“Bakı” “Xəzər Lənkəran”la oyunda qələbəyə iddialıdır
01 aprel 2011 12:56 (UTC +04:00)

“Bakı” “Xəzər Lənkəran”la oyunda qələbəyə iddialıdır

Lent.az-ın məlumatına görə, aprelin 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna paytaxt klubu özlərinə məxsus bazada hazırlaşır.

Komanda martın 31-də keçirilmiş məşqə itkisiz başlayıb. Lakin braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramim hazırlıq prosesini tamamlaya bilməyib. O, Vyaçevlav Sofroni ilə mübarizədə zədələnib. Zədənin nə dərəcədə ciddi olduğu tibbi müayinədən sonra bilinəcək.

Topla hərəkətlər, qapıya zərbələr üzərində qurulan məşqdən sonra futbolçular və baş məşqçi Aleksandr Starkov qarşıdakı oyun barədə fikirlərini klubun rəsmi saytına açıqlayıblar.

Ernad Skuliç: “Xəzər Lənkəran”a qarşı oyun bizim üçün çox vacibdir. Premyer Liqada 3-cü və ya 4-cü cü yeri tutmaq şansımız qalır ki, bununla da avrokuboklara vəsiqə qazana bilərik. Əlimizdən gələn hər şeyi edəcəyik ki, bu oyunda qalib gələn tərəf biz olaq”.

Leonardo Roşa: “Antalya toplanışından sonra ilk rəsmi oyunumuza çıxacayıq. İnanıram ki, bu toplanışın gələcək oyunlarda komandamıza çox böyük köməkliyi dəyəcək. “Xəzər Lənkəran”a qarşı oyun çətin olacaq, ancaq inanıram ki, üç xal sonda bizim olacaq. Şəxsən mən qol vurmaq üçün bacardığımı edəcəyəm. Məndən qol gözləyə bilərsiniz”.

Mahmud Qurbanov: “Xəzər Lənkəran”a qarşı oyun ağır və maraqlı alınacaq. Rəqibimiz çempionatın liderlərindən olsa da, hər oyunda olduğu kimi bu gün də meydana yalnız qələbə üçün çıxacağıq. “Bakı” azarkeşlərinə futbolçular adından minnətdarlığımı bildirirəm ki, hər oyun bizə dəstək olurlar. “Xəzər-Lənkəran”a qarşı oyunda da onlardan dəstək gözləyirəm.

Aleksandr Starkov: “Xəzər-Lənkəran” çempionatın liderlərindəndir və bizə qarşı oyuna yüksək motivasiya ilə çıxacaq. Çətin oyun olacaq. Biz öz tərəfimizdən ciddi hazırlaşırıq. Bizə problem yaradacaq bir amil var ki, 4 futbolçumuz milli komandalarının düşərgəsindən yenicə qayıdıb. Onların meydana çıxıb-çıxmayacaqları hazırlıq səviyyələrindən asılı olacaq. Biz hər oyuna eyni məsuliyyətlə yanaşırıq. “Xəzər Lənkəran”la qarşılaşmada da “Bakı” azarkeşləri, klub rəhbərliyini sevindirmək üçün yaxşı oyun göstərməliyik”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Xəzər Lənkəran” matçı aprelin 2-də saat 16:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar