Almaniyanın “Bavariya” klubu Çempionlar Liqasındakı qələbə seriyasını uzadıb.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin I turunda “Atletiko”nu 4:0 hesabı ilə darmadağın edən Münhen təmsilçisi ardıcıl 12-ci dəfə qalib gəlib.
Ötən mövsüm turnirin qalibi olan Bundesliqa klubu 11 qələbəni sıralamışdı. Bu, Çempionlar Liqasının mütləq rekordudur.
“Bavariya”nın qapıçısı Manuel Noyer klubun heyətində 200-cü quru matçını keçirib. Əfsanəvi Zepp Mayeri (199) arxada qoyan qolkiper 2-ci sıraya yüksəlib. O, yalnız digər əfsanə Oliver Kandan (247) geri qalır. Amma sonuncu 632, Mayer 631, Noyer cəmi 394 oyun keçirib. Manuel digərlərindən fərqli oyunların yarıdan çoxunda qapısını toxunulmaz saxlayıb.
4:0 hesablı qələbə qazanan “Bavariya” Hansi Flikin rəhbərliyi altında 20-ci dəfə 4 və ya daha çox qola imza atıb. Baxmayaraq ki, 2023-cü ilədək müqaviləsi olan mütəxəssis bir ildən azdır kluba rəhbərlik edir.