“Neftçi” rəsmiləri və futbolçular derbi öncəsi fanatlarla görüşdü - FOTO
10 fevral 2011 14:45 (UTC +04:00)

“Neftçi” rəsmiləri və futbolçular derbi öncəsi fanatlarla görüşdü - FOTO

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə vitse-prezident Tahir Süleymanov, baş məşqçi Arif Əsədov, futbolçulardan braziliyalı yeni transfer Rodriqinyo, özbəkistanlı bombardir Bahodir Nasimov, makedoniyalı Slavço Georgievski, eləcə də Cavid İmamverdiyev və Ruslan Qurbanov iştirak edib.

Süleymanov çıxışında komandanın hər zaman yanında olduqları üçün azarkeşlərə klub prezidenti Sadıq Sadıqovun təşəkkürünü çatdırıb. Həmçinin, vitse-prezident klub fanatlarından oyunun əsl derbi ab-havasında keçməsi üçün tribunaları doldurmasını istəyib. O, azarkeşlərə yaşıl meydanda 90 dəqiqə gərgin mübarizənin olacağını, güclü olanın qalib gələcəyini bildirib. “Neftçi” rəsmisi belə vacib oyunda fanatların rolunun danılmaz olduğunu, onların komandanın 12-ci oyunçusu olduğunu qeyd edib.

Flaqmanın baş məşqçi Arif Əsədov təlim-məşq toplanışı barədə məlumat verib və keçdikləri yüksək səviyyəli hazırlığın komandanın oyununda özünü əks etdirəcəyini bildirib. Futbolçular isə azarkeşlərə təşəkkür edərək, onlardan qarşıdakı oyunlarda dəstək istəyiblər. Flaqmanın təcrübəli futbolçularından Georgievski meydanda azarkeşlərə görə mübarizə apardıqlarını, qələbəni onlara görə qazandıqlarını bildirib. “Xəzər Lənkəran”la görüş mənim üçün qələbə qazanmalı olduğumuz çempionat oyunudur. Təbii ki, bu oyunun Azərbaycanda necə səbirsizliklə gözlənildiyini bilirik. Bu, Azərbaycanın ən böyük derbisi hesab olunur. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, Premyer Liqa bir matçdan ibarət deyil, bütün görüşlər bizim üçün vacibdir. Bu oyunla yanaşı, digər görüşləri də qazanmaq lazımdır. Əsas odur ki, mövsümün sonunda çempion olaq. Çünki komandamız uzun müddətdir qızıl medalları qazana bilmir. Biz çempion olaraq, bu çempionluğu klubun rəhbərliyinə, “Neftçi” azarkeşlərinə həsr etmək istəyirik”.

Komandanın bombardiri Bahodir Nasimov da “ağ-qara” rənglərə könül verənlərə “Xəzər-Lənkəran”la oyunda kimin qol vurmasından asılı olmayaraq, qələbə qazanacaqlarına söz verib: “Mənim vurduğum qolların sayı vacib deyil. Əsas odur ki, həmin qollar komandaya qələbə qazandırsın . Hazırda “Neftçi”də gözəl, yüksək səviyyəli futbolçulardan ibarət kollektiv formalaşıb. Bura bir ailə kimidir. Klub prezidenti daim bizimlə maraqlanır, məşqlərimizi belə qaçırmır. Yəni biz bütün diqqət və qayğı ilə əhatə olunmuşuq. İnşallah, flaqmanda qalacağam. Komanda ilə Avropa Kuboklarında öz sözümüzü deyəcəyik. “Neftçi” ən yaxşı yerlərə layiqdir”.

Azarkeşlərlə görüşdə “Flaqman” və “UltraNeftçi” fan-klublarının rəhbərləri Ceyhun Bədəlzadə və Ceyhun Əzizli çıxış edərək, komandaya uğurlar arzu ediblər. Onlar “Xəzər Lənkəran”la oyunda “Neftçi”nin qələbəsini arzuladıqlarını, lakin bu matçın hər şeyin sonu olmadığını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar