MOİK dağılacağı haqda xəbərləri təkzib edir
22 dekabr 2010 16:44 (UTC +04:00)

MOİK dağılacağı haqda xəbərləri təkzib edir

“Son günlər ölkə mətbuatında MOİK-lə bağlı həqiqətəuyğun olmayan silsilə yazılar dərc olunmaqdadır. İddialara görə, guya rəhbərlik futbolçuların əmək haqlarını verə bilmədiyindən, MOİK fəaliyyətini dayandıracaq və bir klub kimi ləğv ediləcək. MOİK rəhbərliyi rəsmən bəyan edir ki, bütün bu yazılanlar cəfəngiyatdır və heç bir əsası yoxdur”. Bu fikirlər MOİK-in mətbuat xidmətindən Lent.az-a daxil olan bəyanatda əksini tapıb.

Sənəddə bildirilir ki, 2002-ci ildən etibarən peşəkar futbol klubu statusu daşıyan MOİK Müdafiə Nazirliyinin dəstəyi sayəsində bundan sonra da fəaliyyətini davam etdirəcək. Mətbuatda dərc edilən məqalələrin əksinə olaraq, klubda heç bir maliyyə problemi yoxdur.

MOİK-in dekabrın 18-də Unibank Premyer Liqasının XVIII turu çərçivəsində “Xəzər-Lənkəran”la oyuna çıxmayacağı barədə də fikirlər səsləndirilib. Lakin klubun bəyanatında bu iddiaların absurd olduğu əksini tapıb. MOİK dekabrın 23-də “Simurq”la Zaqatalada keçiriləcək oyuna çıxmayacağı barədə fikirləri də təkzib edib: “MOİK-in əvəzedici heyəti artıq Zaqataladadır, əsas komanda isə bu gün axşam saatlarında səfərə yollanacaq. Göründüyü kimi, MOİK-i istəməyənlərin, hər fürsətdə komandamız barədə yanlış fikir səsləndirənlərin növbəti iddiası boşa çıxdı”.

“Yaxşı olardı ki, KİV nümayəndələri öz yazılarında MOİK-in orta yaş həddinə görə Premyer Liqada ən gənc kollektiv olmasına, heyətində demək olar, legioner oynatmamasına diqqət yönəltsinlər. MOİK indiyədək Azərbaycan futboluna bir sıra istedadlı oyunçular bəxş edib və indi də heyətdə futbolumuzun gələcək ulduzları yer alıblar. Belə bir perspektivli komanda barədə bəzi mətbu orqanların “qara piar” aparması yox, dəstək göstərməsi daha məqsədəuyğun olardı” deyə açıqlamada qeyd olunur.

MOİK bəyan edib ki, 2010/2011-ci il mövsümünün debütantı olan MOİK-in əsas məqsədi Premyer Liqada yerini qorumaqdır: “Əgər cari mövsüm bu məqsədimizə çatmasaq, növbəti ildə I divizionda iştirak edib, yenidən Premyer Liqaya dönməyə çalışacağıq!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar