Avropa Oyunları üçün Bakıda yeni stadion tikiləcək
13 dekabr 2012 01:00 (UTC +04:00)

Avropa Oyunları üçün Bakıda yeni stadion tikiləcək

Dekabrın 12-də gənclər və idman naziri Azad Rəhimov dünyanın məşhur “Eurosport” və Ukraynanın “İnter” telekanallarına müsahibə verib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsahibə əsasən, Avropa Olimpiya Komitəsinin qərarı ilə 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarının təşkilatçılığının Bakıya həvalə edilməsi ilə bağlı olub.

Telekanal əməkdaşlarının suallarını cavablandıran nazir Azad Rəhimov 2015-ci Avropa Oyunlarının bir çox cəhətdən paytaxtımız üçün əhəmiyyətli olacağını bildirib: “Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızı bu tarixi nailiyyət münasibətilə təbrik etdi. Bu özü belə mötəbər yarışın ölkəmizdə təşkilinə həm dövlət rəhbərliyinin, həm də xalqımızın necə əhəmiyyət verdiyini göztərir. İnanıram ki, 2015-ci ildə bu oyunlardan sonra, biz həm Bakının daha da inkişaf edəcəyini və böyüyəcəyini görəcəyik.”

Jurnalistin “Oyunların Bakıya həvalə edilməsini gözləyirdinizmi?” sualına cavab olaraq nazir bildirib ki, paytaxtımız həm 2016, həm də 2020-ci il olimpiadalarının təşkilatçılığına iddiaçı şəhər olub. Buna görə də, Bakının təbliğatı məqsədilə, bir sıra işlər görülüb. “Avropa Olimpiya Komitəsinin rəhbərliyi də ölkəmizin idman yarışlarındakı təşkliatçılığını yüksək qiymətləndirir. Bütün bunlar, eləcə də dövlətinmizin I Avropa Olimpiya Oyunlarını yüksək səviyyədə təşkil ediləcəyinə təminat verməsi Bakının 48 ölkədən 38-nin səsini toplamasına kömək etdi.”
Nazir həmçinin, bildirib ki, Bakının mövcud idman infrastrukturu bu oyunları keçirməyə imkan verir: “Bəzi idman növləri üçün müvəqqəti idman qurğuları inşa ediləcək. Bundan başqa, həmin vaxtadək oyunların açılış mərasiminin təşkili üçün 65 min nəfərlik Olimpiya stadionu hazır olacaq. Bundan başqa Su idmanı Mərkəzi və Gimnastika Kompleksi də 2015-ci ilədək istifadəyə verilməsi gözlənilir. Bundan başqa Heydər Əliyev adına İdman-Konsert Kompleksi, T.Bəhramov adına Respublika stadionu, şəhərdəki digər idman mərkəzləri müxtəlif idman nğvləri üzrə yarışların təşkilinə istifadə olunacaq. Əsas məsələ olimpiya kəndinin inşasıdır ki, bunun üçün də mümkün variantlar var.”
A.Rəhimov xarici jurnalistlərə bildirib ki, Oyunların bütün yayım hüquqlarının satışından əldə edilən gəlir, Azərbaycanın qazancı olacaq. Eyni zamanda, brendlər və bilet satışı hüququ da ölkəmizə verilib. Bu maddələr üzrə büdcəmizə ən azı 100 milyon avro vəsait daxil olacaq. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin də inkişafına böyük təkan verəcək.

Müsahibə zamanı nazir Azad Rəhimov telekanal əməkdaşlarının Azərbaycan idmanı ilə bağlı digər suallarını da cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1924

Oxşar yazılar