Almaniyalı baş məşqçi: “Azərbaycan futbol ictimaiyyətindən üzr istəyirəm” - MÜSAHİBƏ
01 aprel 2011 20:04 (UTC +04:00)

Almaniyalı baş məşqçi: “Azərbaycan futbol ictimaiyyətindən üzr istəyirəm” - MÜSAHİBƏ

- İspaniyada keçirilən təlim-məşq toplanışı barədə məlumat verməyinizi istərdik…

- Başlanğıc çox yaxşı idi. Sözsüz, oyun qrafiki ilə əlaqədar olaraq çox məşq keçə bilmədik. Hazırlığın məqsədi komandaya yeni oyunçular qazandırmaq idi. Eyni zamanda, gələcəkdə milli komandaya xeyir verə biləcək futbolçuları da müəyyənləşdirmək istəyirdik. Bir həftə ərzində 3 oyun keçirmək bizim uşaqlar üçün böyük yüklənmə idi. Bütün bunların fonunda səhvlərimizin qaynağını təsbit etdik. Futbolçuların hazırlıq səviyyəsini əyani şəkildə gördük.

- Üç yoldaşlıq oyunu keçirdiniz. Onlardan ikisində qələbə qazansanız da, Rusiya yığmasına böyük hesabla məğlub oldunuz. Ardıcıl qələbələrdən sonra bu cür məğlubiyyətin səbəbi nə idi?

- Rusiya yığması ilə oyundan əvvəl uşaqların əvvəlki kimi gümrah olmadığını gördüm. Futbolçularda yorğunluq var idi. Bütün komponentlərdə rəqibdən geri qalırdıq. Fiziki, texniki, topla davranış, mövqelərdə spesifik şəkildə oynamaq baxımından onlarla bacarmadıq. Bunun bir neçə izahı var. Heyətimizdə yer alan 22 futbolçunun statistikasını aparmışdıq. Məlum oldu ki, bu 22 futbolçu son 3 ayda Premyer Liqada hamısı bir yerdə cəmi 26 görüşdə meydana çıxıb. Bu onların hansı səviyyədə oyun təcrübəsinə malik olduğunu göstərir. Yəni həmin oyunçular yüksək səviyyədə nəsə etməyə vərdiş etməyiblər. Üçüncü səbəb isə bu gün U-21-də oynamalı olan 1990-cı və 1991-ci il təvəllüdlü uşaqlar yox dərəcəsindədir. Məcburuq ki, daha kiçik təvəllüdlü oyunçuları heyətə cəlb edək. Ortalama götürsək, ruslardan 1 yaş cavan idik. Həm də əlimizdə kifayət qədər istedadlı futbolçu yoxdur ki, komandada rəqabəti artıraq. Bunlar əsas səbəblərdir. Amma istənilən halda bu nəticəyə görə futbol ictimaiyyətindən üzr istəyirəm. Oyundan əvvəl uşaqlara demişdik ki, hər kəs öz ləyaqətinə görə çıxıb oynamalıdır. Ancaq ölkəni təmsil etmək üçün bu da yetərli olmadı.

- Seçmə oyunlardakı rəqiblərimiz heç də zəif komandalar deyil. Üstəlik, ardıcıl iki səfər oyunu olacaq. Yol yorğunluğu nəzərə alınmalıdır. Bütün bu olanların fonunda nə düşünürsünüz, hansı addımlar atacaqsınız?

- Səhvlərimiz üzərində işləyəcəyik. Hansı nəticədən asılı olmayaraq, təsbit etdiyimiz səhvləri aradan qaldırmaq üçün məşqlər edəcəyik. Rəsmi oyunlar zamanı yol yorğunluğundan qaçmaq üçün komandanı 10 gün əvvəl Avropada təlim-məşq toplanışına aparacağıq. Çalışacağıq ki, qarşıdakı vaxt ərzində seleksiya işlərini gücləndirək. Avropa ölkələrində çıxış edən Azərbaycan əsilli futbolçuların tapılıb komandaya cəlb edilməsinə çalışacağıq.

- Cari ildə artıq ikinci təlim-məşq toplanışını keçirdiniz. Birinci ilə müqayisədə hansı dəyişikliyi sezdiniz?

- İlk iki oyunda müsbət dəyişikliyin olduğunu düşünürdüm. Ancaq Rusiya ilə qarşılaşmadan sonra yenidən geriyə qayıtdıq.

- Növbəti toplanış nə vaxt keçiriləcək?

- Aprelin 18-də futbolçuların fiziki durumunu yoxlamaq üçün laktat testi götürəcəyik. Ardınca isə Bakıda qısamüddətli toplanış olacaq. Mayda da burada bir araya gələcəyik. Təlim-məşq toplanışının sonunda Moldova U-21-i ilə yoldaşlıq oyunu keçirəcəyik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar