Çempionlar Liqası ötdü, yaşasın Avropa Liqası!
09 avqust 2012 00:01 (UTC +04:00)

Çempionlar Liqası ötdü, yaşasın Avropa Liqası!

Lent.az-ın məlumatına görə, Azərbaycan çempionu III təsnifat mərhələsində İsrailin Kiryat-Şmona şəhərini təmsil edən “Hapoel”lə bacarmayıb.

İlk görüşdə səfərdə 0:4 hesabı ilə uduzan flaqmanı cavab qarşılaşmasında 5 top fərqi ilə qələbə qane edə bilərdi. Bu məğlubiyyətdən sonra “Neftçi”nin 3 arxa xətt oyunçusu – qapıçı Rauf Mehdiyev, müdafiəçi İqor Mitreski və kapitan Rail Məlikov transferə çıxarılmışdı. Onların yerinə baş məşqçi əvəzi Tərlan Əhmədov qapıda Saşa Stamenkoviçi, müdafiənin mərkəzində Saşa Yunisoğlunu, sağ cinahında isə Emin Mehtiyevi qoymuşdu.

Startdaca irəli atılan “Neftçi”nin erkən qol vurmaq istəyi alınmayıb. Amma hər halda, “ağ-qaralar” 31-ci dəqiqədə istəyinə çatıb. Culius Vobay cərimə zərbəsini ustalıqla yerinə yetirərək, topu uzaq küncə göndərib – 1:0. Komandalar fasiləyə bu hesabla çıxıblar.

İkinci hissəyə “Hapoel” qolla başlayıb. 50-ci dəqiqədə Barak Badaş “Neftçi”nin müdafiəsindəki kobud səhvdən lazımınca yararlanıb. Bununla da flaqmanın növbəti mərhələ şanslarının üstündən xətt çəkilib. Qalan dəqiqələrdə daha 5 top vurmağın mümkünsüzlüyünü anlayan meydan sahibləri oyundan qalib ayrılmağa çalışıblar. 63-cü dəqiqədə oyuna daxil olan Cavid İmamverdiyev bundan 13 dəqiqə sonra “Neftçi”ni hesabda yenidən önə çıxarıb. O, Vobayın cinah asmasını başla tora göndərib. Lakin flaqman yenə qələbəni qoruya bilməyib. Oyuna əlavə olunan dəqiqələrdə Laslo Lençe “ağ-qaralar”ın müdafiəsindəki növbəti kobud səhvdən məharətlə yararlanıb – 2:2.

Beləliklə, “Neftçi” o qədər də güclü olmayan “Hapoel” qarşısında aciz qalıb. Çempionlar Liqasında çıxışlarını dayandıran flaqman indi mübarizəni Avropa Liqasının “pley-off” mərhələsində davam etdirəcək. Növbəti rəqibin adına avqustun 10-da atılacaq püşk nəticəsində aydınlıq gələcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar