Məhyəddin Allahverdiyevdən ilginc açıqlamalar – MÜSAHİBƏ
08 avqust 2012 18:42 (UTC +04:00)

Məhyəddin Allahverdiyevdən ilginc açıqlamalar – MÜSAHİBƏ

Milli Olimpiya Komitəsinin sabiq sədri (1992-1997-ci illər), üçqat dünya çempionu, Avropa çempionu, 6 dəfə Dünya Kubokunun (üç şəxsi, üç komanda hesabı), 3 dəfə SSRİ kubokunun sahibi, SSRİ çempionu, olimpiya oyunlarının 4-cü mükafatçısı Məhyəddin Allahverdiyev “Yeni Müsavat” qəzetinə müsahibə verib. Lent.az müsahibəni təqdim edir.

- Məhyəddin bəy, maraqlıdır, üçqat dünya çempionu hazırda nə işlə məşğuldur?

- Heç bir işlə məşğul deyiləm. Nə biznesim var, nə də işim. Sadəcə azadlığım var, öz həyatımı yaşayıram. İdman vərdişləri ruhumu dincəldir, onlarla məşğulam. Qalan vaxt “Yeni Müsavat”, “Azadlıq” qəzetlərini oxuyuram, dünyadakı prosesləri izləyib analiz edirəm. 10 ildən artıq SSRİ yığma komandasının tərkibində olmuşam, komanda yoldaşlarım Rusiyanın bütün bölgələrində yaşayır. Onlarla zəngləşirəm, elə olur məni yubileylərə dəvət edirlər.

- Keçmiş komanda yoldaşlarınızdan dəvətlər alıbsınızmı?

- Məni Moskvaya dəvət ediblər. Axı Moskvada OİK-də güləşmişəm. O vaxt məni SSRİ müdafiə nazirinin məktubu ilə Moskva Hərbi Dairəsinə apardılar, orda hərbi xidmət keçdim. Sonra Leninqrad Hərbi İnstitutunu bitirdim. Qısa müddətdə leytenant, baş leytenant oldum. SSRİ-də ən yüksək maaş alan 50 idmançı var idisə, Azərbaycandan da tək mən idim. 1987-ci ildə də dünyada olimpiya idman növündə ardıcıl qələbələr qazanan idmançılar arasında SSRİ-nin tarixində 6-cı adam oldum. Yəni dalbadal üçqat dünya çempionu oldum. Zədə ilə əlaqədar olimpiya oyunlarında iştirak etmək qismət olmadı. 2006-da Bakıdakı çempionatdan sonra 25-30 idmançı dostlarımı qonaq elədim. Hamı sual verirdi ki, sənə qarşı niyə belə edirlər, səni niyə mükafatlandırma mərasiminə dəvət etmirlər, axı Azərbaycan tarixində başqa üçqat dünya çempionu yoxdur. Dedilər, gəl Moskvaya, niyə qalmısan burada.

- Yəni əsas səbəb Elçibəy hakimiyyəti dönəmində MOK sədri olmağınızdır?

- Yəqin ki. Vaxtilə SSRİ-nin idman naziri olan tanışım bir dəfə dedi ki, Heydər Əliyev sağ olsaydı, sənin işinlə bağlı onun qəbuluna girib deyərdim belə olmaz. Dedi, mən nazirlə, Olimpiya Komitəsi ilə danışacağam ki, sənə bir iş versinlər. Bir dəfə uşaqlar dedi sənin günahın odur ki, sən o vaxt həm indi nazirlik olan komitənin, həm də Milli Olimpiya Komitəsinin sədri olmusan (gülür). Bəlkə də bunlar elə hesab edir ki, yəqin hansısa partiyanın üzvüyəm. 13 ildir bunlarla heç bir əlaqəm yoxdur. Sonuncu dəfə 2000-ci ildə İlham Əliyevin göstərişi ilə Sidney olimpiadasına məni də apardılar. Mən 1998-ci ildən MOK-un 200 manat təqaüdünü alıram. Baxmayaraq ki, seçkilərdə Müsavatın, İsa bəyin vəkili oldum, ancaq İlham Əliyev adımı o siyahıdan çıxartmadı. Sağ olsun. 2004-cü ildən isə prezident təqaüdü təsis olunub. Sənədləri yığdım, həm “Əməkdar idman xadimi” adına, həm də prezident təqaüdünə verdim. Ancaq nəticə olmadı. Sonra işlə bağlı müraciət etdim. 2008-də dedim ki, məni məşqçi təyin edin. Dedim, xariciləri gətirib böyük məbləğlərdə müqavilə bağlayırsınız. Ancaq mənə ayda 1000 manat maaş verin, ailəmi saxlayım, baş məşqçi işləyim. Elə müqavilə bağlayaq ki, mən 4 ildən sonra sizə 1 olimpiya qızılı gətirəcəyəm. Fikirləşdilər, hərəsi dedi bunu prezidentə kim desin, heç kim qorxusundan deyə bilmədi. Güləşdiyim idman cəmiyyətləri var, deyirəm heç olmasa sıravi məşqçi götürün, 300-400 maaş verin, uşaqları öyrədim. Deyirlər, vallah, biz qorxuruq, sənin problemin birinci şəxslədir, get əvvəl onunla problemi həll elə. Deyirəm, axı mənim onunla nə problemim var, onu harada görürəm ki, məsələni aydınlaşdırım.

- Bəlkə qəzetimiz vasitəsilə prezidentə müraciət edəsiniz...

- Problem yoxdur. Elə isə müraciət edirəm: cənab prezident, xahiş edirəm mənə bir iş verin. Mən vəzifə istəmirəm ki. Hara gedirəm, qapılar üzümə bağlıdır. Deyirlər mənim problemim sizinlədir. Xahiş edirəm, göstəriş verin ki, mənə idman cəmiyyətlərində məsləhətçi, məşqçi-müəllim işi verilsin. Mənim də bu ölkəyə faydam dəyə bilər. Çünki mən get-gedə yaşa doluram. Hər halda, məndən bu dövlətə zərər gəlməz. Axı mənim böyük təcrübəm var. Məgər mən belə təhlükəliyəm? Mən prezidentin saytına da məktub yazacağam. Onu da deyim ki, 1997-ci ildə İlham Əliyev Neft Şirkətində məni qəbul elədi, iki saat dərdləşdik. Ancaq sonra yəqin kimsə demişdi ki, bunun əqidəsi müsavatçı əqidəsidir.

- Nə vaxtsa “YAP-a yazıl, sənə iş verək” deməyiblər?

- Yox. Mən heç vaxt elə təklifi qəbul etmərəm də. Mən ucuz adam deyiləm və özümü heç kimə elə ucuz satmaram. Mən İsa bəylə dostam, rəhmətlik Elçibəylə dost olmuşam. Mən dostluğu itirən insanlardan deyiləm. İlham Əliyevə də prezident kimi münasibətim normaldır, hərçənd onun zamanında əziyyət çəkirəm. Amma ölkəmin prezidenti kimi hörmətlə yanaşıram. Mən iki dəfə avtomobil qəzasına düşdüm. 2008-ci ildə qolum sındı. 2010-da Moskvada dünya çempionatından sonra ikinci dəfə qəzaya düşdüm, yenə qolum sındı. İndi-indi özümə gəlirəm. Amma məşqçilik eləyə bilərəm.

- Azad Rəhimovla görüşüb fikirlərinizi deyibsiniz?

- Yox. Yalnız nazir təyin olunanda gedib onu təbrik etdim. Soruşdu ki, nə problemin, çətinliyin var. Dedim, heç bir problem yoxdur, sadəcə gəldim sizi təbrik edim. Ancaq bundan sonra Azad müəllimin qəbuluna gedəcəyəm. Köməkçisi deyib nə vaxt istəyir, gəlsin. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə də görüşəcəyəm.

Sözarası məlum olur ki, Məhyəddin bəyin ailə-uşağı Amerikada yaşayır:

- Orada qayınanamgilin evləri var. Qayınanam da Amerikada yaşayır. Onlar Amerika vətəndaşlığı alıb. Uşaqların pasportunda iki ad yazılıb. Oğlumun adı Cerald-Telman, qızımın adı Allahverdiyeva Cenifer-Leyladır. Uşaqlar 9 ay yarım Amerikada olurlar, 2 ay yarım da burada. Tətilə gəlmişdilər, getdilər. Ayın 12-si orada məktəb açılacaq. Oğlum basketbola, qızım böyük tennisə gedir. Yəqin mən də iş qurub onları irəli aparmaq üçün çalışaram. Oğlum güləşmək istəyirdi, qoymadım, dedim oxu, sənət sahibi ol. Rus, ingilis, fransız dillərini bilir, ispanca öyrənirlər. Özüm burada atamgildə qalıram. Anam gözündən kənara qoymur. Evim olsa da tək qalmağa qoymurlar. Nə qədər yaşlansan da ata-ana üçün yenə uşaqsan da. Mən Amerikada qala bilmirəm. Dostlarım, xüsusilə yəhudilər, həmçinin amerikalılar var. Mən daha çox Moskvada rahat oluram (Söhbətin bu yerində yaxın dostu olan məşhur rus idmançılarının adını çəkir-E.P.) Məşhur dünya siyasətçiləri Karteri, Klintonu, Albert Qoru görmüşəm, görüşmüşəm. Atlanta meri ilə şəxsi tanışlığım var. Yer kürəsini iki-üç dəfə fırlanmışam. Elə yer yoxdur ki, orda olmayım.

- London olimpiadasında idmançılarımızın çıxışlarını necə dəyərləndirirsiniz? Uğursuzluqların əsas səbəbi nədir? Kimlərsə cəzalanmalıdırmı?

- Uğursuzluğa uğrayan növlər üzrə baş məşqçilər dəyişdirilməlidir. 10 ildən artıq baş məşqçi ola bilməz. Güllə atıcılığına milyonlarla vəsait qoyulub, tikinti aparılıb. Gedin görün orda bir azərbaycanlı varmı? Hanı onun nəticələri? Qılıncoynatma ənənəmiz var idi, hanı nəticələr? Artıq 21 ildir müstəqil dövlətik e. 55-60 yaşında tapança atanlarımız var. Hanı bəs cavanlar? Axı pullar gedir, federasiyalar var. Allah baş üstədir, İlham Əliyev maliyyə ayırır da. İşləmək lazımdır. Bizim dövrümüzdə çox ağır durumda çalışırdıq. Büdcəmiz 20 min dollar idi, indi gəl bu pula ili başa vur.

- Xaricdən böyük pullar hesabına məşqçi, idmançı alınmasına necə baxırsınız?

- Xüsusilə xaricdən güləşməyə idmançı gətirmək düzgün deyil. Nə sərbəst, nə klassik güləş üçün. Bizim güləş məktəbimiz, öz güləşənlərimiz var. Güləşdə çox güclü sovet məktəbi olub. Bu mənada xaricdən mütəxəssis gətirmək yersizdir. O pullara qənaət etmək lazımdır.

Məhyəddin bəy söhbətin bu yerində efirdə milli güləş yığmamızın baş məşqçisi, türkiyəli Salih Boranı görüb maraqlı açıqlama verir:

- Salih Bora çox yaxşı insandır. O, dünya çempionatında iki dəfə ikinci olub. Los-Anceles olimpiya oyunları ərəfəsində, may ayında onunla güləşdim. Mənim 22, onun 32 yaşı var idi. 48 kq-da güləşirdik, özü də məndən boyca balaca idi. Onu uddum. Amma mütəxəssis kimi yaxşı nəticələri var. Biliyə qalanda, böyüklük olmasın, Azərbaycanda bu sahədə mənə çatan ikinci adam görmürəm. Kiminsə xətrinə dəyər, mən o vaxt canımdan keçmişəm. Sovet vaxtı elmi-tədqiqat institutlarının hazırladığı proqramları bədənimlə keçmişəm, gündəliklərim var. 365 gün təlim-məşq toplanışlarında olurduq, ilboyu hazırlaşırdıq. 1985-ci ildə Los-Ancelesdə ikiqat olimpiya çempionu olan italyanı uddum, finalda da dünya çempionunu udub dünya çempionu oldum. Bakıya gəldim, bir sutka evdə oldum, qurban kəsdilər, səhər uçdum Moskvaya, oradan da Vladivostoka. Biz belə çalışırdıq. Elə olub təyyarədə yer olmadığından pilotun yanında uçmuşam. Aeroport, taksi sürücüləri qulluğumda idi. Xeyrulla adlı pilot var idi, deyirdi, Məhyəddin, bax gör təyyarəni necə endirirəm (gülür).

- Olimpiya çempionu Elnur Məmmədlinin ilk oyunda uduzması çox gözlənilməz oldu. Peşəkar kimi bunun səbəbini nədə görürsünüz?

- Böyük idmanda heç kim məğlubiyyətdən sığortalanmayıb. Ancaq Elnur 81 kilo çəkiyə keçib, yəqin hələ o formanı yığmayıb. Cavandır, yəqin gələcəkdə öz sözünü deyər, o, yaxşı idmançıdır, ürəklidir, qorxaq deyil. Odur ki, ruhdan salmaq lazım deyil, idmandır da. Udanda yaxşıdır, uduzanda pis? Onun rəqibi də yaxşı çıxış etdi, bürünc aldı. Ola bilər Elnur rəqibi saya salmayıb, ciddi yanaşmayıb. Deyirlər ki, idmançılara milyonlar verilir, bu, düzgün deyil. Azərbaycana şərəf gətirən idmançılara milyonlar qurban edilməlidir.

- Amma üçqat dünya çempionu da 200 manata baxmamalıdır...

- Mənim taleyim yəqin siyasətlə bağlı oldu, belə alındı. Əlbəttə, belə olmamalı idi. Hərənin öz dünyabaxışı, əqidəsi, yolu var, o, heç nəyə mane olmamalıdır. İnsan azaddır axı.

- Bundan sonrakı planlarınız nədir?

- Prezidentə müraciət edəcəyəm, iş verəcək - qalacağam burada, verməyəcək - sağ olsunlar, mətbuat konfransı keçirib gedəcəyəm Rusiyaya. Daha bəsdir, yetər. 13 il bəsdir. İnsan adam öldürəndə, cinayət edəndə cəmiyyətdən 10-15 il təcrid olunur. Yaxşı, mən dedim “hamı Müsavata səs versin”. Bir cümləyə görə adamı 13 il cəzalandırmaqmı olar? Vəzifə vermə, nazir, icra başçısı qoyma, istəmirəm. Məşqçi-müəllim də işləməyə qoymaq olmaz? Axı mən tarix yazmışam, Azərbaycanda olimpiya növündə yeganə üçqat dünya çempionuyam, SSRİ-nin əməkdar idman ustasıyam, zamanın qəhrəmanıyam. Taledir də, zədəli olmasaydım, bir əllə də 1984-də, 1988-də olimpiya çempionu olardım. Mən Azərbaycan üçün güləşmişəm, amma Azərbaycan mənimçün heç nə eləməyib. Rusiyada idman haqqında qanunlara görə, bütün çempionlara ömürlük təqaüd verilməsi nəzərdə tutulur. Ruslar mənə deyir ki, artıq 13 il keçib, yəni indi də səni amnistiyaya salmaq mümkün deyil (gülür). Mənə Moskvada ev verdilər, imtina etdim ki, vətənə qayıdıram. Amma artıq bu münasibət məni getməyə vadar edir. Rusiyaya getsəm, onlara heç olmasa 8 ilə olimpiya çempionu qazandıracağam. Həm biznesimi quracağam, həm də məşqçilik edəcəyəm. Artıq işləməyə bilmərəm, 50 yaşım var, uşaqlar da böyüyür. Mənim şəklim OİK-də muzeydə, idman zalında yüzlərlə dünya ulduzları ilə birgə vurulub, adım qızıl hərflərlə yazılıb. Mənə nə qədər ağır olsa da bu payız mütləq gedəcəyəm. Ancaq yenə deyirəm, öncə prezidentə müraciət edəcəyəm.

Efirdə Belarus yığmasının baş məşqçisi, həmyerlimiz Kamandar Məcidovu göstərirlər. Canlı əfsanə deyir ki, iki dəfə dünya və olimpiya oyunlarının qalibi olan Məcidovla vaxtilə komanda yoldaşı olublar:

- 1985-ci ildə Almaniya kuboku yarışlarına gedirdik. Kamandarın belarus qayınanası zəng elədi ki, təbrik edirəm, qızın olub. Kamandar qayıtdı ki, ayə, ağrın alem - gürcüstanlıdır axı - qızımın adını sən qoyarsan. Elə aeroportdayıq, əl çantasına bağlanan birkaya baxdım ki, yazılıb “Sabina” aeroportu. Dedim, Kamandar, uşağın adı oldu Səbinə. Elə bu adı daşıyan bircə qızı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1361

Oxşar yazılar