“Baku Fires”in qrup liderliyi uğrunda son sınağı
18 mart 2011 17:50 (UTC +04:00)

“Baku Fires”in qrup liderliyi uğrunda son sınağı

Lent.az-ın məlumatına görə, döyüş öncəsi hər iki komandanın nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Liqanın supervayzeri Kişen Narsi döyüş haqda ətraflı məlumat verdikdən sonra rinqə çıxacaq boksçuların çəki prosesi baş tutub. Ardından hər iki klubun baş məşqçiləri fikirlərini bildiriblər. Çin komandasının baş məşqçisinin sözlərinə görə, növbəti mərhələ şanslarını itirsələr də, sonacan mübarizə aparacaqlar. “Baku Fires”in baş məşqçisi Həmzət Ağayev isə qrupda sonuncu görüşdə mütləq qələbə qazanmaq məcburiyyətində olduqlarını bildirib. O, növbəti mərhələdə rəqibin hansı komanda olmasının fərq etmədiyini vurğulayıb: “Biz WSB liqasının liderlərindənik. Yarımfinalda, rəqibin kim olmasının ciddi fərqi yoxdur. Çünki yarımfinala vəsiqə qazanan komandaların hər biri güclüdür. Çempion olmaq üçün hamıya qalib gəlməliyik”.

Artıq bir döyüşdə komandamızın boksçusunun qalib elan ediləcəyi məlum olub. 85 kq-da mübarizə aparan Janq Vei xəstələndiyindən, rinqə çıxa bilməyəcək. Bu səbəbdən Ramazan Məhəmmədova texniki qələbə veriləcək.

Qeyd edək ki, İndiyədək “Baku Fires” və “Beijing Dragons” klubları 3 dəfə qarşılaşıb və bu görüşlərin hamısı komandamızın qələbəsi ilə yekunlaşıb. “Baku Fires” növbəti dəfə Çin komandasını məğlub etsə, qrupda birinci yeri özünə təmin edəcək. “Astana Arlans” isə ən yaxşı 2-ci nəticəyə malik komanda kimi yarımfinala vəsiqə qazanacaq. Növbəti mərhələdə komandamız yenidən Qazaxıstan klubu ilə üz-üzə gələ bilməz. Bu səbəbdən “Baku Fires”in rəqibi ya “Los Anceles” (Amerika zonası) ya da “Paris Yunayted” (Avropa) olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar