Mirça Rednik: “Berti Foqtsun seçimi ilə razı deyiləm” - MÜSAHİBƏ
02 aprel 2011 10:40 (UTC +04:00)

Mirça Rednik: “Berti Foqtsun seçimi ilə razı deyiləm” - MÜSAHİBƏ

Lent.az-ın məlumatına görə, Elnur Allahverdiyev, Julius Vobay və Aleks Pitsurka istisna olmaqla heyətin bütün digər oyunçular məşqdə iştirak ediblər. Millinin düşərgəsindən qayıdan Kamran Ağayev və Rahid Əmirquliyev də məşq edən oyunçuların sıralarında olub. Məşqdən sonra baş məşqçi Mirça Rednik klubun rəsmi saytına müsahibə verib:

- “Bakı” ilə aprelin 2-də keçirəcəyiniz oyun haqqında fikirlərinizi bilmək istərdik...

- “Bakı”nın son iki oyununu izləmişəm. Məşqçi dəyişikliyindən sonra onların oyununda inkişaf var, daha təşkilatlanmış şəkildə oynayırlar. Lakin bizim bu dəqiqə turnir vəziyyətimiz belədir ki, yalnız qələbəyə oynamalıyıq. Əgər çempion olmaq istəyiriksə digər variantı nəzərimizdən keçirə bilmərik.

- “Neftçi” ilə ilin ilk oyunundan sonra komandanın 60 faiz hazır olduğunu söyləmişdiniz. Bəs hazırda vəziyyət necədir?

- İndi 100 faiz hazır olduğumuzu deyə bilərəm. Amma mən son iki oyunda cəmi bir xal qazanmağımızdan çox narahatam. Komandanın oyununda anlaşma normal səviyyədədir və biz bunu daha da mükəmməl səviyyəyə çatdırmalıyıq. Ümid edirəm ki, məhz sabahkı qarşılaşmada yaxşı oyunumuzu göstərə biləcəyik.

- Yığmamızın son görüşü barədə nə deyə bilərsiniz? "Xəzər Lənkəran" futbolçularının Belçikaya qarşı çıxışından nə dərəcədə razı qaldınız?

- Ümumiyyətlə, oyunun belə nəticələnməyi məni təəccübləndirir. Azərbaycan futbolçuları kifayət qədər keyfiyyətə malikdirlər. Oyunçuların belə səfər oyunlarına xüsusi köklənməsi lazımdır, daha da ciddi münasibət tələb olunur. Komanda risk etməyə hazır olmalıdır, həddindən artıq ehtiyatlı oynamaq olmaz. Öz oyunçularımdan isə razı qaldım. Kamran Ağayev də, Rahid Əmirquliyev də yaxşı oyun keçirdilər. Sadəcə, Rahidin mövqeyi barədə seçimlə razı deyiləm. O yarımmüdafiənin sağında qərarlaşmışdı, amma düşünürəm ki, bu onun üçün çətinliklər yaradır və Rahidin göstəricilərinin orada çıxış etməyə imkan vermir. Fikrimcə, onun üçün ən yaxşı mövqe məhz mərkəzdir.

- Zədəli Elnur Allhaverdiyevin əvəzinə hansı futbolçunun oynayacağını dəqiqləşdirmisiniz?

- Hələ dəqiq qərar verməmişəm. Müxtəlif variantlar var. Məsələn, Nikolae Konstantin Muşat sol cinahdan əlavə, sağda da oynaya bilir. Muşat sağda oynasa, Simao Bruno Martins sol cinahda qərarlaşacaq. Ola bilsin ki, Hristu Kyaku həmin mövqedə oynasın. Bir sözlə, dəqiq qərar sabah veriləcək. Bundan əlavə, Vobayla bağlı problemimiz var. O beş gün əvvəl Sierra Leone milli komandasının düşərgəsinə yollanmışdı və yalnız aprelin 1-də axşam bizə qoşulub. Bu səbəbdən, onun “Bakı”ya qarşı oynaması sual altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1261

Oxşar yazılar