“Bakı”nın vitse-prezidenti: “Korkmazın xəbəri olmadan da komanda ilə iclas keçirmişik” - MÜSAHİBƏ
24 mart 2010 12:00 (UTC +04:00)

“Bakı”nın vitse-prezidenti: “Korkmazın xəbəri olmadan da komanda ilə iclas keçirmişik” - MÜSAHİBƏ

“Bakı” futbol klubunun türkiyəli vitse-prezidenti Tunc Afşarın Lent.az-a müsahibəsi


- Bülənt Korkmazın istefasını necə qəbul etdiniz?

- Korkmazın gedişi şəxsən mənim üçün gözlənilməz oldu. Çünki komandanın vəziyyəti yaxşı idi. Həm çempionluq, həm də kubok üçün oynayırdıq.

- Amma Korkmaz bildirib ki, klubun bəzi rəsmilərinin gözü məhz bu uğurları götürməyib...


- Bu, öz fikirləridir. Həmin fikirlərə hörmətlə yanaşıram. Çünki heç bir məşqçi başladığı işi yarıda buraxmaq istəməz. Hər halda, o da bəzi çətinliklər yaşadı ki, işini yarıda buraxdı.


- Hansı çətinlikləri nəzərdə tutursunuz?

- Bunu Korkmazın özü bilir. Bu barədə mənə heç bir məlumat verməyib. Sadəcə, “Çətinliklərim var” dedi. Ona görə də konkret nəyi nəzərdə tutduğunu özündən soruşmaq lazımdır.


- Bəs niyə o, çətinliklərini klub rəsmilərinə yox, Türkiyə mətbuatına ətraflı açıqlayıb?


- Mən Korkmazın Türkiyə mətbuatında çıxan açıqlamaları ilə tanışam. Amma özü ilə danışarkən, “Mən elə sözlər deməmişəm” söylədi. İstefasının səbəbi özündə gizlənir.


- “Bakı”nın Unibank Premyer Liqasının XXIV turunda “Neftçi”yə 0:1 hesablı məğlubiyyətindən sonra klub rəsmilərindən kimsə komanda ilə toplantı keçirib?


- Xeyr. “Neftçi” ilə oyundan sonra hər hansı toplantı olmayıb. Əslində, Korkmazın özü də istefasının bu oyunla bağlı olmadığını bildirib. O, mənimlə söhbətində bir yox, bir neçə problemin olduğunu bildirdi, amma konkret problemlərinin nədən ibarət olduğunu bizimlə bölüşmədi. Biz sadəcə, onun qərarına hörmət göstərdik.


- “Bakı”da baş məşqçinin xəbəri olmadan klub rəsmiləri komanda ilə birgə toplantı keçirirlər?


- Təbii ki, hər zaman futbolçularla danışıqlarımız olur. Bundan baş məşqçinin xəbəri olduğu da, olmadığı da zamanlar olur.


- Bəs reaksiyası necə olur?


- Hər məşqçinin belə hallara özünəməxsus reaksiyası olur. Martın 20-də keçirilmiş Türkiyə Superliqası matçında “Qaziantepspor” üzərində 1:0 hesablı qələbədən sonra “Fənərbağça”nın prezidenti Əziz Yıldırım paltardəyişmə otağına gedərək, futbolçuların üstünə qışqırıb. Bu, peşəkarcasına davranış deyil. Amma hər klubda olan şeylərdir. Yəni, rəhbərlik futbolçularla danışıqlar aparır. Bu, məncə, normal haldır.


- Amma Bülənt Korkmaz bildirir ki, “Bakı”ya baş məşqçi təyin olunduğu vaxt ona “Komandada yeganə söz sahibi Sizsiniz” deyilib...


- Təbii ki, komandanın uğuru da, uğursuzluğu da onundur. Biz rəhbərlik olaraq, heç vaxt onun qurduğu heyətə və taktikasına qarışmamışıq. Sadəcə, qarşılıqlı fikir mübadilələri zamanı məsləhət veririk. Bu məsləhətlərə qulaq asar-asmaq, özü bilər. Bu, hər məsələdə belədir: İstər heyət, istər taktika, istərsə də infrastrukturla bağlı olsun.


- Bülənt Korkmaz komanda ilə birgə toplantını klubun II başqanının keçirdiyini bildirib. “Bakı” klubunda bu vəzifəni tutan kimdir?


- Klubumuzun 3 vitse-prezidenti var: Mən, Yaşar Seyidov və Zeynal Məmmədov. 2009-cu ilin yayından struktur bu cür formalaşıb. Əvvəllər isə Zeynal Məmmədov baş menecer, Yaşar Seyidov icraçı direktor, mən isə vitse-prezident idim. İndi hər 3 vitse-prezident eyni səlahiyyətlərə malikdir. Klub prezidenti Hafiz Məmmədov olmadıqda onun səlahiyyətlərini üçümüzdən biri yox, hər üçümüz yerinə yetiririk.


- Bülənt Korkmazın gedişindən sonra “Bakı”da çalışan digər türkiyəli mütəxəssislər də istefa verməyə başlayıb. Bu, Sizin də klubdakı gələcək karyeranıza təsirini göstərə bilər?


- Mən “Bakı”ya Bülənt Korkmazla birgə gəlməmişəm. O, komandaya gələndə mən burada idim. Klubdan gedişim də Korkmaz və ya digərlərinin ayrılması ilə yox, prezidentimiz Hafiz Məmmədovun istəyinə bağlıdır.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908

Oxşar yazılar