Bukmeyker kontorlarında 250 min manat udmaq mümkün olacaq
18 yanvar 2011 13:47 (UTC +04:00)

Bukmeyker kontorlarında 250 min manat udmaq mümkün olacaq

Lent.az-ın məlumatına görə, tədbirdə “Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov və Türkiyənin “İnteltek” Qapalı Səhmdar Cəmiyyətinin baş müdiri Ahmet Sezer iştirak edib.

A.Məhərrəmov ilk olaraq qeyd edib ki, Bakı və Abşeronda 70 yerdə “Topaz” brendi altında kontorlar fəaliyyətə başlayacaq: “Bu gündən etibarən Bakıda agent məntəqələri fəaliyyətə başlayacaq. Daha sonra Azərbaycanın bölgələrində də bu işə start veriləcək. Əsas odur ki, Azərbaycan idmanı bu işdən faydalansın”.

A.Məhərrəmov bildirib ki, onların əsas işi şəbəkəni qurmaqdır. O həmçinin qeyd edib ki, “qara bazarla” mübarizə məsələsinə müvafiq qurumlar nəzarət edəcək: “Pul qoyuluşu həm də telefon-internet şəbəkəsi vasitəsilə də mümkün olacaq. Ən azı 3 oyuna pul qoyuluşu mümkün olacaq. Amma gələcəkdə bu rəqəm iki və ya dörd də ola bilər”.

Mətbuat konfransında “Unibank” Premyer Liqasına da pul qoyuluşu diqqət mərkəzində olub. A.Məhərrəmov bildirib ki, Azərbaycan klubları beynəlxalq yarışlarda iştirak edən zaman həmin oyunlara pul qoyuluşu mümkün olacaq.

Gəlirin 4.2 faizi yerli idmana yönəldiləcək. Həmin pulun 30 faizi AFFA-ya, qalan 70 faizi isə digər idman növlərinə yönəldiləcək.

Ümumi gəlirdən 6 faizi vergilərin ödənilməsinə sərf olunacaq. Minimum pul qoyuluşu 1 manat, maksimum uduş isə 250 min manatdır.

Pul udmuş şəxs uduşunu oyun bitəndən sonra götürə biləcək. Buna dövlət səviyyəsində təminat verilir.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1246

Oxşar yazılar