QƏHRƏMAN POLKOVNİKİN İBRƏTAMİZ HƏYAT HEKAYƏTİ: Sürgünlə başlayan, vətənə xidmətlə davam edən böyük missiya
10 may 2018 15:00 (UTC +04:00)

QƏHRƏMAN POLKOVNİKİN İBRƏTAMİZ HƏYAT HEKAYƏTİ: Sürgünlə başlayan, vətənə xidmətlə davam edən böyük missiya

Hər insandan polis olmaz. Eləcə də hərbçi və yaxud döyüşçü. Bu gərəkdir ki, sənin alnına yazılsın. Bu şərəfli peşəni bütün ruhunla hiss edəsən.

 

Tək-tük adamların ömrünə bu şərəfli yol yazılır. Təkcə ölməklə qəhrəman olunmur ki! Yaşayaraq, vuruşaraq, kimlərisə ölümdən xilas edərək, yaxud cəmiyyətin “yaralı yerləri”ni təmizləyərək də qəhrəmana çevrilirsən. Şairin dediyi kimi, yaşamaq yanmaqdır, yanasan gərək.

 

Bəzən taleyin səni ağır yollara da dartıb apara bilər, işıqlı günlərə də. Amma həmişə içində inandığın o müqəddəs vəzifə səni pisliklərdən qoruyacaq. Və nə vaxtsa darda olanda göyün üzündə sənə təbəssümlə baxan Allaha sığınacaqsan.

 

Bizim yazının qonağı, təqaüddə olan polis polkovniki Bəkir Mamoyev də həyatın “ağır yollar”ına düşən insanlardandır.

 

Gəlin, onun pasportuna baxaq. Qısaca tanış olaq bu yaşayan qəhrəmanımızla:

 

“BƏKİR HƏMZƏ OĞLU MAMOYEV-1937-ci ildə Gürcüstan Respublikası Aspinza (Əspincə) rayonunun Niyala kəndində anadan olub. Ali təhsillidir. Hal-hazırda Azərbaycan Respublikası Bakı şəhərində yaşayır”.

 

Bu məlumatlar Bəkir Mamoyevin kimliyi haqqında dolğun məlumat vermir. Pasport yalnız idarə yerlərində və sərhəddə lazım olur. Bəkir Mamoyevin həyatı isə bu qısa cümlələrdə deyil.

 

Hələ də enerji dolu gözləri ilə keçmişi xatırladır Bəkir Mamoyev. Keçmişi yalnız gözlərində diri qalıb. Cavan, enerjili və bir az da qüssəli gözlər.

 

90-cı illərin əvvəllərindən Axısqa türklərinin milli hərəkatının ən fəal mərkəzi Azərbaycanda formalaşıb. Respublika rəhbərliyinin, ictimaiyyətin və xalqın axısqalılara doğma münasibəti onlara gözəl şərait yaradıb. 1993-cü ilin 13 oktyabrında Azərbaycanda Axısqa türklərinin “Vətən” cəmiyyəti qeydə alınıb. 2002-2003-cü illərdə cəmiyyətə Bəkir Mamoyev rəhbərlik edib.

 

“Azərbaycan Respublikasında fövqəladə vəziyyət elan edilməsi haqqında” 1993-cü il 2 aprel tarixli 503 nömrəli Fərmanın 4-cü bəndinə uyğun olaraq aşağıdakı şəhər və rayonların hərbi komendantları təsdiq edilsin: Qusar rayonu — Mamoyev Bəkir Həmzə oğlu, DİN İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini;

 

Bu rəsmi sözlər Bəkir Mamoyevin yaşadıqlarını deməz bizə. Amma yəqin ki, bu cümlələrin onun haqqında yazılması üçün nələrdən keçib.

 

“Mən 1937-ci ildə Gürcüstanda tarixi Axıska paşalığında türk ailəsində anadan olmuşam. Böyük Vətən Müharibəsi vaxtı, 1944-cü ildə bizi Qazaxıstana sürgün etdilər. Nələr çəkdik oralarda...”

 

Bəkir Mamoyevin gözlərindən o ağrılı günləri dumanlı da olsa görə bilirik. Gözlərində yaşatdığı o anlar Bəkir müəllimi hələ də diri tutur.

 

Bəlkə də ömür dediyimiz budur. Sən elə bir ömür sürməlisən ki, sonradan o ömrü kimlərəsə danışa biləsən. Yoxsa həyatın pasport ömrü qədər olarsa, danışacaq bir əhvalatın yoxdusa, o zaman bu həyatı yaşamamısan demək.

 

“Qardaş-qardaşdan, ana balasından ayrı düşürdü və onların illərlə görüşməsinə imkan verilmirdi...” – belə bir dəhşətli taleyi çiyinlərində daşıyan cümlə. Bəkir Mamoyevin gözlərində ləngər vuran həyatından bir parça...

 

“1957-ci ilədək belə davam etdi. Qazaxıstanda böyüyüb boya-başa çatdım və 18 yaşım olanda pasport almağa getdim. Həmin vaxt valideynlərimin sənədlərində milliyətləri türk göstərilirdi. Sənədlərimə baxdılar və dedilər ki, sən türk ola bilməzsən, beləliklə mənim pasportumda milliyətimi azərbaycanlı yazdılar və artıq Azərbaycan türkü idim”.

 

İndi yaşamaq hüququ almısan. Qalır o həyatın boş yerlərini doldurmaq.

Uşaqlığın daşlı-kəsəkli...

 

Yeniyetməlik də elə...

 

Gənclikdə yaşamaq hüququ alırsan...

 

Boş yerin ilkinə əsgərlik yazılıb.

 

Belarusdakı 3 illik hərbi xidmət başlayır. Bəkir Mamoyev çavuş idi. Kəşfiyyat bölməsinin komandiri olacaqdı. Gözlərinə daha dəhşətli anlar yazılacaqdı. Gəmi kimi yırğalanacaqdı gözləri...

 

“Hərbi xidmətdə olanda gecələr oxuyurdum, dərslərdə iştirak edirdim komsomol təşkilatına üzv olmuşdum, sonra partiyaya keçdim”.

 

Qazaxıstana qayıtmalı və yaşamaq adlı pasportuna “oxumaq” sözünü yazdırmalıdır. Amma hara getsin?

 

Tibb Universitetinin üstündə dayanır.

 

İmtahanı verəndə Tibb Universitetində rektoru əvəz edən şəxs ona deyir ki, Semipalatinskdə oxumalısan. Bəkir Mamoyev düşünməli olur. Çünki onlar Almatıda yaşayırdı və Semipalatinsk uzaq idi. Ailə də onun əlinə baxırdı. O, həm də yaşamaq pasportunun üstünə “ailə saxlamaq” yazdırmışdı.

 

Düşündü... Çox düşündü...

 

“Atamın tək oğlu idim, istəmirdi onun yanından çox uzağa gedim. Hərbi xidmətdən sonra yanında olmağımı, ailəyə dəstək verməyimi istəyirdi. Mənə dedi, tək gümanım sənsən, bizi qoyub uzağa getmə. Mənim bir insan kimi yetişməyimdə ata-anamın əsas rolu olub. Mənə başa salıblar ki, adamı satmaq olmaz, insanlar arasında nifaq salmaq olmaz. Dürüst, zəhmətkeş və mərd olmaq lazımdır”. – bu da düşüncələrin sonu.

 

Mütləq oxumaq üçün uzaqlara getmək lazım deyil ki? Elə Almatıda qalıb da oxumaq olar. Elə ailəyə baxmaq da. İkisini bir yerdə aparmaq da olar. Ömrü daha da rəngləndirmək olar. Müxtəlif  boyalarla...   

 

 

“Uzaq düşürdü ora. Atam dedi özün bil. Mən də getmirəm dedim. Həmin əvəzedici mənə dedi ki, 600 manat ver, səni Almatıya yazdıraq. Mən məhz bu səbəbdən polis orqanlarına getdim. Hüquqşünas oldum”. – Bəkir Mamoyevin həyatını “ağır yollara” aparan cümlələr...

 

 

Həkimlik fikrindən daşınıb hüquq təhsili almağa və Almatıda oxumağa qərar verir. Həmin ərəfədə Almatıda SSRİ Daxili İşlər Nazirliyinin Ali Polis Məktəbi fəaliyyətə başlayır və Bəkir Mamoyev hüquq fakültəsinə daxil olur. Təhsilini bitirəndən sonra bir müddət siyasi şöbədə çalışan Bəkir Mamoyev daha sonra keçmiş SƏDM (OBXSS) sahəsinə təyinat alır və uzun müddət Almatıda çalışır.

 

“Atam çox halal adam idi. Əvvəllər NKVD-də inspektor işləmişdi. SSRİ yeni qurulanda kənd təsərrüfatına nəzarət şöbəsinə rəhbərlik edib, kolxozların təşkilində fəal iştirak edib. Çox dürüst zəhmli insan idi. Mənə işə təzə başlayanda dedi ki, oğlum əgər evə bir manat haram pul gətirsən sənə çəkdiyim bütün əziyyəti haram edəcəyəm.”

 

 

Bəkir Mamoyevin Azərbaycana gəlməsi də bir təsadüf...

 

Qazaxıstan Daxili İşlər Nazirliyində yüksək vəzifə tutan Abduləli Abdullayevin Azərbaycan Daxili İşlər Nazirliyinə kadrlar şöbəsinə rəis təyin olunması onun Bakıya yolunu açır. Buna qədər isə artıq Bəkir Mamoyev ailəsini Azərbaycana göndərə bilmişdi.

 

81 yaşlı polkovnik həmin illəri belə xatırlayır:

 

“1978-ci il idi. Almatıda OBXSS-də rəis müavini idim. Bir gün gecə saat 11 idi, evə gəldim. Rəhmətlik atamla anamın televizorun qarşısında oturub ağladıqlarını gördüm. Soruşdum nə baş verib. Atam dedi indi Bakını göstərirdilər, konsert gedirdi, gəl çıxıb gedək burdan, Azərbaycana köçək. 79-cu ildə atamı, anamı, ailəmi, 5 uşağımı hamısını Azərbaycana gətirib yerləşdirdim. Xaçmazda o vaxt Pavlovka qəsəbəsi vardı, indi Müşkür adlanır. Ora yerləşdirib işimlə bağlı Qazaxıstana qayıtdım. Böyük çətinliklə də olsa Bakıya təyinat ala bildim və əvvəlcə indiki Nərimanov rayonunun, sonra isə keçmiş Kirov (hazırki Binəqədi) rayonunun polis idarəsinə təyin edildim”.

 

1989-cu ildə Bəkir Mamoyevin növbəti iş yeri isə Azərbaycan Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsi olub. Mərhum nazir Məhəmməd Əsədovun imzaladığı əmrlə Nazirliyə gətirilən Mamoyev bir neçə gün sonra milli zəmində təxribatların törədildiyi Dağlıq Qarabağa təyin edilmiş hərbi komendanta müavin göndərilir.

 

İndi yaşamaq pasportuna “döyüş” yazdırmağa gedirdi...

 

“Mən ora gedəndə general-mayor Vladislav Safonov komendant idi. Ruslar texnikanı, silahları ermənilərə ötürürdü. Orda şərəfli azərbaycanlı polisləri ilə əl-ələ verib xeyli iş gördük. Doğrudur ruslar ermənilərə çox dəstək verirdi. Cənab nazir Ramil Usubovu da orada tanıdım. Necə mərd, vətənpərvər, ruhla xidmət göstərən bir zabit idi. O, Qarabağı beş barmağı kimi tanıyırdı. Cinayət-axtarış şöbəsində işləyirdi və bütün erməni cinayətkarlarını izləyirdi. O, axtarıb həmin terrorçuları tapırdı, gecə ilə yaxalayıb gətirirdilər və həbs edib qazamata salırdıq. Bir yerdə 79 erməni cinayətkarını həbs etdik. General-polkovnik Ramil Usubov kimi vətənpərvər, bütün varlığı ilə xalqına dövlətinə xidmət göstərən nazir, şəxsiyyət və insan çox nadir hallarda ola bilər”.

 

Gözlərindən oxunur bu cümlələr:

 

“3 il Qarabağda oldum. Mənim Allahdan başqa heç kimim yox idi”.

 

Vətən sevgisi yazıldı onun pasportuna. Böyük bir yeri əhatə edirdi bu sevgi. Qarabağın dərdini çiyinlərində daşıyan polkovnik böyük missiyaları həyata keçirirdi. Ömür ona bu cür gözəl bir hədiyyə vermişdi. Nə vaxsta, tarixlərə yazılacaq bir vəzifəyə sahiblənmişdi...

 

“Vəziyyət gərginləşmişdi. Ermənilərin əlini torpaqlarımızdan çəkə bilmirdik, qansızlıqlar edirdilər. Vəziyyət belə olanda biz Dağlıq Qarabağda pasport rejimini ciddiləşdirdik. Əməliyyat planları hazırlayıb pasport qeydiyyatında olmayan adamları saxlayıb şəxsiyyətlərini müəyyənləşdirdik. Ağdam şəhərində olan qeyri-qanuni birləşmələrin tərk-silah edilməsinə görə əməliyyat planlaşdırdıq. Əməliyyatın yerinə yetirilməsi üçün qrup hərəkətə keçdi. Həmin vaxt Xankəndində yaradılmış qrupa Ramil Usubovun rəhbərlik edilməsi tapşırıldı. Ramil Usubovu ona görə Xankəndinə təyin etmişdilər ki, oraları yaxşı tanıyırdı”.

 

Böyük tapşırıqda Bəşir Mamoyev də yer alırdı. O, gözəl torpaqlarımızı erməninin tikanlı əllərindən xilas etmək üçün çalışırdı. Bu yolda ölüm də vardı. Amma Vətən sevgisini içində bərk-bərk qoruyan Bəşir Mamoyev Qarbağdakı əməliyyatlarda fəal iştirak etdi.

 

Onun bu dünyada bir tək istəyi var. O da yaralı Qarabağ haqdadır:

 

“Mənim anamın adı Şuşa olub. Bilirsiniz niyə? Çünki babam 19-cu əsrdə Şuşaya tez-tez gəlib gedərmiş oranın havası, gözəlliyi, təbiəti, mədəniyyəti, şəhər mühiti babamı valeh edib və yeni dünyaya gələn qızına Şuşa adını verib. Hər gecə Şuşa mənim yuxularıma girir və ora gedəcəyim günü gözləyirəm. Bu dünyadan köçmədən Şuşanı ziyarət etmək istəyirəm”.

 

Dağlıq Qarabağdan sonra Bəkir Mamoyevin növbəti və sonuncu iş yeri Qusar olub. 90-cı illərin əvvəlində Azərbaycanın şimalında baş qaldıran separatçılığın qarşısını almaq üçün o, Qusara hərbi komendant təyin edilib:

 

“Artıq pensiya yaşına çatmışdım. Məni çağırıb Qusarda vəziyyətin gərgin olduğunu dedilər və Qusara hərbi komendant təyin edilməyimlə bağlı əmri təqdim etdilər. Dərhal fəaliyyətə başladıq. Bölgədəki hörmətli ziyalıların da dəstəyini qazandıq və oradakı separatçılıq meyllərinin qarşısını aldıq. 1993-cü ilin dekabrında isə təqaüdə çıxdım. Bir neçə ay sonra Cənab Nazir Ramil Usubov məni axtarıb tapdı və Nazirliyə çağırdı. 1994-cü ildə DİO-nun maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi fondunun direktoru təyin olundum”.

 

Bəkir Mamoyevin pasportunda bu dəfə “ailə” sözü yazıldı. Onun iki oğlu var – Rüstəm və Əhməd. Hər ikisi polis zabitləridir.

 

Hələ onun taleyinə çempion nəvə payı da düşəcəkdi. Ona öz qəhrəmanlıqlarından danışacaqdı Bəkir müəllim. Elə nəvəsi Ayxan da qəhrəmandı. Yəqin ki, babasına çəkib. 

 

Həm də polis sistemində xidmət edən Ayxan Mamoyev Bakıda keçirilən ilk Avropa Oyunlarının və İslam Həmrəylik Oyunlarının qızıl mükafatçısıdır.

 

Qarabağı içində daşıyan, daim ora qayıtmağı düşünən polkovnikin nəvəsinin qələbəsi ona bir ümid yeri qoyur.

 

“Yarışda ikinci yerin sahibi olmaq üçüncü yeri tutmaqdan çox ağırdır. Bilirsiniz niyə? Çünki sən qələbənin bir addımlığındasan və qələbə sevincini isə birinci yeri qazanan idmançı yaşayır. Bax, bu ağrı səni uzun illər tərk etmir və heyfslənirsən”... – bu nəvəsi Ayxanın sözləridir.

 

 

Nəvəsi də babası kimi həyatını böyük kitablara sığdırmaq istəyir. İstəyir ki, öz həyatı da babası kimi rəngarəng və maraqlı olsun. Onu dostlarına, əhatəsinə danışsın:

 

“Bu gün karate olimpiya idman növüdür. 2020-ci ildə Olimpiya idman növü kimi təsdiq olunub. İnanıram ki, ölkə Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı ilə əhatə olunan biz idmançılar hər bir yarışdan qalib kimi ayrılıb adımızı təkcə Azərbaycanımızın deyil, həm də dünyanın idman tarixinə qızıl hərflərlə yazacağıq.”

 

 

Yəqin ki, nəvəsi bu inancla iş görürsə, demək hələ çox irəli gedəcək. Babasının gözündəki kədəri sevincə çevirəcək. Bəkir Mamoyev kimi romanlara sığacaq bir ömür yaşayacaq...

 

 

Nizam Rzayev

 

Yazı Daxili İşlər Nazirliyinin Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim edilir

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1546
avatar

Nizam Rza

Oxşar yazılar