Ağ olimpiada başladı
13 fevral 2010 10:30 (UTC +04:00)

Ağ olimpiada başladı

Kanadanın Vankuver şəhərində XXI Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.


Lent.az-ın məlumatına görə, əvvəlcə bəstəkar Devid Pirsin ifasında təntənəli “Zirvədə məşəl” melodiyası səsləndirilib.


Sonra arenaya Kanadanın baş qubernatoru Mikael Jan, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe, ərazilərində olimpiadanın idman obyektlərinin tikildiyi dörd hindu tayfasının rəhbərləri daxil olublar. Təşkilatçı ölkə sayılan Kanadanın himninin ifasının və hindi qəbilələrinin rəhbərlərinin müraciətinin ardından stadionun cığırına Yunanıstan yığması çıxıb. Daha sonra digər ölkələrin nümayəndələri də tamaşaçılar önündən keçiblər. Azərbaycan nümayəndə heyətinin bayraqdarı Qış İdman Növləri Federasiyasının baş katibi Fuad Quliyev olub. Təntənəli keçidi Kanada komandası başa vurub. Bu ölkənin bayrağını isə Yay və Qış Olimpiya Oyunlarının qalibi Klara Hyuz daşıyıb. Gürcüstan millisi məşq vaxtı ölən kirşəsürən Nodar Kumaritaşvilinin xatirəsinə ehtiram əlaməti kimi tamaşaçılar önünə qara sarğı ilə çıxıb.


Mərasimdə 82 ölkədən 2500 idmançı iştirak edib. “BC Place” stadionunda keçirilən tədbiri on minlərlə azarkeş izləyib. Tədbir öncəsi tamaşaçılara kiçik barabanlar paylanıb. Onları salamlayan ilk müğənnilər isə Brayan Adamsla Nelli Furtado olub. Təntənəli mərasim başa çatdıqdan sonra Kanadanın baş qubernatoru Mikael Jan XXI Qış Olimpiya Oyunlarını açıq elan edib.


Ənənəyə əsasən, mərasim paralimpiyaçı Rik Hansen, konkisürən Katrin Lemey-Doan, basketbolçu Stiv Neş, dağ xizəkçisi Nensi Qrin və hokkeyçi Ueyn Qretskinin olimpiya məşəlini yandırması ilə yekunlaşıb.


Qeyd edək ki, fevralın 28-də başa çatacaq Vankuver olimpiadasında 86 dəst medal 15 növ - biatlon, bobsley, dağ xizəyi, ikinövçülük, kerlinq, xizəksürmə, tramplindən tullanma, kirşəsürmə, konkisürmə, skeleton, snoubord, fiqurlu konkisürmə, fristayl, hokkey və şort-trek üzrə sahiblərini tapacaq.


Azərbaycanı cəmi 2 idmançı təmsil edəcək. Sedrik Notz əslən isveçrəli, Qaya Bassani Antivari isə italiyalıdır. Onlar dağ xizəkçiliyi növündə böyük slalom və slalom yarışlarına qatılacaqlar. 36 yaşlı Notz kişilərin, 32 yaşlı Antivari isə qadınların yarışında qüvvəsini sınayacaq.

İdmançılarımızın yarış qrafiki:

21 fevral
22:00. Böyük slalom (kişilər)

24 Fevral
22:00. Böyük slalom (qadınlar)

26 fevral
22:00. Slalom (qadınlar)

27 fevral
22:00. Slalom (kişilər).

Başlama saatı Bakı vaxtı ilə göstərilib.

Elşən Məmmədov
# 679

Oxşar yazılar