“Biz öz torpaqlarımızı geri qaytarırıq. Hər gün də şad xəbər alırıq ki, bu da hamımızı sevindirir”.
Bunu apasport.az saytına veteran futbolçu Tərlan Əhmədov Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı danışarkən deyib.
Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımız uğrunda mübarizəsinə münasibət bildirən Əhmədov insanlarda olan birliyin bunda rolunu xüsusi vurğulayıb: “30 il bir igidin ömrüdür ki, bizim torpaqlar bu müddətdə işğal altında olub. Nə qədər insanlarımız qətlə yetirilib, uşaqlarımız ata-anasız qalıb. Bu gün rəşadətli ordumuzun torpaqları geri qaytarmasına çox sevinirik. Bu, ilk növbədə dövlətin, xalqın birliyinin, dövlətə, Ali Baş Komandana - prezidentə olan inamın nəticəsidir. Qarşılıqlı inamın, sevginin vəhdətidir ki, ordumuz torpaqlarımızı geri alaraq irəliləyir”.
49 yaşlı mütəxəssis əlavə edib ki, onların gənclik illəri müharibə dövrünə təsadüf edib: “Ən parlaq, gənc dövrlərimiz müharibə illərinə düşüb. Müharibənin ən şiddətli vaxtlarında Ağdamda, Tovuzda futbol oynamışıq. Bəzən “qrad” yaylım atəşi altında oyun yarımçıq dayandırılıb. Yəni bu həyatı yaşamışıq. Biz mərd xalq olmuşuq. Artıq səbrimiz də tükənmişdi. Hamıda birlik var, kimisi ön, kimisi arxa cəbhədə bu istəyə uyğun mübarizə aparır və nəticədə torpaqlarımızı işğaldan xilas edirik. Allah ordumuzu qorusun, onlara güc-qüvvət versin. O torpaq həsrətində olan insanlar da, yenidən ora ayaq basmaq sevinci yaşasınlar. İnşallah, bizə də Qarabağa getmək, orada gəzmək nəsib olar”.
O, ötən əsrin 90-cı illərinin əvvəllərində “Turan”da çıxış edərkən Ağdamda keçirdikləri oyunları da yada salıb: “1993-cü ildə Ağdam işğal olunandan sonra “Qarabağ”a keçmişəm. Ancaq “Turan”da olarkən 1992-93-cü illərdə Ağdamda oyunlarımız olurdu. Tovuz da müharibənin şiddətli gedən yerlərindən biri idi. Matçın gedişində atışma başlayırdı, oyun dayandırılırdı, çəkilib bir kənarda gözləyirdik. Atışma bitdikdən sonra da oyuna davam edirdik. İnsanlarda mərdlik ab-havası var idi, heç kim rayondan çıxmaq istəmirdi. Hətta o vaxt “Neftçi”də oynayanda “Turan”dan təklif gələn zaman Vidadi Rzayevlə mənə deyirdilər ki, Tovuza nəyə gedirsiniz, ora atışma nöqtəsidir. Ancaq bizdə zərrə qədər də qorxu yox idi”.
AZAL, “Neftçi” və “Keşlə” klublarında baş məşqçi kimi fəaliyyət göstərmiş Əhmədov hər an döyüşə getməyə hazır olduğunu söyləyib: “Biz idmançılar hər zaman döyüşə hazır olmuşuq. Hətta indi də Ali Baş Komandanın əmrini gözləyirik, cəbhəyə getməyə hazırıq. Çünki cavanlığımızda o həyatı yaşamışıq, içimizdə qorxu ola bilməz”.