eriksson (İsveç)
İlk oyun – 1:1

00:05. “Tvente” (Hollandiya) – “Vilyarreal” (İspaniya)
Baş hakim: Uilyam Kollam (Şotlandiya).
İlk oyun – 1:5

00:05. PSV (Hollandiya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Volfqanq Ştark (Almaniya).
İlk oyun – 1:4.

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar